Cəbhədə gərginlik: Ermənistanın 3, Azərbaycanın 1 hərbçisi yaralanıb
11-05-2023 10:41 / Bu xəbər 953 dəfə oxundu
Bakı və Yerevan bir-birini günahlandırır
Azərbaycan-Ermənistan təmas xəttində atəşkəsin yenidən pozulduğu bildirilir.
Tərəflər bir-birini günahlandırır.
Bu dəfə iriçaplı silahlar işə düşüb.
Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb ki, 3 əsgəri yaralanıb.
Azərbaycan Müdafiə Nazirliyi isə bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı silahlar və minaatanlardan istifadə etməklə Azərbaycan mövqelərini atəşə tutub.
Nazirlik qeyd edib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb: "Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür”.
Ermənistan Müdafiə Nazirliyi isə əlavə edir ki, hadisə səhər saat 08:00-da baş verib.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Sotkda yerləşən erməni mövqelərini artilleriya və minaatanlardan atəşə tutmağa başlayıb.
"Üç hərbçi yaralanıb. Azərbaycan silahlı qüvvələri yaralı hərbçini aparan təcili tibbi yardım maşınına atəş açıb. Ermənistan Silahlı Qüvvələrinin bölmələri müdafiə-profilaktik tədbirlər həyata keçirir”, – deyə məlumatda bildirilir.
2020-ci ilin sentyabrında Ermənistan və Azərbaycan arasında İkinci Qarabağ müharibəsi yaşanıb.
Həmin il noyabrın 10-da üçtərəfli (Ermənistan, Azərbaycan və Rusiya arasında) atəşkəs sənədi imzalanıb.
Atəşkəs razılaşmasından bu yana dəfələrlə tərəflər arasında atışmalar və kiçik çaplı döyüşlər olub.
Həmin silahlı toqquşmalarda hər iki tərəf yüzlərlə itki verib.
Ermənistan və Azərbaycan daim açıqlamalarında atəşkəs rejiminin pozulmasında bir-birini günahlandırıb.