Azərbaycanda e-ticarət: problemlər və onları yaradan səbəblər

Azərbaycanda e-ticarət: problemlər və onları yaradan səbəblər

24-02-2021 21:31 / Bu xəbər 1910 dəfə oxundu

"Pandemiya ilə əlaqədar ötən ildən dünyada elektron ticarət daha da inkişaf etməyə başladı. Bizdə də bu sahəyə ehtiyac yarandı, lakin Azərbaycan digər ölkələrin sürətinə çata bilmədi”.

Marketoloq, brending və dijital marketinq üzrə mütəxəssis Pərviz Əzimov "Toplum TV”yə belə deyib.

BMT-nin Ticarət və İnkişaf Təşkilatının (UNCTAD) fevralın 18-nə olan hesabatına görə, Azərbaycan elektron ticarət üzrə əvvəlki illə müqayisədə 2 pillə geriləyərək 152 ölkə arasında 65-ci olub.

UNCTAD reytinqin hazırlanması zamanı ölkədə internetdən istifadə vəziyyəti, bank xidmətlərinə əlçatanlıq, mobil ödəniş sistemləri, təhlükəsiz serverlər, internet mağazaların sayı, poçtun, çatdırılma xidmətinin vəziyyəti, bağlamaların çatdırılma vaxtı kimi göstəricilər üzrə qiymətləndirmələr aparıb.

"Əsas səbəb ölkədə daşınma xidmətinin zəif olmasıdır"

P. Əzimov deyir ki, Azərbaycan dünya ölkələri ilə müqayisədə geriləsə də, ötən il ölkədə elektron ticarət (e-ticarət) əvvəlki illərə nisbətən daha çox inkişaf edib: "Hesabatda əsas məqam odur ki, Azərbaycan digər ölkələrlə müqayisədə daha zəif inkişaf edib. Amma ölkə daxilində əvvəlki illərlə müqayisə aparsaq, 2020-ci ildə Azərbaycanda elektron ticarət məcburiyyətdən inkişaf etdi. Hətta keçən il Azərbaycanda böyük bizneslərin bir çoxu, xüsusən də pərakəndə satışla məşğul olan bizneslər məhz elektron ticarət hesabına ayaqda qalmağı bacardı”.

Marketoloq e-ticarətin zəif olmasının bir neçə səbəbini də sadalayıb: "Əsas səbəb ölkədə daşınma xidmətinin zəif olmasıdır. Daşınma xidməti üzrə ölkədə ixtisaslaşmış şirkətlər yoxdur. Daxili kuryer və poçt sistemlərinin də vəziyyəti hələ ki ürəkaçan deyil. Bundan başqa, elekton ticarət vasitəsilə xaricdən gətirilən məhsullarının idxalı ilə bağlı gömrük qaydalarına dəyişiklik olunub - qaydalar sərtləşdirilib, limitlər azaldılıb”.

"Daha etibarlı ödəniş təklif edən "bulud” sisteminin Azərbaycanda tətbiq olunmaması, ölkədə güvənli bank sisteminin olmaması da e-ticarətin zəifləməsinə gətirib çıxarır. Nəzərə alsaq ki, bank sistemində üst pillədə Mərkəzi Bank dayanır, deməli, bu məsələdə onun üzərinə böyük yük düşür. Mərkəzi Bank bunun üçün daha yaxşı platforma hazırlayaraq elektron ticarətlə bağlı ödəmələrin edilməsi və ya geri qaytarılması ilə bağlı təkliflər ortaya qoya bilərdi" - Pərviz Əzimov belə deyir.

Onun sözlərinə görə, dünyada elektron ticarət artıq bir mağazanın satış siyasətindən daha çox "marketpleys” məntiqi ilə idarə olunur: ""Marketpleys” odur ki, bir platforma açılır, istəyən burada öz mağazasını yaradır. Xaricdə gördüyümüz "Amazon”, "Trendyol” da bunlardandır. Azərbaycanda belə saytlar yoxdur".