Azərbaycanda evində meyiti taplan şəxs 4 gün sonra 3 şirkət yaradıb

Azərbaycanda evində meyiti taplan şəxs 4 gün sonra 3 şirkət yaradıb

01-11-2023 14:57 / Bu xəbər 1524 dəfə oxundu

Bu ilin may ayının 2-də hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, AB Yaşayış sahəsi (Yeni Günəşli qəs.) ev 149, m. 10-da yerləşən "Araf Corp Company” MMC (VÖEN – 1905612471) adlı şirkət dövlət qeydiyyatına alınıb.

Xəbəri "Yeniavaz.com" yayıb.

Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əfkari Eldar Məhərrəm oğludur.

MMC dövlət qeydiyyatına alındıqdan 2 gün sonra – 4 may tarixində ölkə mətbuatında Nizami rayonu, Keşlə qəsəbəsi, K.Əfkari küçəsi, ev 23-də yaşayan Əfkari Eldar Məhərrəm oğlunun yaşadığı evdə asılı vəziyyətdə meyitinin aşkarlanması barədə məlumat yayılıb.

Əfkari Eldar Məhərrəm oğlunun meyitinin aşkarlanması xəbərindən 4 gün sonra – 8 may tarixində hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Məşədi Hilal Kazımov ev 40, m. 40-da yerləşən daha 3 MMC dövlət qeydiyyatına alınıb.

Qeyd olunan ünvanda qeydiyyata alınan "Perarina Trade” MMC (VÖEN – 1605124811), "Toranera Servis” MMC (VÖEN – 1605124941) və "Pakonme One” MMC-lərin (VÖEN – 1605124791) qanuni təmsilçiləri də Əfkari Eldar Məhərrəm oğlu olub.

Adları qeyd olunan MMC-lərin hüquqi ünvanlarında yaxın zamanlarda yüzlərlə şirkət qeydiyyata alınıb.

Daha əvvəl eyni ünvanda qeydiyyatda olan şirkətlərin müxtəlif tender müsabiqələrində qalib olduqları və daha sonra böyük həcmdə vergi borclarının yarandığı barədə məlumat yayılıb. 

Eyni zamanda bu cür şirkətlərin qanuni təmsilçilərinin qeydiyyata alınan şirkətlər barədə məlumatsız olduqlarını da qeyd olunub.