İranda saxlanılan azərbaycanlı tələbə ilk dəfə anası ilə danışıb

İranda saxlanılan azərbaycanlı tələbə ilk dəfə anası ilə danışıb

18-06-2023 23:16 / Bu xəbər 1096 dəfə oxundu

İranda casusluq ittihamı ilə həbs olunan azərbaycanlı tələbə Fərid Səfərli anası ilə əlaqə saxlayıb.

Bu barədə "Arqument.az"a Dilara Əsgərova məlumat verib. 

Anası deyir ki, oğlu telefonla danışığı zamanı ona günahsız olduğunu deyib. 

Əsgərova isə oğluna dövlət səviyyəsində müdafiə olunduğunu bildirib. 

Fərid Səfərli durumunun yaxşı olduğunu deyib və bildirib ki, casusluq ittihamı ilə həbs olunmasına heç bir əsas yoxdur. 

O həmçinin anasına möhkəm olmağı tövsiyə edib: "Dedi ki, ana, mən möhkəməm, sən də möhkəm ol. Hər şey yaxşı olacaq".

Dilara Əsgərova ümid edir ki, oğlu ilə bağlı ədalətli qərar veriləcək. 

O, hazırda Xarici İşlər Nazirliyinin bu işlə məşğul olduğunu deyib. 

Bildirib ki, oğluna vəkili Azərbaycan dövləti tutacaq. 

Anası Azərbaycanın Təbrizdəki Konsulluğunun da Fərid Səfərli ilə müntəzəm əlaqə saxladığını qeyd edib. 

Fərid Səfərli nə vaxt saxlanılıb? 

Almaniyanın Yena şəhərində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərlinin İrana səfərindən sonra ondan xəbər almaq mümkün olmayıb.

Anası deyib ki o, İrana bir zamanlar Jena Universitetində təcrübə keçən həkim qız dostunu görmək üçün gedib.

Fevralın 20-də Almaniyadan çıxan Fərid İranda olarkən dostları və ailəsi ilə əlaqə saxlayıb.

Martın 3-də Almaniyadakı dostlarından ona bilet almalarını da rica edib.

O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 9-da Fərid Səfərli ilə bağlı İrana nota verib.

Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.

XİN-dən tələbənin anasına deyiblər ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə saxlanılıb.

İran hüquq-mühafzə orqanları onun saxlanılmasını 3 ay gizlədiblər.