Azərbaycanla bağlı korrupsiya faktları ABŞ-da... - Tofiq Yaqublu dinləmələrə qatıldı

Azərbaycanla bağlı korrupsiya faktları ABŞ-da... - Tofiq Yaqublu dinləmələrə qatıldı

04-10-2017 02:03 / Bu xəbər 3290 dəfə oxundu

ABŞ Konqresin Helsinki Komitəsində "Oğru rejimlərə qarşı mübarizə" mövzusunda dinləmələrdə iştirak edirəm. Dinləmə Azərbaycanın 2.9 mlrd pulyuyan məsələsilə başladı".

Arqument.Az xəbər verir ki, bunu Müsavat Partiyasının hazırda ABŞ-da olan başqan müavini Tofiq Yaqublu deyib. 

Tofiq Yaqublu Arqument.Az-a bildirib ki, iclasa konqresmen Şeldon Vaythauz sədrlik edib: "Bununla yanaşı, senatorlar - Ben Kardin, Con Şain, Con Buzman və konqresmen Kvin Mur da toplantıda iştirak edirdilər. Şeldon Vaythauz çıxışına başlayarkən, birinci 2.9 milyar dollarlıq Azərbaycan laundromatından (pulyuyan maşın) söz açdı. Sonra da çirkli pullar, Panama sənədləri vədigər məşhur korrupsiya hallarını sadaladı". 

Yaqublu qeyd edib ki, tədbir iştirakçıları daha sonra ümumilikdə korrupsiya faktlarının həm də dünyanın düzəninə, təhlükəsizlik sisteminə maneələr yaratdığını vurğulayıblar: "Orada vurğulandı ki, çirkli yollarla əldə edilən pullar, adətən, terrorizmi və ixtilafları maliyyələşdirməyə yönəlir və yaxud da avtoritar hakimiyyətlərin möhkəmlənməsinə, onların repressiv siyasətinin davam etməsinə xərclənir. Avtoritar hakimiyyətlər də dünya düzəninə, təhlükədir və demokratiyanın inkişafına maneə yaradır. Demokratiya olmayan ölkələr də sonralar sosial partlayışlar baş verən dövlətlərə çevrilir. Bu da sonralar vətəndaş və ya regional müharibələrə aparıb çıxarır. Qeyd olundu ki, ABŞ Avropa Birliyi ilə birgə bu məsələlərin üstünə getməlidir. Epizodik yox, kampaniya şəklində yox, sistemli mübarizə aparılmalıdır. Ciddi qanunvericilik bazası hazırlanmalı, birgə əməkdaşlıq sahəsində banklar vasitəsilə onların yolu kəsilməlidir. Bu işlərin arxasında dayananlar cəzalandırılmalıdır". 

"Görünən odur ki, Amerikanın qanunverici hakimiyyəti də, icra hakimiyyəti də bu məsələyə ciddi yanaşırlar. Proses göstərir ki, çirkli pullara qarşı mübarizə getdikcə güclənəcək. Yeri gəlmişkən, bir həftə sonra daha bir ciddi tədbir olacaq. İndidən detalları demək istəmirəm, amma orada da Azərbaycanla bağlı korrupsiya faktları müzakirə olunacaq", - Müsavat başqanının müavini bildirib.

Arqument.Az 
Məsud