Bəxtiyara qarşı baş verənlər hər kəsin gözü önündə hüququn zorlanmasıdır
27-12-2022 14:04 / Bu xəbər 1522 dəfə oxundu
Ələsgər Məmmədli
Hüquqşünas
Cəmiyyətdə hüquqi təminat olmasa, insanlar hər an təhlükəsizliyinə müdaxilə qorxusu ilə yaşayar.
Bu hal cəmiyyətin çox kövrək və qırılqan olması və öz reflekslərini itirməsi ilə nəticələnər. Belə cəmiyyətdə insanlar dövlətə və hüquqa etimat etmədiklərinə görə yaşamaq istəməz.
Toplumda hər bir şəxs həm özünün həm də gələcəyinin-övladlarının yüksək hüquqi təminat altında olduğu bir yerdə yaşamağa üstünlük verir, bunun olmadığı yerdə yaşamağın mənası olmur.
Məhz bu səbəblərdən hər il dünyada milyonlarla insan daha güvənilir, hüququn aliliyinin qorunduğu, hüquq qarşısında bərabərliyin təmin edildiyi mühitə qovuşmaq üçün can atır, çırpınır, köç edir hətta bu yolda özünü fəda edir.
Dünən Bəxtiyar Hacıyevin şəxsi kompüter sisteminə müdaxilə edilərək onun şəxsi yazışmaları yayılıb.
Bəxtiyara qarşı baş verənlər hər kəsin gözü önündə ölkədə hüququn zorlanmasıdır.
Hər hansı şəxsin özünün icazəsi olmadan onun şəxsi yazışma sirrini pozma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155-ci maddəsi ilə cinayət əməli hesab olunur.
Cinayət Məcəlləsinin 156-cı maddəsi isə "şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması”nı cinayət əməli hesab edir.
Cinayət Məcəlləsinin 271-ci maddəsi "kompüter sisteminə qanunsuz daxil olma”nı, 272-ci maddə isə "Kompüter məlumatlarını qanunsuz ələ keçirmə”ni cinayət əməli sayır və hətta dörd ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacağını bildirir.
Cinayət Prossesual Məcəllənin 46.2-ci maddəsi isə "Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə,… və ya kütləvi informasiya vasitəsinin məlumatları…”nı göstərir.
Yəni qanunvericilik bu sahədə səlahiyyətli qurum olan prokurorluğun kütləvi informasiya vasitəsinin məlumatları əsasında cinayət işini başlamalı olduğunu nəzərdə tutub.
Dövlətin vəzifəsi bununla məhdudlaşmır. "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında" Əsasnamənin 3.1.8. müddəasına əsasən, bu Xidmət "istifadəçilərə qarşı elektron təhlükələrin qarşısının alınması, baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə...” - hər bir istifadəçinin məlumatlarını toplayır və saxlayır.
Bu qurumun saxlanmasına və fəaliyyətinin təşkilinə hər il milyonlarla vəsait ona görə xərclənir ki, istifadəçilərin yəni həm də fərdlərin kiberhücumlara məruz qalmasını önləsin və bu müdaxilələr olduqda onun mənbəyini, səbəbinə, səbəbkarını müəyyən edən addımlar atsın.
Bizi "Kim kimə nə yazıb, niyə yazıb?" sualı maraqlandırmır. Bizi "Hüquq niyə işləmir?” sualı maraqlandırır. Cavabınızı gözləyirik!
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.