Sakinlər: "“Baktelecom”un bu addımı soyğunçuluqdur"

Sakinlər:

13-06-2023 12:24 / Bu xəbər 877 dəfə oxundu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Bakı Telefon Rabitəsi” MMC (Baktelekom) 10 gündən artıqdır ki, Bakının bir çox ərazilərində sakinləri telefonsuz qoyub. 

Bu barədə "Arqument.az"a Suraxanı rayon sakinləri məlumat veriblər. 

Sakinlər deyiblər ki, rayonun Hövsan qəsəbəsində ev telefonları 10 gündən artıqdır ki, kəsilib. 

Bunu da yeni fiberoptik xəttin çəkilməsi ilə əsaslandırıblar.

"Baktelecom”un "Çağrı mərkəzi"ndən "Arqument.az"a bildirilib ki, xəttlərin kəsilməsi kabellərin yenidən çəkilməsi ilə bağlıdır. 

Xətlər çəkildikdən sonra vətəndaşların telefonları bərpa olunacaq.

Amma sakinlər "Baktelecom”un yalan dediyini iddia edirlər. Onlar prosesin vətəndaşlardan əlavə vəsaitlərin alınmasına hesablandığını bildiriblər. 
 
"Əvvəl "Baktelekom”dan belə əsaslandırılırdı ki, guya yeni xətt - fiberoptik kabel çəkilir, mənzil telefon və internetlə təmin olunacaq. Amma indi başqa bir mövzu çıxıb ortaya. Bizə şərt qoyublar ki, interneti də bizdən çəkməlisiniz. Məsələn, mən KaTV 1-dən çəkmişəm. İndi deyirlər ki, başqa provayderlərdən (tutaq ki, KaTV və s.) imtina edin, yeni xətt və modem üçün 110 manat ödəyin. Əks halda interneti "Bakıtelekom”dan almayan vətəndaşın ev telefonu da bərpa edilməyəcək", - sakin Salman Məmmədov belə deyir. 

"Baktelecom”un "Çağrı mərkəzi" bu məlumatı da təsdiqləyib. 

Bildirilib ki, vətəndaşlar xəttə və modemə görə bütün hallarda birfədəlik 110 manat ödəməli, aylıq isə internet və telefona görə 21 manat ödəniş etməlidirlər: "Əgər 1 il sonra hansısa vətəndaş internetdən imtina etmək istəsə, yalnız telefona görə 3 manat ödəyəcəklər". 

Sakinlər isə "Baktelecom”un bu addımını soyğunçuluq sayırlar.