Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər

Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər

12-03-2024 12:26 / Bu xəbər 627 dəfə oxundu

Əmi, xala uşaqları arasında evlilik qadağan oluna bilər.

APA xəbər verir ki, bunu Prezidentin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov bu gün keçirilən "Qohum nikahları" ilə bağlı ictimai müzakirədə deyib.

O bildirib ki, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur: "Bu, əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Burada faktiki vəziyyət göstərir ki, uzun illərdir aparılan maarifləndirmə işlərinə baxmayaraq, problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir".

Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin digər sektor müdiri Araz Poladov isə deyib ki, qohum evliliklərinin qarşısının alınması maarifləndirmə ilə mümkün deyil: "Dövlətin insan hüquqlarına bu cür fundamental sahədə müdaxilə etməsi üçün meyarlar var. Görünən odur ki, maarifləndirmə yolu ilə qohum evliliklərinin qarşısının alınmasına nail olmaq mümkün deyil. İnkişaf etmiş cəmiyyətlərdə qohum evliliklərinin səviyyəsi çox aşağıdır. Ona görə ki, bu cür cəmiyyətlərdə bu məsələyə dövlət nəzarəti var".