"Trendyol"da çatdırılma niyə bahalaşdı?

14-05-2024 12:34 / Bu xəbər 640 dəfə oxundu

Türkiyənin onlayn alış-veriş platforması olan "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətinin 2 dəfədən çox bahalaşması ilə bağlı məlumatlar yayılıb.

Qeyd edilir ki, dünənə qədər 79.99 TL (4.23 AZN) hesablanan çatdırılma xidməti bu gündən 199.99 TL (10.63 AZN) hesablanacaq. 

Yəni məhsulun daşıma xərci bu gündən etibarən yeni qiymətlə hesablanacaq. 

Məsələ ilə əlaqədar "Trendyol Azərbaycan" şirkəti də açıqlama verib. 

Şirkət qiymət dəyişikliyinin daha çox böyük həcmdə olan bağlamalar üçün olduğunu qeyd edib: "Ən aşağı ölçüdə olan bağlamaların qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir. Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər".

"Qaynarinfo" bununla bağlı araşdırma aparıb. 

Mütəxəssislər hesab edir ki, bu addım "Trendyol"un bazarda möhkəmliyinin itirilməsinə səbəb ola bilər. 

İlkin rəyə əsasən, hazırkı durumda "Trendyol"un bu addımının səbəblərini tam dəqiq demək çətindir. 

Bir müddət əvvəl Azərbaycan bazarına Çinin "Temu" platforması daxil olub və hazırda ölkəyə çatdırılması pulsuzdur və eyni zamanda bu platformanın populyarlığı hər gün artır. 

Mütəxəssislər "Trendyol"un tam bu anda belə bir addım atmasını anlamaqda çətinlik çəkir. 

Böyük ehtimalla buna onları Azərbaycandakı biznes partnyorları - çatdırılma şirkətləri təşviq edib. 

Bir il əvvəl "Trendyol" Azərbaycana birbaşa çatdırılma etmirdi. 

İnsanlar karqo şirkətlərinin Türkiyə anbarlarından istifadə edərək sifarişlər edirdilər. 

"Trendyol" gəldikdən sonra çox aşağı karqo qiyməti təklif etdi və müştərilər birbaşa sifarişi üstün tutdu. 

İndi mütəxəssislər əvvəlki qaydada sifariş etməyin daha sərfəli olduğunu bildirib.