Beynəlxalq Bankın özbaşınalığı: hüquq müdafiəçisi şikayətçidir

Beynəlxalq Bankın özbaşınalığı: hüquq müdafiəçisi şikayətçidir

19-10-2023 20:54 / Bu xəbər 1335 dəfə oxundu

"Kartıma qadağa qoyulub”

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə Azərbaycan Beynəlxalq Bankını (ABB) tənqid edib.

Qəhrəmanlı qeyd edib ki, bank ona verdiyi təqaüdçü kartının xaricdə istifadəsinə məhdudiyyət qoyub.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu addım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) tərəfindən atılıb.

"Təqaüdçü təqaüdünü harada, necə, kimə və nəyə xərcləyəcəyini özü bilər. Təqaüdçülərə öz kartından istifadə məhdudiyyəti qoymaq, onların kütləvi surətdə hüquqlarının pozulmasıdır”, – Mirvari Qəhrəmanlı yazıb.

Onun fikrincə, daha öncə xaricdə olduğu müddətdə təqaüd kartından əməliyyatlar həyata keçirdiyi zaman belə məhdudiyyətlə qarşılaşmayıb.

Bu hal 2023-cü ilin mayında müddəti bitən kartını yenilədikdən sonra yaranıb: "Ailəm Praqada yaşadığı üçün mən də il ərzində 2-3 ay orada yaşayıram. Həmişə də Azərbaycan Beynəlxalq Bankının verdiyi təqaüdçü kartımdan hər sahədə istifadə etmişdim. Heç bir bir problem olmayıb. Mayda kartın müddəti qurtardığı üçün dəyişməli oldum”.

"Verdikləri karta baxanda təəccübləndim. Üstündə nömrələr güclə görünürdü. Ad-soyadımın yerinə DOST Agentliyinin adı yazılmışdı. Etiraz etdim. Cavabında bir vərəqə kartın nömrəsini yazıb verdilər. Dedilər ki, belədir, istəyirsən götür, istəmirsən götürmə. Vaxt məhdudiyyətim vardi. Mübahisəni sonraya saxladım. İki gün öncə həmin kartla təşkilatın saytı üçün ödəniş etmək istəyəndə məlum oldu ki, verdikləri kart xaricdə işləmir”.

Nazirlik təkzib edir, bank ərizə yazsın deyir

O, məsələ ilə əlaqədar ABB-nin Səbail rayonundakı filialına gedib: "Bankda dedilər ki, təqaüdçülərə xaricdə öz kartından istifadə etməyə icazə yoxdur. Mənə ərizə yazdırdılar ki, xaricdə kartımdan istifadə üçün onlardan icazə alım. Hələ ki, bir nəticə yoxdur”.

Şikayətçi həmçinin yazır ki, bir müddət əvvəl bacısı Türkiyədə olarkən o da özünün təqaüdçü kartından istifadə edə bilməyib: "Bacım bankın Xətai rayon Sənaye filialına yaxınlaşıb. Bankda ona izah ediblər ki, təqaüdçülər öz kartlarından xaricdə istifadə edə bilməzlər. Səbəb kimi isə deyiblər ki, DOST Agentliyindən belə tapşırıblar. Bacım etiraz edib ki, axı bu pul mənimdir. Cavabında deyiblər ki, pul sizin yox, dövlətindir”.

"Əmək pensiyaları haqqında” Qanunun 43-cü maddəsinin 43.1-ci bəndində qeyd olunur ki, ölkə vətəndaşlığını saxlamış şəxslər xaricdə olduqları müddətdə onlara Azərbaycanda təyin edilmiş əmək pensiyası arzularına əsasən Azərbaycan banklarında olan şəxsi hesablarına və ya öz vəsaitləri hesablarına yaşadıqları digər dövlətlərə köçürülür.

ABB-dan Meydan TV-yə bildirilib ki, bank dələduzluq hallarının qarşısını almaq məqsədilə Azərbaycanda sosial kart istifadəçilərinə – pensiyaçı, təqaüdçü, veteran və sosial müavinət alan şəxslərin kartlarına xaricə çıxış qadağası qoyub.

"Bu, bir növ müştəriləri həm sığortalayır, həmçinin bank üçün də hər hansı çətinliklə qarşılaşmağın qarşısını alır. Kart sahibləri şəxsiyyət vəsiqəsi ilə birlikdə istədikləri vaxt bankın istənilən filialına yaxınlaşıb, məlumatlarını təqdim etməklə ərizə yaza və xarici çıxışlara qoyulan məhdudiyyəti tam aradan qaldıra bilərlər”, – bankın əməkdaşı bildirib.

Bank əməkdaşının sözlərinə görə, kart sahibi hazırda ölkədən kənardadırsa, mobil-notarial sistemlə etibarnamə təqdim edib, xaricə çıxışı bərpa edə bilər.

Həmçinin əlavə edib ki, xaricə çıxış məhdudiyyəti tək sosial deyil, bütün kartlara tətbiq edilir: "Təhlükəsizlik baxımından onminlərlə limit mövcuddur. Qara siyahıda olan ölkələr var. Həmin ölkələrdə hər hansı dələduzluğun qarşısını almaq üçün bank özü limitlər tətbiq edib”.

DOST Agentliyindən zənglərə cavab verilməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Meydan TV-yə bildirilib ki, vətəndaşların kartlarına xaricə çıxış məhdudiyyəti qoyulmayıb.