Binəqədi susuz qaldı: "Azərsu" bu günün işini sabaha saxladı
12-12-2022 00:36 / Bu xəbər 1093 dəfə oxundu
"13 saatdır ki, Binəqədidə su yoxdur".
Jurnalist Sevinc Vaqifqızı sosial mediada belə yazıb.
O bildirib ki, gün ərzində Binəqədi rayonunda içməli su verilməyib.
"Azərsu" ASC isə suyun kəsilməsini qəza ilə əlaqələndirib.
Qurum səhər saatlarında bildirib ki, axşama qədər qəza aradan qaldırılacaq və içməli suyun verilməsi təmin olunacaq. Amma problem aradan qaldırılmayıb.
Jurnalist "Azərsu" ASC-nin "Qaynar xətti" ilə əlaqə saxlayıb.
"Zülm-zillətlə "qaynar xətt"ə düşürsən. Deyir ki, qəza olub, axşam su gələcək. Axşam düşür, yenə güc-bəla ilə "Qaynar xətt"də növbədə 15-ci olursan və "bu gün problemi həll edə bilmədik, su sabah olacaq", - deyir operator. Binəqədidə yaşayandan bunların qəzası, xətası bitmir".
"Hələ işin tragikomik tərəfi odur ki, 4 gün əvvəl İctimai Nəzarət Platforması "Azərsu" ASC-yə "Ən fəal dövlət müəssisəsi” mükafatını verib. Guya vətəndaşlarla ən operativ əlaqə qurub problemi həll edən bu qurumdur. "Ən fəal" qurum 13 saatdır ki, bir problemi həll edə bilmir, kosmos bizi ləng dövlət qurumundan saxlasın, nə deyim", - deyə jurnalist qeyd edib.
"Arqument.az" "Azərsu" ASC-nin mətbuat xidməti ilə əlaqə saxlaya bilməyib.












