Balzakın və bizim şaberlərimiz

Balzakın və bizim şaberlərimiz

18-12-2022 01:14 / Bu xəbər 1837 dəfə oxundu

Ənnağı Hacıbəyli

"Vəkillərin gördükləri cinayətlər qarşısında məhkəmə və ədalət acizdir”

Balzakın "Polkovnik Şaber” əsərinin qısa məzmunu: əsərin baş personajı Napoleonun Eyla döyüşünün qəhrəmanıdır. Şaber bu döyüşdə başından ağır yaralanır və onu ölmüş bilib başqa ölülərlə birlikdə dəfn edirlər. 

Sonradan ayılan "ölü” birtəhər məzardan çıxır, uzun zamandan sonra Fransaya qayıdır və arvadının başqasına ərə getdiyini öyrənir. Bəlli olur ki, "mərhum”un var-dövlətinin çoxu arvadına verilib, qalan əmlak isə hərracda satılaraq vəsiyyətnaməsinə uyğun xərclənib. 

Şaber arvadına məktub yazaraq sağ olduğunu, görüşmək istədiyini bildirir və rədd cavabı alır. Müraciət etdiyi bütün rəsmi şəxslər, ümumiyyətlə, hamı onu dəli və ya dələduz sayaraq ələ salır. Hər şeyini itirmiş, səfil həyatı yaşayan Şaber vəkilə müraciət edərək ədalətin bərpa olunmasını istəyir. 

Vəkilə dərdini danışan Şaber deyir: "Mən əvvəlcə ölülər altında dəfn edilmişdim, indi isə canlılar içində, rəsmi sənədlər, dəlillər, məni torpağa qaytarmaq istəyən bütün bu cəmiyyətin altında diri-diri dəfn edilmişəm”. 

Vəkilin "Lütfən davam edin” sözləri müştərini kövrəldir: "O zamandan bəri bu, mənim eşitdiyim ilk nəzakətli sözdür”, - deyən polkovnik ağlayır. Onu ağladan əslində vəkilin nəzakəti deyil, arvadının, "ədalət mühakiməsi”nin, bütün ictimai quruluşun rədd etdiyi müharibə qəhrəmanına münasibətdir. 

Vəkil müəyyən edir ki, o, hamının hesab elədiyi, özünü Şaber kimi qələmə verən dələduz deyil, əsl Şaberdir. Vəkil onun arvadı ilə görüşür və qadını məsələni sülh yolu ilə həll etməyə razı salır. 

Barışıq sazişinin şərtləri ilə razı olmayan qadın vəkildən gizlin Şaberi malikanəsinə aparır və guya peşman olduğunu bildirir, əfv edilməsini xahiş edir. Qadının qurduğu oyuna inanan Şaber kiçik məbləğdə renta müqabilində hər şeydən imtina etməyə razılaşır. 

Qadının dələduz vəkilinin hazırladığı təhqiramiz müqaviləni oxuyan Şaber hər şeyi anlayır və müqaviləni imzalamadan qadının yanına gəlir. Bu zaman arvadının vəkilə dediyi: "İndi o, bizim əlimizdədir, onu dəlixanaya göndərərik”, - sözlərini eşidir. 

Dəhşətli xəyanəti bağışlamasa da, qadına bildirir ki, hər şeydən, o sıradan soyadından imtina edir. Ayaqlarına düşən, vaxtilə yüngül əxlaqlı qadınlar klubundan çıxarıb həyat yoldaşı elədiyi, hələ də sevdiyi qadına nifrət etdiyini deyərək onu tərk edir. Qadın onu öncə dəlixanaya saldırır, sonra isə məhkəmə qərarı ilə ömürlük əlillər evində yaşamağa məhkum etdirir.

Sadəlövhlüyün, səmimiyyətin, insana inam və sevginin də cəzası olur. Günahsız cəza isə cəzaların ən ağırı və qəddarıdır. Görünür, dönüklük yeganə günahdır ki, bəraət haqqı yoxdur. Nə ədalət, nə də Tanrı dərgahında... 

Kitabı oxuyanda Tərtər hadisələri ilə bəzi paralellər gördüm. "Səni müharibəyə mən göndərməmişdim” deyən icra başçısı, onlarla əsgər və zabitə ağlasığmaz işgəncələr vermiş hərbçilər, prokurorlar, müstəntiqlər, namuslu hərbçiləri "vətən xaini” kimi məhkum edib sonra bəraət verən hakimlər, qazilərin haqqına girən dəftərxana siçovulları...
Ancaq paralellər çox deyil. Fərqlər isə daha çox və daha dəhşətlidir. 

On doqquzuncu əsrin Fransasında müharibə qəhrəmanlarına belə münasibət nadir hadisədir. Şaberin başına gələnləri Tərtər hadisələrinin qurbanlarının faciəsi ilə eyniləşdirmək də mümkünsüz. 

Balzakın Şaberi daha çox ailə faciəsinin qurbanıdırsa, bizim şaberlər məhz dövlətin, idarəçiliyin, insan haqlarına misli görünməmiş qəddar münasibətin qurbanlarıdır. Heç bir cinayət törətməmiş insanlara verilən tükürpədici, hətta faşist ölüm düşərgələrində də tətbiq edilməmiş işgəncələr bu insanların insanlıq barədə düşüncələrini alt-üst edib, onlarda dövlət, qanun, haqq-ədalət, mühakimə kimi anlayışlara haqlı nifrət yaradıb. 

Balzakın dəlixanaya salınmış qəhrəmanı elə belə də deyir: "Mən bir xəstəliyə tutulmuşam – bəşəriyyətə nifrət edirəm”.

Heç bir müqayisəyə gəlməyən səhnələr də var. Şaber Parisə qayıdanda evinin uçurulduğunu, alverçilərin onun evinin yerində bir neçə ev tikdiyini görür. Bunu hər şeydən məhrum edilmiş, hətta kənd qəbristanlığında da dəfn edilməyə icazə verilməyən, bütün nəsli olmazın təhqirlərə məruz qalmış işgəncə qurbanının faciəsi ilə müqayisə edə bilirsinizmi? Edə bilməzsiniz, çünki Şaberin evini qanuni vərəsəsi satmışdı, namuslu əsgərləri isə işgəncə maşınının ağzına öz dövləti vermişdi...

Bu məqamda dövlət-hakimiyyət bəhanəsi o qədər yersiz görünür ki. Vətəni qoruyan əsgərə xəyanət edən də, ona insanlığa yaraşmayan işgəncələr verən də, ona bəraət verən də həmin dövlət - hakimiyyətdir. Onlara işgəncə verdirən də, məhkum edən də, bəraət verən də həmin dövlət-hakimiyyətdir. Nə qədər ki, o generallar hələ də generaldır, nə qədər ki, o hakimlər hakimdir, dövlətlə hakimiyyətin heç bir fərqi olmayacaq. 

Dövlət ləyaqətli adamların, vətəndaşına xidməti şərəf sayan, insan haqlarına, qanunun üstünlüyünə tapınan adamların hakimiyyətidir. Başqa cür dövlətin hakimiyyəti ilə dövlətinin fərqi olmur. Bu bərabərliyi poza bilməyən xalqın dövləti də ola bilməz. Olmur, olmur.    

Nə qədər ki, Tərtər cinayətlərinin günahkarları layiq olduqları cəzanı almayıblar, o günahsız qurbanların bəşəriyyətə nifrət etmək haqqı dartışma predmeti ola biməz. Hətta bundan sonra da.

Epiqrafdakı sözləri yəqin ki, tam dərinliyinə qədər heç kim vəkillər qədər duymayacaq. Çünki Tərtər faciəsinin qurbanlarını müdafiə edən, onlarla birlikdə qaralanan, ölkədə mövcud olan "ədalət mühakiməsi”nin iç üzünü hər gün görən vicdanlı vəkillərdir. 

Balzakdan bəri dünya dəyişsə də, biz dəyişməmişik: "Cəmiyyətimizdə mövcud quruluşa hörmət bəsləyə bilməyən üç peşə var - əsgər, həkim və hüquqçu. Onlar arasında ən bədbəxti vəkildir”. On doqquzuncu əsrdən bəri ona nail olmuşuq ki, belə peşələrin sayını xeyli artırmışıq.

Şaberin vəkili Fransada və qonşu ölkələrdə olan sübutları on doqquzuncu əsrdə çox asanlıqla, bir neçə sorğu ilə qısa zaman kəsiyində toplayır. Bizim vəkillər isə iyirmi birinci əsrdə sorğularına cavab ala bilmirlər. Fransanın ən nüfuzlu ailəsinə, kral sarayına yaxın adamlara qarşı iddia qaldıran vəkil heç bir təzyiqlə üzləşmir, bizim vəkillər isə belədə peşələrindən məhrum edilirlər...

Azərbaycan bəlkə də yeganə ölkədir ki, vəkillər məhkəmələrdən kiməsə bəraət alanda buna fövqəladə hadisə kimi sevinirlər. Haqq-ədaləti ləyaqətlə bərpa edən də, onu alan da... 

Bir dəfə yazmışdım: bəraət – haqqı pozulmuşların gecikən ədalətidir. Gecikən ədalət isə ədalət deyil. Çünki o nə qədər gecikirsə, ədalət o qədər ədalətsizləşir. Belədə gecikən ədalət - bəraət pozulmuş haqqın bədəli sayılmaz. Ədalət vaxtında, tam, qeyd-şərtsiz, minnətsiz verilən haqqa deyilir. 

Bir də təmiz əllərdən alınan ədalətə.