Bayden Azərbaycanla Ermənistanı sülhə necə gətirə bilər?

Bayden Azərbaycanla Ermənistanı sülhə necə gətirə bilər?

02-04-2021 00:48 / Bu xəbər 1316 dəfə oxundu

Daniel Baerin: "Bayden adminstrasiyasının 4 yolu var”

"Co Bayden administrasiyasının Ermənistanla Azərbaycanı davamlı sülhə təşviq etməsinin dörd yolu var. Birincisi, atəşkəsin icrası üçün təzyiq göstərməkdir. Tərəflərin Rusiya prezidenti Vladimir Putinin iştirakıyla imzaladığı 9 noyabr sazişi ideal deyil. Ancaq yaxın perspektivdə atəşkəsin saxlanmasına alternativ yoxdur”.

Bu fikirlər "Foreign Policy” dərgisində Daniel Baerin məqaləsində əks olunub.

"AzadliqRadiosu”nun təqdim etdiyi məqalədə Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllinə necə kömək edə biləcəyinə toxunulub.

O yazır: "Vaşinqtonun ikinci addımı humanitar və yenidən məskunlaşma fəaliyyətini dəstəkləməkdən ibarətdir: "Bu işə rəhbərlikdə Rusiya və Türkiyəyə bel bağlamaq olmaz, yerli inamyaratma tədbirlərini həyata keçirə biləcək QHT-lər və beynəlxalq qurumlara dəstək verilməlidir. Üçüncü faktor regionu əhatələyən iqtisadi inkişaf strategiyası yürütməkdir. İnfrastrukturun inkişafına beynəlxalq sərmayə cəlb oluna, bu isə Ermənistanın, Azərbaycanın, eləcə də qonşu Gürcüstanın iqtisadiyyatını gücləndirər”.

Daniel Baer ABŞ-ın maliyyə naziri Canet Yellenin gələn həftə beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik iclaslarında yüksək səviyyəli danışıqlarda regionu gündəmə gətirməsinin vacibliyini qeyd edib: "Vaşinqton isə Avropa Birliyi və Cənubi Qafqazın üç hökuməti ilə işləyərək regional inkişafın çərçivəsini hazırlamalıdır. Obama administrasiyasının yaratdığı və Tramp administrasiyasının davam etdirdiyi C5+1 modeli Orta Asiyada regional məsələlər üzrə əməkdaşlığı nəzərdə tutur. Bu, yeni SC3+2 çərçivəsi üçün model ola bilər, üç Cənubi Qafqaz ölkəsi, Birləşmiş Ştatlar və Avropa Birliyini əhatələyər”.

Dördüncü yol kimi Daniel Baer diplomatiyanın canlandırılmasını görür və ATƏT-in Minsk qrupunun fəaliyyətinin dirçəltməyin vacibliyini, həmsədrlərdən biri olan ABŞ-ın səfir səviyyəsində çıxış etməli olduğunu bildirir.

Azərbaycan Prezidenti İlham Əliyev isə Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu deyir.

Dövlət başçısı ötən ilin dekabrında Bakıda həmsədrlər ilə görüşündə onları səfərə dəvət etmədiyini, Minsk Qrupunun münaqişənin həllində heç bir rol oynamadığını qeyd edib.

"Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik”, – prezident vurğulayıb.