Azərbaycanda uşaqların problemləri

Azərbaycanda uşaqların problemləri

01-06-2023 12:14 / Bu xəbər 1795 dəfə oxundu

Rövşən Ağayev 

"Toplumun sərvəti hökumətin gen-bol xərclədiyi neft paraları yox, uşaqlardır"

Uşaqlar Günü ilə bağlı səhərdən qarşıma çıxan qeydlər arasında onların probleminə toxunan məqamlar çox azdır.

Məsələn, şiddətli maddi yoxsulluğa məruz qalan uşaqların real sayı nə qədərdir, nə qədər uşaq yay tətilini evdən kənarda keçirə bilir, uşaqların hansı hissəsi dərsdənkənar inkişaf (idman, musiqi) fəaliyyətlərinə cəlb oluna bilirlər?

Yeri gəlmişkən, mütəxəssislər hesab edir ki, hökumətlər hər şəhərdə və ya bölgədə 1 univeristet yaratmaq hədəfini hər məhəllədə 1 bağça yaratmaqla əvəzləsə, uşaqların gələcəyinə daha böyük yatırım etmiş olarlar. 

Çox təəssüf ki, Azərbaycanda uşaqların zehni və fiziki inkişafı sahəsində problemləri araşdıran akademik baza yoxdur, halbuki bu, son dərəcə önəmlidir. Ötən 10 illiklərdə müxtəlif ölkələrdə bu sahədə çox samballı araşdırma mərkəzləri, tədqiqatçılar heyəti formalaşıb.

Oxuduğum 1-2 maraqlı araşdırmanın qısa nəticəsini paylaşacağam. Məqsədim uşaq inkişafı ilə bağlı akademik araşdırmaların nə dərəcədə vacib olduğunu göstərməkdir. 

Standford Universitetində "Marşmallou Test"i 4-6 yaşlı uşaqlar üzərində belə bir sınaq keçirir: onlara şirniyyat verilir və qeyd edilir ki, əgər 15 dəqiqə yeməyib gözləsələr, onlara 2-ci şirniyyat da veriləcək.  

Testə cəlb olunanlardan təxminən yarısı ya dərhal, ya da 15 dəqiqə ərzində 2-cini gözələmədən şirniyyatı yeyir. 

Test burda bitmir: sonrakı bir neçə il ərzində həmin uşaqlar izlənilir və səbir göstərən uşaqların dərslərdəki uğurlarının yüksək, fiziki inkişafının (məsələn, piylənmə 1-cilər arasında daha yüksək) daha sağlam olduğu müşahidə edilir. 

Tədqiqatçılar bunu "duyğu və emosiyalara nəzarət" bacarığı kimi müəyyən edirlər.

Oxşar bir testi Yeni Zelandiya universitetlərinin biri aparır: 1972-ci ilin aprel-1973-cü ilin mart ayı arasında doğulan 1037 uşaq 40 il ərzində müşahidəyə götürülür. 

Araşdırmanın qarşısında duran əsas sual bu olur: həyatdakı uğur və uğursuzluqda sosial sinif mənsubiyyətinin, doğuşdan və genetikadan gələn qabiliyyətlərin, ətraf mühitlə bağlı digər faktorların rolu nə qədərdir? 

Nəticə bu olub ki, uşaqların öz duyğu və emosiyalarına nəzarət həlledicidir.

Bu qabiliyyətlər isə həm valideynlərin qabiliyyətindən, həm də keyfiyyətli erkən təhsildən asılıdır.     

Nəzərə alaq ki, toplumun sərvəti hökumətin gen-bol xərclədiyi neft paraları yox, məhz cocuqlarımızdır. 

Ölkənin 10-20 və ya 30-50 il sonra necə olacağını təsəvvür etmək istəyirsinizsə, bugünkü uşaqlarımıza baxmaq yetərlidir.