Bakının dağılan “Bakı”sı - REPORTAJ
14-09-2017 19:26 / Bu xəbər 7257 dəfə oxundu
Düşdüyü ağır durumdan xəbərdar idim. Ancaq necə deyərlər, yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Ona görə üz tutdum "Bakı” Futbol Klubunun təlim-məşq bazasına. Burada məni klubun vitse-prezidenti Yaşar Seyidov qarşıladı. Bazanı birlikdə gəzdik və Yaşar müəllim meydançaların, ümumi bazanın acınacaqlı durumu barədə ətraflı məlumat verdi. Təbii ki, buradakı mənzərə ürəkağrıdıcıdı. Amma bir zamanlar, ən yaxın tariximizdə bu bazanın sahibi olan "Bakı” klubu 2 dəfə Azərbaycan çempionu, 3 dəfə də ölkə kubokunu qazanıb. İndi isə bu klub peşəkarların deyil, həvəskarlar liqasında "mübarizə aparır”. Mübarizə sözünü özüm bilərəkdən dırnaqda yazdım. Çünki sözün əsl mənasında, komandanın oyunçuları bir futbolçu kimi ayaqda qalmaq üçün mübarizə aparır, pulsuz-parasız çalışırlar. Klub onlara verəcək pul tapmır və heç bir qurum, iş adamı komandaya dəstək olmur. Nə vaxta qədər?.. Vaxtında çempionatda "at oynadan”, ən varlı klublarımızdan sayılan "Bakı” indi çox acınacaqlı vəziyyətə düşüb. Klub 2014-2015 mövsümündə məlum səbəblərdən əvvəlcə 1-ci diviziona, sonrakı il isə həvəskarlar liqasına düşüb. Təəssüf ki, komanda maddi sıxıntılardan canını qurtara bilmir. "Bakı” klubunun Futbol Akademiyası isə Azərbaycanın ən yaxşı iki akademiyasından biri sayılırdı. 2008-ci ildə klubun prezidenti Hafiz Məmmədovun maliyyə dəstəyi ilə "2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair dövlət proqramı" çərçivəsində yaradılan akademiyada hər il Bakı və rayonlardan seçilmiş 300-dən çox uşaq futbolla məşğul olurdu. 2011-ci il sentyabrın 8-də Prezidenti İlham Əliyevin açılışını etdiyi "Bakı" FK-nın təlim-maşq bazası isə respublikada ən yaxşılardan idi. Lakin klubun 1-ci divizona düşməsindən və iş adamı Hafiz Məmmədovun demək olar ki, müflisləşməsindən sonra akademiya fəaliyyətini tam olaraq dayandırmaq məcburiyyətində qaldı. "Bu akademiya çox böyük strukturdur. Bunu saxlamaq üçün də maliyyəyə, sponsora ehtiyac var. Yoxsa, uşaq futbolunun inkişaf etdirmək qeyri-mümkündür. Futbolçuların məşqə gəlib-getməsi, qidalanması, təbii meydanda məşq etməsi üçün vəsait lazımdır. Ona görə də bu gün həmin uşaqlar burada məşq edə bilmir. Azərbaycanda müraciət etmədiyim elə bir təşkilat qalmayıb. Bəzən şirkət rəhbərləri, müəyyən iş adamları futbol haqda elə gözəl danışırlar ki. Sonra görürsən ki, belə duyğulu danışan, futboldan dəm vuran bu insan köməklik göstərməkdən boyun qaçırır. Mən belə adamların vətənpərvərliyinə də, Azərbaycanı sevməsinə də inanmıram”. 9 yaşdan 19 yaşa qədər, əsas və əvəzedici komandalar burada məşq edir, futbolun sirlərini öyrənirdilər. Bazanın tərkibində ümumilikdə 7 meydança var. Bunlardan 5-i təbii (hamısı FİFA standartlarına cavab verən), 2-si isə süni örtüklüdür (1 FİFA standartına cavab verən). Çox təəssüf ki, hazırda bu 7 meydançadan yalnız 3-ü işlək vəziyyətdədir. Digərləri isə baxımsızlıq ucbatından yararsız hala düşüb. Yüksək məbləğlər hesabına başa gələn bazanın bu vəziyyətdə qalması isə heç kim narahat etmir... Yaşar Seyidov əlavə etdi ki, hazırda əsas komandanın oynadığı 3000 azarkeş tutumlu stadionu çətinliklə də olsa, işlək vəziyyətdə saxlaya bilirlər: "Sadəcə, bir meydançanın təkcə sulanması üçün ayda 4800 manata yaxın pul lazımdır. İşlək olmayan, yararsız hala düşən 4 meydançanın yenidən fəaliyyəti üçün aylıq su xərci 19 min manatdır. İşıqlandırma ilə meydançaların saxlanılmasına təxminən 25 min manat pul lazımdır. Sponsor olmasa, bu meydançalar bərpa edilə bilməz. Ya da futbol haqqında qanun qəbul olunmalıdır, dövlət klublara dəstək verməlidir”. Akademiyada uşaqların futbolu öyrənməsi üçün hər bir şərait yaradılmışdı. Otel, otelin tərkibində trenajor zalı, üzgüçülük, sauna, rahat məşq edib, daha sonra yaşamaları üçün təmirli otaqlar... Bir sözlə, həmin dövr üçün bu bazada məşq etmək hər bir uşağın arzusu idi. Akademiyanın fəaliyyət göstərdiyi son ildə (2014-2015) AFFA-nın bayrağı altında müxtəlif yaş qruplarında 7 komanda çempion olub. Məlum səbəblərdən, artıq bu komandalar da çıxışlarını davam etdirmirlər. "Bakı”nın Azərbaycan futboluna bəxş etdiyi futbolçular hazırda müxtəlif milli komandalarda oynayır, yerli və xarici klublarda uğurla çıxış edirlər. Y. Seyidov Azərbaycan milli komandalarının heyətində "Bakı”nın yetişdirdiyi 46 futbolçunun çıxış etdiyini, 100-ə qədər futbolçunun isə müxtəlif klublarda – Premyer Liqa və əvəzedicilərdə top qovduğunu deyir: "Bizim yetirmələrimizdən Namiq Ələsgərov, Rəhman Hacıyev "Neftçi”də, Mahir Mədətov "Qarabağ”da, Nurlan Novruzov "Səbail”də, Azad Kərimov "Kəpəz”də, Vadim Abdullayev "Zirə”də, Valeh Seyidov Portuqaliyda çıxış edir və s. Yəni xeyli futbolçumuz hərəsi bir klubda oynayır. Bu, böyük bir futbolçu nəslidir. Çox təəssüf ki, bu gün "Bakı” klubu bu nəsli itirib”. Qayıdaq yenə ən əvvələ... Hələ akademiyanın girişinə yenicə çatmışdım ki, iki balaca uşağın, "Qaqaş, futbolçusan?” sualı ilə qarşılaşdım. Bellərində çanta, əllərində top bazanın açıq olmayan qapısının yanındakı dəmir torun aralanmış hissəsindən içəri girdilər. Və bu an torun o biri üzündə meydançada azsaylı uşaqların məşq etdiyini gördüm. Süni ot örtüklü bu meydança normal vəziyyətdə idi. Təbii, bir az ümidləndim və düşündüm ki, bəlkə akademiya yenidən fəaliyyətə başlamaq istəyir. Ancaq o uşaqların özləri üçün məşq etdiklərini, akademiya ilə əlaqəli olmadıqlarını öyrəndim. Onların futbolu necə sevməsi, ürəklə məşq etməsi gözümdən qaçmadı. Bəlkə onlar da gələcəkdə Mahir Mədətovlardan biri ola, Çempionlar liqasında tarix yazan klubumuzun, klublarımızın vacib məqamında köməyinə çata, qol vura bilər.
Bu yerdə, Yaşar müəllim davam etdi ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşmaq üçün Bakıya gələn Portuqaliya yığma komandası iki gün "Bakı”ının bazasında məşq edib: "Portuqaliya yığması Azərbaycanla oyunu Tofiq Bəhramov adına Respubilka stadionunda keçirəcəkdi. Millinin məşqindən sonra Kriştiano Ronaldo şəraitdən razılığını bildirib dedi ki, "bəlkə, Azərbaycan Portuqaliya matçını elə burada keçirək?” İndi bunlardan xəbəri olmayanlara "Ronaldo burada məşq edib” desək, görəsən neçə nəfər inanar?))) Bazanın indiki vəziyyəti ilə Ronaldonun buranı bəyənməsi tərsmütənasibdir. Buna görə inandırıcı gəlməz kiməsə. Hətta Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Qomez yığmaya yaradılan hər cür şəraitə görə "Bakı”klubuna mükafat da vermişdi. Əsas stadiondan ayrılaraq, digər 4 təbii örtüklü meydanaçaya baxmağa getdim. Bakıda sadəcə, 3 stadionda mövcud olan istilik sistemi burada da quraşdırılıb. Amma burada da qarşılaşdığımız mənzərə çox ürəkağrıdıcı idi. Ot örtüyü yerinə müxtəlif bitkilərin uzanaraq kef çəkdiyi meydançada, əyilmiş qapı dirəkləri sanki vəziyyətə dözə bilməyib, başlarını aşağı salmışdı. Onlarmı günahkardı? Utanmalı, başını aşağı salmalı o qədər insan var ki. Buna səbəb olanlar, məsələn.
Bu biabırçı görünən meydançalar isə 2012-ci ildə 17 yaşlı qızlar arasında keçirilən Dünya çempionatına da xidmət edib. Yaşar Seyidov həmin dövrü belə xatırlayır:
Heç də xoş olmayan təəssüratlarla buradan da ayrılıb, akademiyanın otelinə baş çəkdik. Yaxşı vəziyyətdə görünən otel binasının bəzi yerlərində təmirə ehtiyac var. Əvvəllər 100-ə qədər uşağın qalaraq dərs aldığı bu akademiyada indi başqa klublarda oynayan, regionlardan gəlib, qalmağa yerləri olmayan "Bakı”nın yetirmələrinə yaşamaqları üçün şərait yaradılıb.
Otelin dəhlizlərində komandanın qazandığı uğurların əks olunduğu fotolar divarlardan asılıb. Gözümə bir neçə nəfər işçi dəydi. Yaşar müəllim bildirdi ki, əvvəllər təkcə akademiyanın yeməkxanasında 17 işçi çalışıb. Ümumilikdə isə, bazada 200 nəfər işləyib: "İndi cəmisi 5-6 işçimiz var. Onlar aylıq cəmi 150-200 manat maaş alırlar. Əgər buna maaş demək olarsa...” Y. Seyidov onu da əlavə etdi ki, "Bakı”nın akademiyasında 30 nəfərə yaxın türk və yerli məşqçi fəaliyyət göstərib, Azərbaycan futbolu üçün böyük işlər görüblər: "2008-ci ildə akademiyanı qurarkən Türkiyədən Tunc Afşarın başçılığı altında böyük bir məktəb keçmiş məşqçilər heyətini Bakıya dəvət etdik. Adnan Yazıçıoğlu, İbrahim Uzunca, Murad Yoldaş, Yüksel Kepoğlu və başqa məşqçilərin Azərbaycan futbolu, "Bakı” klubu üçün etdiklərini daim minnətdarlıq hissi ilə qeyd edirik. Bizim idman direktorumuz Məqsəd Yaqubəliyevi, məşqçilərimiz Qəhraman Əliyevi, Fərrux İsmayılovu da mütləq qeyd etməliyik. Tunc Afşarın başçılığı altında yerli məşqçilərlə bütün rayonları gəzdilər. Rayonlardan ən perspektivli futbolçuları seleksiya nəticəsində seçərək, akademiyaya cəlb etdilər. "Bakı” bölgələrdən gələn bu uşaqların həqiqətən paytaxtına çevrildi. Bu gün o adamlar utansınlar ki, Avropada oynaya biləcək futbolçulara dəstək vermirlər”. Bəli, bu gördüklərimiz, eşitdiklərimizdən sonra Azərbaycanda niyə uşaq futbolu inkişaf etmir sualına müəyyən mənada cavab tapdıq. Bu gün milli komandalarımızın heyətində, klublarımızda legionerler çıxış edirsə, üstünlük təşkil edirsə, bunun da səbəbi məlumdu. Sadəcə, bu legionerlərə verilən pullarla "Bakı” Futbol Akademiyasının timsalında, futbolsuz qalan bütün bölgələrimizdə şəriat yaratmaq, futbolumuzun inkişafı üçün addım atmaq olar. Amma addım atmaq istəyirlərmi? Belə bir fikirləri varmı? Bir zamanlar uşaqların, məşçqilərin səs-küyündən qulaq tutulan bu akademiyada, hazırda çökən sükut bəlkə, bəzilərinin eşitməyən qulaqlarının pasını aça bilər. Elə bu ümidlə də Bakımızın dağılmaqda olan "Bakı”sını tərk etdim... Məftun RƏSULZADƏ Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə "İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb. qol.az |