"Xalqa qarşı ədalətsizliklə mübarizə əzmim sonsuzdur"

07-06-2015 15:00 / Bu xəbər 1612 dəfə oxundu

Arif Məmmədov azərbaycanlı diplomatlara çağırış etdi: "Çox gözləmək lazım gəlməyəcək”

"Belə repressiya heç inkvizisiya illərində də olmayıb"

Son günlərin ən populyar Azərbaycan diplomatına çevrilmiş, özünün bir neçə fərqli facebook qeydi ilə hakimiyyətin hədəfinə gələn və ictimai diqqətin mərkəzinə düşən Arif Məmmədov iyunun 7-i səhər saatlarında növbəti sensasion açıqlama ilə çıxış edib. Bu dəfə o, Azərbaycan XİN-də bir neçə nəfərin ona görə işdən çıxarılmasına münasibət bildirib. Onun facebook səhifəsində paylaşdığı açıqlamanı təqdim edirik (açıqlama rusca yazılıb):
 
"Əziz dostlar, bacı və qardaşlar, uca Azərbaycan xalqı!

Ölkənin ən yaxşı diplomatlarının "ovuna” başlanmasından olduqca təəcüblənmişəm və hiddətlənmişəm. Repressiyalar əmri ölkənin repressiv fabrikindən gəlib. Bu hakimiyyətə Eynulla Fətullayev və onun kimilər lazımdır.

Bakıdakı yanğında ölənlərin ailələrinə yazdığım başsaqlığı sözlərimi "layk” etdiyinə görə ölkənin ən yaxşı diplomatlarını işdən azad etmək heç bir anlayışa sığmır.

Diplomatları alçaldıcı bəyanatlar yazmağa məcbur edirlər. Bəziləri bunu SSRİ-də 30-cu illərin sonlarındakı repressiyalarla müqayisə edirlər. Deyərdim ki, indi edilənlərə hakimiyyətin marazmından başqa ad vermək olmaz. Beləsi nə 30-cu, nə 40-cı, nə də inkvizisiya illərində olub.

XİN sistemində 20 ildən artıq işləmişəm. Bu nazirlikdə uzun illərdi dünyada ölkənin maraqlarını müdafiə edən xeyli vicdanlı və təmiz insan var.  

Dünən məzuniyyətdən sonra Belçikaya qayıtmışam və Belçika XİN-in, Avropa institutlarının artıq bu biabrıçılıqdan xəbərdar olduğunu bilib, şoka düşmüşəm. Mənə rəsmən müraciət edərək, özümə və ailəmə mühafizə ayırmaq təklif edilib. İmtina etmişəm, lakin Belçika XİN-i təkid edir.

Bəzi KİV-lər Norveçdə siyasi sığınacaq axtardığım barədə məlumat yayıb. Bunu görməyəcəksiniz. Böyük xalqıma qarşı cəhalətpərəstlik və ədalətsizliklə mübarizə əzmim sonsuzdur.

Azərbaycan XİN-in zərər çəkmiş diplomatlarına müraciət edirəm! Şərəfimə and olsun ki, Azərbaycan xalqı ədaləti bərpa edəcək və siz bu dövlətdə yüksək mövqelər tutacaqsınız. Bunu çox gözləmək lazım gəlməyəcək”.///azadliq.info