Bayraq adam... - Əvəz Qurbanlı yazır
31-01-2023 22:48 / Bu xəbər 1414 dəfə oxundu
Əvəz Qurbanlı
Şair-publisist
Bayrağı yüksəltmək - onu mümkün olan ən hündür yerdən asmaq deyil; o bayrağın daşıdığı ideyaları hər zaman yüksəkdə tutmaqdır.
O ideyalar ki, bir toplumun coğrafi, mədəni, ictimai və siyasi mövcudluğunu şərtləndirən amillərin özü və ya hərəkətverici qüvvəsidir.
Bu baxımdan, üçrəngli bayrağımızı təşkil edən ideoloji təməl prinsipləri də tarix boyu ayrı-ayrılıqda mövcud olmaqla, Azərbaycan xalqının minillərdən bu günümüzə qədər keçdiyi yolun, həyat tərzinin, milli və coğrafi kimliyinin, kültürlərinin, bu kültürlərin formalaşdırdığı vahid mədəniyyətin, ictimai-siyasi düşüncənin və s. rəmzlərlə ifadəsidir.
Məhəmməd Əmin Rəsulzadəyə qədər böyük tarixi yol qət edən, ayrı-ayrı dövrlərdə fərqli şəkillərdə təzahür edən bu ideyalar ümumilikdə dövlətçilik tariximizin önəmli mərhələlərində həlledici faktorlar kimi meydana çıxmışdır.
İlk dəfə Əli bəy Hüseynzadə tərəfindən sistemləşdirilən, hazırkı dövlət bayrağımızın rənglərinin ifadə etdiyi bu üçlü prinsip (sonradan Ziya Gögalp tərəfindən də önə çəkilmişdir) ayrı-ayrılıqda, təkcə Şərqin ilk cümhuriyyəti olan Azərbaycan Demokratik Respublikasının (başqa adla Azərbaycan Xalq Cümhuriyyəti) deyil, ondan əsrlərlə əvvəl bu coğrafiyalarda qurulmuş bir çox müstəqil və ya vassal dövlətlərin də ideoloji-siyasi əsasını təşkil etmişdir.
Təbii ki, hər bir xalqın, millətin kültüründə, yaşamında, milli düşüncəsində mütləq şəkildə bu kimi ideoloji prinsiplər vardır. Bu prinsiplər bütövlükdə xalqların keçmişini ifadə etməklə bərabər, gələcək müqəddəratını da təyin edir.
Deməli, təməl ideologiyaları əks etdirən bayraq - bir toplumun haradan gəlib hara getdiyini göstərən yol xəritəsi, əbədi parlayan bir mayakdır. O ideologiyaları bayraqlarına uğurlu şəkildə tətbiq edən xalqlar hər zaman o bayraq altında öz dövlətlərini qurmuş, o bayrağı daim yüksəklərdə saxlamış, siyasi varoluş səbəbi olan bayraq üçün fiziki baxımdan yox olmağa – candan keçməyə hər zaman hazır olmuşlar.
Məhəmməd Əmin Rəsulzadə də Azərbaycan xalqının tarixi – siyasi, ictimai, coğrafi, mədəni kimliyinin əks olunduğu əsas ideyaları son olaraq, bayraq şəklində bizə təqdim edən şəxsiyyətdir. Demək, minillərlə yol gələrək üçrəngli bayrağa çevrilən ideoloji kimliyimiz M.Ə.Rəsulzadə ilə bütövləşmiş, onun vasitəsilə son şəklini alaraq həyata vəsiqə qazanmışdır. Bu mənada, Rəsulzadə həm də bayraqlı tariximizlə ondan əvvəlki tarixi dönəmi bir-birindən ayıran vacib bir xətdir. Deməli, bizim dövlətçilik tariximizi M.Ə.Rəsulzadə və ondan əvvəlki dövr olaraq, iki şərti hissəyə də ayırmaq olar.
Rəsulzadəyə borcumuz nədir?
Bildiyimiz kimi, bu gün – 31 yanvar, o dahi şəxsiyyətin bizə Allah tərəfindən lütf edildiyi əlamətdar gündür. Bu əlamətdar gün münasibətilə hər kəs bir günlük də olsa Rəsulzadəni yada salır, onun dahiliyini aşkarda-xəlvətdə etiraf edir. Ancaq təəssüf ki, çoxumuz bunu gündəm xatirinə edir, artıq ertəsi gündən Rəsulzadə də, onun ideyaları da dəb azarına tutulmuş toplumun yadından bir anda çıxaraq yenidən haqq etmədiyi bir qaranlıq guşəyə çəkilir...
Bəli, bu gün böyük bir çoxluq Rəsulzadədən danışır, ona borclu olduğumuzu dilə gətirir. Bəs, görəsən, bu düşüncədə olanların hamısı Rəsulzadənin həqiqətdə kim olduğunu, ona borcumuzun nədən ibarət olduğunu bilirmi?
Əslində günün ən aktual sualı budur.
Subyektiv fikrimdir, biz xalq olaraq Rəsulzadəni tanımırıq. Bizim Rəsulzadə haqqında biliklərimiz yetərincə azdır.
Etiraf edək ki, çoxluğun Rəsulzadə haqda məlumatı təxminən bundan ibarətdir: Şərqdə ilk cümhuriyyətin – AXC-nin banisi olub; "Bir kərə yüksələn bayraq bir daha enməz” devizinin müəllifidir; Cümhuriyyət süqut edəndən sonra mühacirətdə yaşayıb; Novxanıda anadan olub və s. Ən azı, şəklini görəndə tanıyırıq. Adını düzgün yaza bilməsək də...
Yaxşı, sual olunur, bəs Rəsulzadəni tanımaq necə olur?
Bir fikir adamını tanımaq üçün mütləq onun fikirləri ilə tanış olmalıyıq. M.Ə. Rəsulzadə də bizim üçün böyük bir xəzinə qoyub gedib: "Əsrimizin Səyavuşu”, "Çağdaş Azərbaycan tarixi”, "Çağdaş Azərbaycan ədəbiyyatı”, "Azərbaycan şairi Nizami” və başqa qiymətli əsərlər. Axı o rəhmətlik yaxşı bilirdi ki, bizdə tənbəllik və zahirpərəstliyə güclü meyil var; biz çoxumuz hətta kitabı belə, dəbə və ya dəbdəbəyə görə alıb rəfə qoyuruq, üzünü də açmırıq, toz basır. İndi bəlkə də Rəsulzadə hansısa mücərrəd aləmdə tozlu əmanətlərindən ötrü çox narahatdır...
Oxumuruq!
Oxusaydıq, tanıyardıq. Tanısaydıq, qədrini bilərdik.
Biz Rəsulzadəni həqiqətən tanısaydıq, onu anlayardıq, ideyalarına sahib çıxardıq.
Biz Rəsulzadəni tanısaydıq, onun yüksəltdiyi bayraqda əks olunan müqəddəs atributlarımız başımızın üstündə ikən bəzi hallarda ayaqaltı olmazdı.
Rəsulzadəni tanımaq – onun ideyalarına hörmət etməkdi.
Rəsulzadəni tanımaq – onun xoşbəxt görmək istədiyi Vətənin xoşbəxt olması üçün çalışmaqdı.
Rəsulzadəni tanımaq – ölkəsinin, xalqının taleyi üçün narahat olmaqdı.
Rəsulzadəni tanımaq – demokratik dəyərlərə sözdə deyil, əməldə son dərəcə sadiq olmaqdı.
Rəsulzadəni tanımaq - ən azı, onu başqalarından fərqləndirməyi bacarmaqdı...
Biz yalnız Rəsulzadəni tanımaqla onun borcundan çıxa bilərik.
Bizə təkcə bayraq deyil, həm də dövlət bağışlayan, çağdaş Azərbaycan xalqı üçün mühüm bir tarixi dönəmin əsasını qoyan bir şəxsiyyətin onsuz da bizlərdən başqa bir istəyi olmazdı...