AzTV mənə necə "atdı?"
09-08-2023 14:03 / Bu xəbər 1403 dəfə oxundu
Yazıçı Cəlil Cavanşir
Bu ilin əvvəlində iki televiziyadan əməkdaşlıq təklifi gəldi, biri özəl televiziyadır, heç görüşə də getmədim. Dövlət televiziyasından (AzTV) gələn təklif daha sanballı, daha ciddi olduğu üçün qəbul etdim.
Layihə rəhbəri dünya səviyyəli rejissor, vasitəçilik edən də yaxınım, əzizim olan başqa bir dünya səviyyəli rejissor. Həvəslə işə girişdim. Çox ciddi bir serial üçün ssenari yazırdım. Yanvar-fevral-mart ayında az qala hər gün serialın anonsu getdi, tizeri yayımlandı. Hətta ilk seriya da çəkildi, mən də 12 seriyadan 4-nü tam, 2-sinin də qaralama variantını yazdım. Yuxusuz gecələr, zamanla yarışmaq, keyfiyyət üçün saatlarla müzakirə...
Qəfil AzTV rəhbərliyi serialın çəkilişini dayandırdı. Birinci seriya isə efirə getmədi. Mənə vəd olunmuşdu ki, birinci seriya efirə gedən kimi səninlə müqavilə bağlanacaq. Bank hesabına qədər açdırmışdılar.
Uzun dirənişdən, yalvar-yaxardan sonra mənə yarım seriyanın qonararını, daha doğrusu yol xərcumi, siqaret və kofe pulumun yarısını verdilər.
Serial çəkilişləri dayandı, AzTV-də mənim qonorarımı "atdı". Bəli, vermədi, kəsdi, gecikdirdi, dandı yox, məhz "atdı".
Niyə?
- Çünki birinci qurban həmişə yaradıcı asamlardan seçilir. Ehtiyaclı, həssas təbəqəni əzmək asandır.
- Çünki AzTV-nib rəhbəri səriştəsiz, bacarıqsız adamdır.
- Çünki televiziyanın rəhbəri üçün bir yaradıcı insanın əziyyərinin heç bir dəyəri yoxdur.
Və əmin oldum ki, bu insanlar yaradıcı mühit, fərqli iş, baxımlı layihə istəmir. Yanaşma isə gülməli dərəcədə diletant idi. Baxmayaraq ki, sanballı iş görmək isrəyirdilər.
Rəsmi müqavilə bağlamadığım üçün, məhkəməyə müraciət etmədim, üstəlik xətirli dostlarımı da pis vəziyyərətdə qoymamağa çalışdım.
Ancaq baxıram ki, bu cür yanaşmaya biz yaradıcı insanlar özümüz şərait yaradırıq.
Aylarla çəkdiyim əziyyətin bəhrəsini görə bilmədim. Dövlətin milyonlarla manat büdcə ayırdığı televiziya məni möhtac vəziyyətə saldı, düzənimi pozdu, borclarımı azaltmaq niyyəti ilə serala ssenari yazmağa razılaşdım, bu aldanış sayəsində daha da borca düşdüm.
AzTV-nin qarşısında özümü yandırmağa qədər düşündüm. Çünki, borc aldığım adamlara da vəd vermişdim. Düzdür, heç kəs borc görə məni sıxmadı, amma mən darmadağın oldum...Hələ də toparlanmağa çalışıram...
Məni sadəcə qonarar məsələsi sarsıtmadı, aldadılmağım, inamımı itirməyim, əsəblərimin pozulmağı sarsıtdı.
Xülasə, aylardır susdum, danışmadım, yazmadım - vicdanlı qərar verəcəklərini gözlədim. Ancaq olmadı. Ümumiyyətlə AzTV tərəfindən bu məsələ unudulub. Yüzlərlə adamı aldadıblar, Cəlili aldatsalar dünya dağılmaz ki?
Bunu yazmaqda əsas məqsədim nədir? Onsuz da o pul batıb, çoxdan üstündən "su içilib". Bundan sonra nəyəsə nail olacağıma inanmıram.
Sadəcə bu təcrübəni gənc həmkarlarla bölüşmək istəyirəm, vəssalam...
Əgər televiziya, serial, kino sahəsində işləyirsinizsə xarakterli, bütöv, ədalətli, sizi sayan və dəyərləndirən, büdrəyəndə sizə dayaq olan mərd adamlarla işləyin. Çünki yaradıcı adamların çətin anda güvənəcəyi dayağı olmalıdır. Belə adamlar üçün yeri gələndə pulsuz da, qəpik-quruşa da işləmək olar. Çünki ədalətli adamlar sizi ucaldar, qazancınızın bərəkəti olar.
Yaradıcı dostlar, - ssenaristlər, kopirayterlər, yazarlar və s. - birincisi, əgər kiminsə sizi aldatmasını istəmirsinizsə, müqaviləsiz heç bir işə başlamayın. Bu harınlamış cıqqılı oliqarxların, yaradıcı insanı xor görənlərin, zəhmətinizi düzgün dəyərləndirməyənlərin sizi aldatmaqlarına şərait yararmayın. Başqalarına da aldanmağa imkan verməyin.
İkincisi, sizi ucuz qiymətə istismar etməyə çalışanlara qəti və birmənalı rədd cavabı verin. Nadanları başa salmaq lazımdır ki, zehni əmək ucuzvari iş deyil, ciddi və bahalı işdir.
P.S. Bilirəm ki, bu yazdıqlarıma görə zəng edənlər, trolluq edib AzTV-ni müdafiə edənlər olacaq. Bəlkə, qınayanlar da tapıldı. Bu yazdıqlarıma görə sadəcə bir nəfərin incimək haqqı var, o da yəqin ki, məni başa düşəcək.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir.