Bu dəfə Gömrük Komitəsini Baş Prokurorluq yoxlayır
26-01-2023 11:29 / Bu xəbər 1243 dəfə oxundu
Əməliyyatın Aksizli Mallar İdarəsində aparıldığı bildirilir
Prokurorluq əməkdaşları Dövlət Gömrük Komitəsində əməliyyat keçirir.
Meydan TV-nin əldə etdiyi məlumata görə, əməliyyat komitənin Aksizli Mallar İdarəsində aparılır.
Baş Prokurorluğun mətbuat xidməti də Meydan TV-yə əməliyyatın keçirildiyini təsdiqləyib.
Qurumdan bildirilib ki, əməliyyat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilir.
"Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, – Baş Prokurorluqdan belə deyilib.
Gömrük Komitəsi ötən il də tez-tez korrupsiya yoxlamaları ilə göndəmə gəlirib.
2022-ci il iyulun 16-da Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.
Ondan bir neçə gün əvvəl isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsində (DGK) keçirdiyi əməliyyat nəticəsində qurumun yüksək vəzifəli şəxsləri həbs edilib.
DGK yanında "Azərterminalkompleks” birliyinin direktoru Ehtiram Xəlilov, komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi Şükür Səfərov və Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov həbs olunub.
İyulun 18-də isə Şahin Bağırov Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini təyin edilib və İlham Əliyevin sərəncamı ilə DGK-nin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Şahin Bağırova həvalə edilib.