Baş Prokurorluq: Tovuzda törədilən cinayət dövlət başçısının xüsusi nəzarətindədir

Baş Prokurorluq: Tovuzda törədilən cinayət dövlət başçısının xüsusi nəzarətindədir

09-01-2020 23:13 / Bu xəbər 905 dəfə oxundu

Baş Prokurorluqda keçirilən müşavirədə Tovuzda azyaşlının qətli müzakirə olunub.

APA-nın məlumatına görə, Baş Prokurorluqda keçirilən müşavirədə dövlət başçısının xüsusi nəzarətində olan və ictimaiyyəti narahat edən Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı konkret tapşırıqlar verilib.

Qeyd edək ki, ötən ilin noyabrın 21-də itkin düşən Nərmin Quliyevanın meyiti bu il yanvarın 6-da yanmış vəziyyətdə Dondar Quşçu kəndi ərazisində tapılıb. Baş Prokurorluğun yaydığı xəbərə görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb ediliblər.