Bələdiyyə üzvü Vəfa Nağıya cinayət işi açıla bilər

Bələdiyyə üzvü Vəfa Nağıya cinayət işi açıla bilər

23-07-2020 14:47 / Bu xəbər 2033 dəfə oxundu

Bələdiyyə üzvünə qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb.

Neftçala rayonunun Xol Qaraqaşlı kənd bələdiyyəsinin üzvü, ictimai fəal Vəfa Nağının cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunur.

Azadlıq Radiosunun məlumatına görə, Xol Qaraqaşlı bələdiyyəsinin sədri Əlibala Səlimov, kəndin Mədəniyyət Evinin rəhbəri İlham Hüseynov və bu qurumun işçisi Anar Abbasov məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb.

Onların hər biri ayrıca iddia qaldırıb. Amma hamısı Vəfa Nağının CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını istəyir.

Uzun müddətdir ictimai fəalla problem yaşayan bələdiyyə sədri iddia edir ki, Vəfa Nağı mediaya müsahibələrində, sosial şəbəkə hesablarından paylaşdığı yazılarında onu təhqir edib, böhtan atıb. 

İ. Hüseynov isə iyunun 24-də rəhbəri olduğu Mədəniyyət Evində bələdiyyənin iclasından sonra Vəfa Nağının başqalarının yanında onu təhqir etdiyini bildirir. 

Anar Abbasov isə hesab edir ki, Vəfa Nağının şəkillərinin kənddə dayanacaq və başqa ərazilərə yapışdırılmasında onun adının hallanması ilə böhtana məruz qalıb.

İyunun 16-da Vəfa Nağının çimərlikdə çəkdirdiyi şəklini böyüdərək kəndin dayanacağına və poçt binasına yapışdırıblar. Bu barədə məlumatı Vəfa Nağı özü yayıb. 

O, bu işi Xoşqaraqaşlı kəndinin bələdiyyə sədri Əlibala Səlimovun etdirdiyini düşünür. Bu olay kənddə tərəflər arasında narazılığa səbəb olub. Vəfa Nağı özünün və ailə üzvlərinin təzyiqə məruz qaldığını deyib.

 Meydan.tv