Baş Prokurorluq Nemət Kərimlidən şikayət edib

Baş Prokurorluq Nemət Kərimlidən şikayət edib

09-12-2019 14:07 / Bu xəbər 540 dəfə oxundu

Vəkillər Kollegiyasından vəkilə məlumat veriblər

Baş Prokurorluq Vəkillər Kollegiyasına vəkil Nemət Kərimlidən şikayət edib.

Vəkilə isə şikayətlə əlaqədar Vəkillər Kollegiyasının İntizam Komissiyasından telefonla zəng edib deyiblər.

Bu barədə vəkil Nemət Kərimli Meydan TV-yə özü məlumat verib.

Nemət Kərimlinin sözlərinə görə, şikayətin detalları haqqında ətraflı məlumat verməsələr də, bildiriblər ki, onun sosial şəbəkələrdə "Tofiq Yaqublu haqqında” çıxışları ilə bağlıdır.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu oktyabrın 19-da Milli Şuranın keçirdiyi aksiya zamanı həbs edilib. Nemət Kərimli onun inzibati həbs edilməsi zamanı işgəncəyə məruz qalması faktlarını açıqlayıb.

O hesab edir ki, vəkil kimi müdafiə etdiyi şəxsin xahişini yerinə yetirməyə və həbs olunanın işgəncə barədə bəyanatını açıqlamağa borclu olub.

Nemət Kərimli hesab edir ki, onun barəsində şikayət müstəqil vəkillərə təzyiq kampaniyasının davamıdır.

Vəkillər Kollegiyası və Baş Prokurorluq hələ vəkilin açıqlamasına münasibət bildirməyib.