Baş Prokurorluq bələdiyyə sədrinin saxlanıldığını deyir

Baş Prokurorluq bələdiyyə sədrinin saxlanıldığını deyir

01-08-2022 16:43 / Bu xəbər 301 dəfə oxundu

"Qabaqcadan əlbir olaraq rüşvət müqabilində torpaq satıblar”

İyulun 30-da Abşeron rayon Saray Bələdiyyəsinin sədri Məhi Həsənov saxlanılıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, həmin gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz ərazi şöbəsinin müdiri Aydın Cəfərov, Qəbələ ərazi şöbəsinin müdiri Baği Məsimov və Sumqayıt şəhər Bələdiyyəsinin şöbə müdiri Şıxəli Abbasov da saxlanılıb.

Məlumatda qeyd olunur ki, istintaq onların qabaqcadan əlbir olaraq bələdiyyə torpaqlarının satışını həyata keçirmək və bununla bağlı müvafiq rəy verilməsi müqabilində rüşvət almalarına əsaslı şübhələr müəyyən edib.

"Saxlanılara qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 32.5, 311.3.1 (rüşvət almaqda köməkçilik) və 312.1-ci (rüşvət vermə) maddələri ilə cinayət işi açılıb”, – deyə məlumatda vurğulanıb.

Şəxslərin özlərinin ittihama münasibəti məlum deyil.