Boğazlar məsələsi və Montrö müqaviləsi

Boğazlar məsələsi və Montrö müqaviləsi

11-04-2021 12:08 / Bu xəbər 6199 dəfə oxundu

Ankaranın Montrödən imtinasının riski
 
Yadigar Sadıqlı

Bu günlərdə Türkiyədə artıq "İstanbul kanalı” adı verilən kanalın çəkilişi və bununla əlaqədar Bosfor və Dardanel boğazlarından keçidi tənzimləyən Montrö konvensiyası haqqında diskussiyalar gedir. Oxucuların marağını nəzərə alaraq boğazlar probleminin tarixi və Montrö haqqnda məqalə yazmaq qərarına gəldim.

***

Aralıq dənizi bəşəriyyətin ilk əsas su arteriyasıdır. Uzun əsrlər boyu dünya dəniz ticarətinin az qala hamısı onun payına düşüb. Qara dənizdən Mərmərə dənizi vasitəsilə Egey dənizinə, oradan da Aralıq dənizinə çıxış imkanı verən Bosfor və Dardanel boğazları da dünyanın ən strateji nöqtələrindən biri olaraq qalmaqdadır.

Bir çox dildə Türk və ya Türkiyə boğazları adlandırılan Bosfor və Dardanelə biz ruscadan tərcümə ilə "Qara dəniz boğazları” demişik, bu da əslində korrekt deyil. Çünki Dardanel boğazının Qara dənizə aidiyyatı yoxdur. Qədimdə Hellespont, çağdaş Türkiyədə isə Çanakkale adlandırılan, uzunluğu 61 km, eni isə müxtəlif yerlərdə 1,2-6 kilometr olan bu boğaz Mərmər dənizi ilə Egey dənizini birləşdirir.

Hər iki sahilində İstanbulun yerləşdiyi və buna görə də türklərin İstanbul boğazı adlandırdıqları Bosfor (qədimdə Bospor) boğazı isə Qara dənizlə Mərmərə dənizini birləşdirir. Onun uzunluğu 30 kilometrə yaxın, eni ən geniş sahədə 3,6 kilometrdir. Ən dar yeri isə sadəcə 700 metr təşkil edir.

***

Qədim zamanlardan etibarən Bosfor və Dardanel boğazları üzərində hegemonluq digər dövlətlər üzərindən strateji üstünlük deməkdir. Roma imperiyasının süqutundan sonra boğazlara min ildən artıq dövrdə Bizans, ondan sonra isə Osmanlı dövləti nəzarət edirdi. Boğazlar məsələsi bir müddət qüdrətli imperiyanın daxili işi sayılırdı.

Amma tədricən Osmanlı zəifləyir, güclənən və cənuba doğru irəliləyən Rusiya isə İstanbulu (və deməli, boğazları da) ələ keçirmək niyyətini gizlətmirdi. Bu isə dünyanın digər böyük dövlətlərinin narahatlığını artırır və boğazlar məsələsini beynəlxalq müstəviyə daşıyırdı.

XIX əsrin birinci yarısında Osmanlı dövləti hərbi cəhətdən tamamilə zəiflədi. İmperiya nəinki başqa dövlətlərlə, hətta özünün daha güclü vassalları ilə bacara bilmirdi. Sultan II Mahmudun ipə-sapa yatmayan vassalı, Misir paşası Məhəmməd Əliyə qarşı 1831-ci ildə başladığı müharibə olduqca uğursuz oldu. Paşanın orduları osmanlıları məğlub edərək Anadoluya doğru irəlilədilər.

Sədrəzəm Rəşid Mehmed paşanın başçılıq etdiyi daha bir osmanlı ordusu Konya yaxınlığında misirlilərin qarşısına çıxdı, amma o da məğlub oldu. Beləcə İstanbulun yolu Məhəmməd Əli paşanın üzünə açıldı. Müdafiə olunmaq üçün heç bir qüvvəsi olmayan sultan İngiltərə və Fransadan kömək istədi. Amma İngiltərə bitərəf qaldı, Fransa isə Misir paşasının tərəfində idi.

Belə olduqda, II Mahmud ruslara müraciət etdi. İstanbulun və boğazların zəif Osmanlının yerinə qüdrətli Məhəmməd Əlinin əlinə keçməsini istəməyən ruslar kömək etməyə razılıq verdilər. Bundan sonra ingilislər və fransızlar da işə qarışdılar. Nəticədə 1833-cü mayın 14-də sultan və üsyankar vassal arasında Kutahya müqaviləsi imzalandı.

Osmanlı və Rusiya arasında isə iyulun 8-də Hunkar İskələsi adlı yerdə müdafiə ittifaqı bağlandı. Səkkiz il müddətinə imzalanan müqavilənin açıq bəndlərində tərəflərin hücuma məruz qaldıqları halda bir-birlərinə hərbi yardım göstərəcəyi yazılırdı. Amma məxfi maddədə Osmanlı Rusiyaya hərbi yardım göstərməkdən azad edilir, bunun əvəzində boğazları Rusiya ilə müharibə aparan dövlətin gəmiləri üçün bağlamağı öhdəsinə götürürdü. Rusiya gəmiləri isə boğazlardan sərbəst keçə bilərdilər.

Müqavilənin bu maddəsi gizli olsa da Osmanlı sarayında pul qarşılığında xeyli casus saxlayan İngiltərə və Fransa tezliklə xəbərdar oldular və kəskin etiraz etdilər. Amma bir şeyi dəyişə bilmədilər və müqavilənin müddətinin bitməsini gözləməli oldular. Bununla da boğazlar məsələsi Osmanlının daxili işi olmaqdan çıxdı.

Hunkar iskələsi müqaviləsinin müddəti bitər-bitməz, boğazlar məsələsinin müzakirəsi üçün 1841-ci ilin iyulunda beynəlxalq konfrans çağrıldı. İngiltərə və Osmanlıdan başqa Rusiyanın, Fransanın, Prussiyanın və Avstriyanın imzaladıqları konvensiyaya görə, boğazlar sülh dövründə bütün ölkələrin hərbi gəmiləri üçün bağlı qalacaqdı.

Osmanlı müharibəyə qoşulduğu halda boğazlardan istədiyi kimi istifadə edə bilərdi. Müqavilənin imzalanmasından 12 il sonra Türkiyə İngiltərə və Fransa ilə birlikdə Rusiyaya qarşı Krım müharibəsinə başladıqda, öz müttəfiqlərinin gəmilərini Qara dənizə buraxdı.

London konvensiyası Osmanlı üzərindəki Rusiya basqısını azaltdı. Ən çox qazanan ölkə isə İngiltərə oldu. KrallığınAralıq dənizi hövzəsindəki hegemonluğu təminat altına alındı. Rusiyanın Qara dəniz donanması Aralıq dənizinə keçə bilmirdi, şimal dənizlərindəki donanmasının ehtiyac olduğu halda regiona göndərməsi üçün isə o zaman həftələrlə vaxt lazım idi.

***

Boğazlardan keçid rejimi Birinci dünya müharibəsi başlayana qədər London konvensiyası ilə tənzimləndi. Müharibə dövründə isə Osmanlı ilə əks cəbhədə yer alan Antanta dövlətləri 1915-ci ildə öz aralarında Osmanlı ərazisinin bölüşdürülməsi haqqında məxfi müqavilə imzaladılar.

Bu sənədə əsasən Ərəbistan yarımadasında Məkkə və Mədinə şəhərlərini də əhatə edən müstəqil müsəlman dövləti yaradılacaqdı. Osmanlı imperiyasının Suriya, Fələstin, Kilikiya bölgələri Fransanın, Yaxın Şərqdəki digər əraziləri Britaniya nın nəzarətinə keçəcəkdi. Rusiya çoxdan həsrətində olduğu İstanbula sahib olacaqdı. Boğazlar və Mərmərə dənisi də daxil olmaqla Avropada Midya-Enez xəttindən Asiyada Sakarya çayına qədər ərazi Rusiyaya ilhaq ediləcəkdi.

Amma bu planın Rusiyaya aid hissəsi həyata keçmədi. Fevral inqilabından sonra Müvəqqəti hökumət Antanta daxilindəki saziş və öhdəliklərə, o cümlədən 1915-ci il razılaşmasına sadiq olduğunu bildirsə də, Oktyabr çevrilişindən sonra Leninin rəhbərlik etdiyi bolşevik hökuməti Osmanlının daxil olduğu "Mərkəz dövlətləri” ilə separat müqavilə imzaladı və müharibədən çıxdı.

***

Birinci Dünya Müharibəsindən məğlub ayrılan Türkiyənin bir tərəfdə, 13 dövlətin isə (Böyük Britaniya, Fransa, İtaliya ə Yaponiya əsas müttəfiqlər kimi, Ermənistan, Belçika, Yunanıstan, Hicaz, Polşa, Portuqaliya, Rumıniya, Serb-xorvat-sloven krallığı və Çexoslovakiya ikinci dərəcəli müttəfiqlər kimi) digər tərəfdə imzaladığı Sevr müqaviləsinin II fəsli (25 maddə) boğazlar probleminə həsr olunmuşdu.

Boğazlar bundan sonra istər sülh, istər savaş dövründə bütün ölkələrin hərbi və ticarət gəmiləri üçün açıq elan olunurdu. Onların idarəçiliyi Türkiyədən alınıb Boğazlar üzrə beynəlxalq komissiyaya verilirdi. Komissiyaya 10 dövlətdən bir nümayəndə daxil ola bilərdi: ABŞ (bu ölkə Sevr müqaviləsini imzalamadığından qarşısında "əgər və nə zaman istərsə” yazılırdı), Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Yunanısatn, Rumıniya, Rusiya, Bolqarıstan və Türkiyə. Son üç dövlət komissiyaya üzv olmaq üçün əvvəlcə Millətlər Cəmiyyətinə üzv olmalı idilər.

İlk beş dövlət və Rusiya Komissiyada iki səsə malik olacaqdılar, boğazların əsl sahibi Türkiyənin də daxil olduğu dörd dövlətin isə hərəsinin bir səsi olacaqdı. Komissiya sədri postunu yalnız iki səsə malik olan dövlətlərin nümayəndələri iki ildən bir rotasiya olmaqla tuta bilərdilər. Başqa sözlə, Türkiyə nümayəndəsinin sədr olması mümkünsüz idi.

Belə şərtlər İstanbulun müdafiəsiz qalması demək idi. Həm bu, həm də Osmanlı dövlətinin ərazisinin xeyli qayçılanması türklərin kəskin narazılığına səbəb oldu. Məclis onu təsdiq etməkdən imtina etdiyindən müqavilə qüvvəyə minmədi. Qurtuluş savaşı zəfərlə başa çatandan sonra Türkiyə ilə yeni sülh müqaviləsi imzalamaq üçün çağrılan Lozanna konfransında boğazlar problemi yenidən müzakirəyə çıxarıldı.

Lozanna müqaviləsinə əlavə olaraq imzalanan konvensiya da boğazların idarəçiliyini Beynəlxalq komissiyaya verirdi. Amma bu komissiyanın sədri dəyişməz olaraq Türkiyə nümyəndəsi olacaqdı. Üzvlər isə Bolqarıstan, Böyük Britaniya, Fransa, İtaliya, Rumıniya, Rusiya, Serb-xorvat-sloven krallığı, Yaponiya və Yunanıstan nümayəndələri olacaqdılar. ABŞ konvensiyaya qoşulduğu halda komissiyaya nümayəndə göndərmək hüququna malik idi.

Müqavilə dinc dövrdə və ya Türkiyənin bitərəf qaldığı müharibə zamanı bütün ölkələrin ticarət gəmilərinin boğazlardan və Mərmərə dənizindən sərbəst keçməsinə icazə verirdi. Türkiyənin iştirak etdiyi müharibə zamanı isə bu hüquq neytral ölkələrin gəmilərinə şamil edilirdi. Düşmən ölkənin gəmilərinin boğazdan keçməsinin qarşısını almaq üçün Türkiyə istədiyi tədbiri görə bilərdi.
 

Aralıq dənizi bəşəriyyətin ilk əsas su arteriyasıdır.
Source: https://xn--h1aagokeh.xn--p1ai/wp-content/uploads/2016/05/Bosfor.jpg

Hərbi gəmilər də dinc dövrdə və Türkiyənin bitərəf olduğu müharibə dövründə boğazlardan sərbəst keçə bilərdilər. Amma bu zaman bəzi məhdudiyyətlər vardı. Məsələn, kənar dövlətlərin boğazlardan keçirdiyi qüvvələr Qara dəniz sahilində yerləşən ölkələrin ən güclü donanmasından çox ola bilməzdi. Türkiyənin iştirak etdiyi müharibə zamanı isə həmin məhdudiyyətlərə əməl etməklə yalnız neytral ölkələrin gəmiləri boğazlardan keçə bilərdilər.

Lozanna müqaviləsi Sevrlə müqayisədə Türkiyənin boğazlar üzərində hüququnu xeyli artırdı. Amma Ankara bundan tam razı deyildi, çünki boğazların ətrafı silahsızlaşdırılır, Türkiyənin İstanbulda və yaxın ətrafda hərbi qüvvə saxlamaq hüququ 12 min nəfərlə məhdudlaşdırılırdı.

Digər tərəfdən, başqa ölkələrin Qara dənizə xeyli sayda hərbi gəmi keçirmə hüququ Türkiyənin şimal ərazilərinə və buradakı limanlarına ciddi təhdid demək idi. Buna görə də Atatürk hökuməti boğazlar rejiminin dəyişdirilməsi uğrunda diplomatik səylərini sonrakı illərdə də davam etdirdi.

***

1930-cu illərdə beynəlxaq vəziyyətin gərginləşməsi boğazlar məsələsini yenidən gündəmə gətirdi. 1935-ci ildə Türkiyə hökuməti Lozanna müqaviləsini imzalayan dövlətlərə uzun bir nota göndərərək beynəlxalq vəziyyəti təsvir etdi və boğazlar haqqında yeni rejimin işlənib hazırlanması üçün konfrans çağrılmasını istədi. Notaya reaksiya müsbət oldu.

1936-cı il iyunun 22-də İsveçrənin Montrö şəhərinin Montrö otelində Türkiyədən başqa Almaniyanın, Avstraliyanın, Bolqarıstanın, Böyük Britaniyanın, Fransanın, Rumıniyanın, SSRİ-nin, Yaponiyanın, Yuqoslaviyanın və Yunanıstanın iştirak etdiyi konfrans başladı. O zaman təcrid siyasətinin populyar olduğu ABŞ Montröyə müşahidəçi də göndərmədi.

Təxminən bir ay çəkən müzakirələrdən sonra iyulun 20-də Montrö konvensiyası imzalandı. Almaniyadan başqa konfransda iştirak edən bütün dövlətlərin imzaladıqları, 29 maddədən ibarət konvensiya Boğazlar komissiyasını otadan qaldırdı, Bosfor və Dardanel üzərində Türkiyənin suverenliyi bərpa etdi. İndi boğaz sahilləri yenidən silahlandırıla bilərdi.

Dinc dövrdə və Türkiyənin qoşulmadığı müharibə zamanı bütün ölkələrin ticarət gəmiləri boğazlardan gecə və gündüz sərbəst keçə bilərdilər. Türkiyənin özünü birbaşa hərbi təhdid altında hesab etdiyi hallarda həmin gəmilər boğazlardan yalnız gündüz və türklərin göstərdiyi trayektoriya ilə keçmək hüququna malik idilər. Türkiyənin iştirak etdiyi müharibə zamanı isə onunla müharibə aparmayan ölkələrin ticarət gəmiləri Türkiyənin düşməninə kömək etməmək şərti ilə və yalnız gündüz boğazlardan keçə bilərdilər.

Hərbi gəmilərə gəldikdə isə dinc dövrdə bütün ölkələrin yüngül suüstü gəmiləri gündüz vaxtı boğazlardan keçəcəkdilər. Bu zaman Qara dəniz ölkəsi olmayan dövlətin eyni vaxtda boğazlardan keçən gəmilər qrupunun ümumi tonnajı 15 min tondan çox, gəmilərin sayı isə 9-dan çox olmamalı idi. Qara dəniz ölkəsi gəmilərinin tonnajı çox ola bilərdi, amma boğazlardan bir-bir keçməli idilər.

Yalnız Qara dəniz ölkələri xarici ölkədə aldıqları sualtı qayıqları öz ölkələrinə gətirmək, eləcə də onları xaricdə təmir edib geri qaytarmaq üçün boğazlardan gündüz vaxtı və suüstü vəziyyətdə keçə bilərdilər. Digər hallarda, eləcə də digər dövlətlərin sualtı qayıqlarının boğazlardan keçmək hüququ yox idi.

Qara dəniz sahilində yerləşməyən ölkələrin buradakı hərbi gəmilərinin ümumi tonnajı eyni zamanda 30 min tondan çox ola bilməzdi. Bu gəmilərin hər biri Qara dənizdə ən çox 21 gün qala bilərdi.

Türkiyənin iştirak etmədiyi müharibə zamanı boğazlar bütün döyüşən tərəflərin hərbi gəmiləri üçün qapadılırdı. Yalnız öz ölkəsinə qayıtmaq istəyən gəmilərə keçid verilirdi. Bitərəf dövlətlərin hərbi gəmiləri isə əvvəlki qaydalara uyğun şəkildə boğazlardan keçə bilərdilər.

Türkiyə özü müharibədə iştirak edərsə və ya, hətta özünü bilavasitə hərbi təhdid altında hiss edərsə, boğazlardan keçidi istədiyi kimi tənzimləmək hüququ vardı. İkinci halda Millətlər Cəmiyyəti 2/3 səs çoxluğu ilə Türkiyənin qərarını əsassız hesab edə və ləğvini istəyə bilərdi.

Müqavilə 20 il müddətinə imzalanmışdı və əgər müddətin bitməsinə 2 il qalana qədər tərəflərdən biri denonsasiyaetmək istədiyini bildirməzdisə, avtomatik uzadılırdı. İkinci dünya müharibəsindən sonra Stalin Montrö rejiminə qarşı narazılığını bildirdi və boğazlara Türkiyə ilə birlikdə nəzarət etmək istəyini ifadə etdi. Amma Stalinin ölümündən sonra sovet hökuməti bu iddialardan vaz keçdi. Beləcə, Montrö konvensiyası indi də qüvvədədir.

***

Montrödən imtina Türkiyənin xeyrinə, yoxsa zərərinə olardı? İlk baxışda bu önəmli strateji nöqtə üzərində daha çox, qeyri-məhdud səlahiyyətə malik olmaq cazibədar görünə bilər. Amma daha çox səlahiyyət eyni zamanda daha çox da məsuliyyət, daha çox da, loru dildə desək, "başağrısı” deməkdir.

Montrö müqaviləsi həddindən artıq zəruri bir məqamda imzalandı və boğazları (başqa sözlə, İstanbul sahillərini) hərbi əməliyyatlar meydanı olmaqdan xilas etdi. İnönü iqtidarı həm Berlindən, həm də Moskvadan gələn təzyiqlərdən Montröyə istinad etməklə yaxasını qurtarırdı.

Rusiya Montrö müqaviləsinin ləğvini isti qarşılamayacaq. Sirr deyil ki, Türkiyə Rusiya ilə baş-başa qalacaq gücdə deyil. Bu gün Bayden daha sərt siyasət yürüdüb Türkiyəyə kömək vəd edə bilər, amma sabah Vaşinqtonda daha dişsiz prezident oturduğu halda Türkiyəni Rusiyaya qarşısında tək buraxa bilər. Buna görə də Ankaranın Montrödən imtinasının riskli addım olduğunu düşünürəm.

Digər tərəfdən isə, tamamilə mümkündür ki, bütün bu hay-küy real addıma çevrilməsin. Rəcəb Tayip Ərdoğan zaman-zaman belə gündəmlər yaratmaqda, əhalinin duyğularından istifadə edib sonra da heç bir real addım atmamaqda mahirdir. Bir zaman ciddi-ciddi müzakirə edilən "edam cəzasının bərpası”nı xatırlatmaq olar. Bu baxımdan istisna deyil ki, Montrö mövzusu da bir gün sakit-sakit gündəmdən çıxacaq.

Yazı "Meydan TV"dən götürülüb.