“Bloomberg”: "İlham Əliyev hakimiyyətinin ömrünü daha 7 il uzatmağa çalışır"

“Bloomberg”:

07-02-2024 12:16 / Bu xəbər 606 dəfə oxundu

"Azərbaycanın rəhbəri Qarabağdakı qalibiyyətdən sonra növbədənkənar (14 ay öncə) səsvermə keçirir. 2003-cü ildən Prezident olan İlham Əliyev hakimiyyətinin ömrünü daha 7 illik müddətə, yəni üçüncü onilliyə uzatmağa hazırlaşır”.

"Bloomberg” Azərbaycandakı seçkilərdən yazır.

Sayt bildirir ki, ölkədəki müxalifət partiyaları seçkinin azad və ədalətli olmasına şübhə etdiklərindən boykot qərarı veriblər. 

Nəticədə İlham Əliyev onu açıq şəkildə dəstəkləyən 6 rəqiblə üz-üzə qalıb.

"Seçki ərəfəsi Azərbaycanda azı altı nəfər müstəqil jurnalist həbs edilib. Ondan aylar öncə isə Dağlıq Qarabağa tam nəzarət ələ alınıb. Bunun nəticəsində 100.000-dən çox erməni Qarabağı tərk edib. On minlərlə insanın ölümünə və bir milyon qaçqının yaranmasına səbəb olan münaqişəyə son qoymaq üçün ABŞ və Avropa İttifaqının vasitəçilik səylərinə baxmayaraq, Azərbaycan və Ermənistan hələ də sülh sazişi imzalamayıb”, – "məqalədə qeyd olunur.

Vurğulanır ki, 62 yaşlı İlham Əliyev 2003-cü ildən – ölkəyə on il rəhbərlik etmiş atası Heydər Əliyevin ölümündən sonra Azərbaycana rəhbərlik edir. 

O, 2016-cı ildə prezidentlik müddətini 5 ildən 7 ilə qədər artıran Konstitusiya islahatlarına nəzarət edib və xanımı Mehriban Əliyevanı Vitse-prezident postuna təyin edib. Əliyevin də erkən çağırdığı 2018-ci il seçkilərində o, 82%-dən çox səs toplayıb.

"Bloomberg” xatırladır ki, ATƏT-in beynəlxalq müşahidəçiləri Azərbaycandakı hər Prezident seçkilərini izləyib və hamısını qüsurlu hesab edib. 

Avropa Şurası Parlament Assambleyası ötən ay Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina edib, bunu digər səbəblərlə yanaşı, Bakının AŞPA-nın səsverməni izləməsinə icazə verməməsini əsas gətirib. 

İlham Əliyev cavab olaraq Azərbaycanı Avropa Şurasından və Avropa İnsan Haqları Məhkəməsindən çıxarmaqla hədələyib.(Meydan TV)