Sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputat… - Hüquqi analiz

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputat… - Hüquqi analiz

27-09-2023 00:45 / Bu xəbər 1208 dəfə oxundu

"Report” İnformasiya Agentliyinin yaydığı xəbərə görə, Milli Məclisin deputatı Məşhur Məmmədov "Embafinans” QSC bank olmayan kredit təşkilatındakı (BOKT) səhmlərinin 35%-ni satıb

"Bank olmayan kredit təşkilatları haqqında” Qanuna əsasən BOKT xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır

BOKT kreditlər verə, ödəniş hesabları aça və apara, kredit kartları emissiya edə bilər və s. 

Onların maliyyə mənbələrini nizamnamə kapitalı və əldə edilmiş gəlirlər; cəlb edilmiş kreditlər; fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər; qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər yaradır.

Qanunda deyilir ki, BOKT-lər Mülki Məcəllədə hüquqi şəxslər üçün nəzərdə tutulmuş təşkilati-hüquqi formada, Azərbaycan Respublikasının və (və ya) xarici dövlətlərin fiziki və hüquqi şəxsləri, habelə beynəlxalq təşkilatlar tərəfindən təsis edilə bilərlər. 

Mülki Məcəlləyə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.

Qeyri-kommersiya BOKT-ləri yalnız fond formasında, beynəlxalq təşkilatlar, habelə xarici ölkələrin dövlət büdcəsindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları tərəfindən təsis edilə bilərlər. Qeyri-kommersiya BOKT-ləri kommersiya təşkilatları yarada və ya onlarda iştirak edə bilməzlər.

İnformasiya agentliyinin yaydığı məlumatdan görünür ki, deputatın səhmlərini satdığı "Embafinans” QSC qeyri-kommersiya BOKT deyil.  

Bu isə o deməkdir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 

"Tribunat” M.Məmmədovun hazırda deputat olduğunu nəzərə alaraq, onun sahibkarlıq faəliyyətinin qanuniliyini araşdırıb. 

Azərbaycan Konstitusiyasında deputatlığa namizədlər üçün şərtlər müəyyənləşdirilib. Konstitusiyanın 85-ci maddəsinin 2-ci bəndinə əsasən elmi, pedoqoji və yaradıcılıq faliyyəti istisna olmaqla ödənişli fəaliyyətlə məşğul olan şəxslər Milli Məclisə deputat seçilə bilməzlər. Həmçinin Konstitusiyanın 89-cu maddəsində Milli Məclis deputatlığından məhrumetmə və səlahiyyətlərin itirilməsi ilə bağlı əsaslar yer alır. 

Həmin maddənin 4-cü bəndində "dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda şəxsin deputat mandatından məhrum olunacağı” qeyd olunub. 

Bundan başqa, "Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinin 2-ci hissəsi dövlət orqanlarına, qurumların vəzifəli şəxslərinə və mütəxəssislərinin sahibkarlıq fəalliyyətini qadağan edir. 

Deputatın mandatından məhrum edilməsi proseduru necədir?

Milli Məclisin Daxili Nizamnaməsinin 23-cü maddəsində deputatlıqdan məhrumetmə ilə əlaqədar prosedur müəyyənləşdirilib. 

Həmin maddəyə görə, Konstitusiyanın 89-cu maddəsində göstərilən əsaslar olduqda Milli Məclisin sədri deputat haqqında məsələni İntizam komissiyasına göndərir. 

Komissiya isə 2 həftə ərzində rəy qəbul edərək Milli Məclisin sədrinə təqdim etməlidir. 

Komissiya rəy qəbul edərkən mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın da iştirakı nəzərdə tutulur. Daha sonra Milli Məclis sədri həmin rəyi Mərkəzi Seçki Komissiyasına göndərməlidir.

Seçki Məcəlləsinin 175-ci maddəsinin 3-cü bəndinə görə, deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir. 

Deputat həmin qərar dərc edildiyi gündən 10 gün ərzində apellyasiya məhkəməsinə şikayət edə bilər.  

Apelyasiya məhkəməsi 15 gün ərzində işə baxmalıdır. Onun qərarından Ali Məhkəməyə şikayət proseduru da eyni müddəti əhatə etməlidir.

Bəs deputatların sahibkarlıq faəliyyəti ilə məşğul olmasının Konstitusiya ilə qadağası hansı məqsəd güdür?

Bəzi dövlətlərin konstitusiyalarında deputatların sahibkarlıq fəaliyyətinə qadağa qoyulması onların müstəqilliyinin təmin olunması və şəxsi biznes maraqları ilə vəzifə öhdəlikləri arasında toqquşmanın qarşısını almaq üçündür

Deputatların şəxsi maraqları onların ictimai vəzifələrini yerinə yetirmələrinə təsir etdiyi təqdirdə maraq toqquşması yaranır. 

Parlament üzvlərinin əsas vəzifəsi xalqın mənafeyini qorumaqdır. Deputatın şəxsi maraqlarının olması ictimaiyyətə deyil, özlərinə fayda verən qərarlar qəbul etməsinə səbəb ola bilər. 

Həmçinin bu cür qadağanedici müddəalar, nüfuzlu iş adamlarının məxfi ictimai və ya inzibati məlumatlara çıxışını məhdudlaşdırmaqla bərabər deputat olaraq əldə edəcəkləri immunitet vasitəsilə prokurorluqdan yayınmaq və biznes maraqlarını qorumaq üçün istifadə etmələrinin qarşısını almaq məqsədi daşıyır.