Müdafiə Nazirliyi: Erməni diversiya qrupu Zəngilanda sərhədi pozub

Müdafiə Nazirliyi: Erməni diversiya qrupu Zəngilanda sərhədi pozub

27-05-2023 00:18 / Bu xəbər 1462 dəfə oxundu

Bakı 2 hərbçinin saxlanıldığını desə də, Yerevan məlumatı yalanlayır

Mayın 26-da Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Zəngilan rayonunda Azərbaycanın dövlət sərhədini pozmağa cəhd etdiyi bildirilir.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

DSX bildirib ki, diversiya qrupunun qarşısı alınıb:

"Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb. Nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb”.

Məlumatda qeyd olunub ki, diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək qaçıblar.

Ermənistan Müdafiə Nazirliyi xəbəri yalanlayıb.

"Ermənistan tərəfinin guya sərhədin cənub-şərq hissəsində təxribat törətməyə cəhd etməsi barədə Azərbaycan mətbuatında yayılan məlumatlar tamamilə yalandır və reallığa uyğun gəlmir”, – deyə nazirlik bildirib.

Xatırlatma

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.