Venesiya Komissiyasının tanımadığı qanunun ləğvi tələb olundu

Venesiya Komissiyasının tanımadığı qanunun ləğvi tələb olundu

06-02-2023 17:33 / Bu xəbər 1490 dəfə oxundu

Fevralın 6-da müstəqil jurnalistlər "Media haqqında” Qanunun dəyişdirilməsi ilə bağlı ictmai müzakirə keçiriblər.

Tədbirin moderatoru, "AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı giriş nitqində bildirib ki, "Media haqqında” Qanunun jurnalistlərin sərbəst fəaliyyətinə əngəl yaradır.

Onun sözlərinə görə, mediaya reyestrindən keçmək məcburi olmamalı, jurnalistlərə vahid vəsiqə ilə işləmək tələbi qoyulmamalıdır.

Jurnalist qeyd edib ki, icazəli işləmək media nümayəndələri üçün qəbuledilməzdir və bu tələb aradan qaldırılmalıdır. 

Hüquqşünas Ələsgər Məmmədli deyib ki, qanun qəbul edilənən bu yana bu problem gündəmdən düşməyib.

O, çıxışında Venesiya Komissiyasının qanunla bağlı mənfi rəyinə toxunub: "Venesiya Komissiyası da qeyd edib ki, bu qanun Avropa İnsan Hüquqları Konvensiyasına ziddir. Konvensiya yalnız teleradio sahəsinin lisenziyalaşmasını uyğun görür, bunun xaricində heç bir medianın xüsusi icazə sisteminə tabe olmasını dəstəkləmir. İstənilən bu tip icazə media azadlığına müdaxilədir. Bizim yeni qanunda da yalnız teleradio sahəsi yox, bütün media sferasının icazə sisteminə tabe olunması nəzərdə tutulur. Bu da media azadlığını məhdudlaşdırmaq deməkdir. Bütün bunlar gerçək medianın ləğvinə, yalnız ələbaxan medianın fəaliyyətinin mümkünlüyünə atılmış addımdır”.

Ələsgər Məmmədli deyib ki, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu məsələ ilə bağlı açıqlama verib. Deyib ki, hansısa media reyestrdən keçməyibsə, deməli, mövcud deyil: "Vətəndaşa şəxsiyyət vəsiqəsi verməyəndə o, mövcud olmur? Bəs adam öldürsə, necə? O zaman kim məsuliyyətə cəlb ediləcək? "Yox”a qarşı ittiham qaldırmaq olarmı? Bütün bu kampaniyaya qarşı gələn hökumət mediası da bir gün anlayacaq ki, biz həm də onların yaxşılığını istəyir, onların sifarişlə yazı hazırlamasının əleyhinəyik. Hökuməti tənqid edənlərə jurnalistlər cavab verməməlidir. Çünki jurnalistlər hökuməti təmsil etmirlər. Nədənsə onlara elə gəlir ki, hökuməti təmsil edirlər”.

Hüquqşünas hesab edir ki, hökumət bu qanundan imtina etməlidir: "Bir an öncə həm konstitusiyanın, həm konvensiyanın, həm də azad jurnalistlərin haqlı tələblərini diqqətə alıb qanunu dəyişməli, xüsusən də medianın reyestr məsələsinə birbaşa gətirilən çoxsaylı məhdudlaşdırıcı normalardan və reyestrin bu formatından imtina edilməlidir. 

"Deyirlər ki, bir xəbər saytı günə 20 xəbər yazmalıdır. Necə ola bilər ki, siz qanunla redaksiya siyasətinə təsir etməyə çalışırsınız? Redaksiya özü bilər bir gündə 10 xəbər verər, yoxsa 100. Bu, redaksiyanın siyasətidir. Hökumət redaksiya siyasətinə öz möhürünü vura bilməz ki, yox, 19 xəbər getsə, səni qapadacağam, cərimələyəcəyəm”, - deyə o bildirib. 

Ələsgər Məmmədli vurğulayıb ki, redaksiya nəyi verib-verməyəcəyini, nəyin aktual olduğunu özü müəyyənlləşdirə bilər: "Bunu dərk etmək lazımdır. Dərk etmirlər, sonra da başlayırlar ki, bu insanlar Qərbə, İrana, Ermənistana xidmət edirlər. Bir qərar da verə bilmirlər ki, bu qanuna etiraz edənlər hara xidmət edirlər. Axı bir neçə yerə xidmət etmək mükü də deyil”.

Tədbirdə çıxış edən Meydan TV-nin redaktoru Aynur Elgünəş isə deyib ki, qanun jurnalistərin sərbəst fəaliyyətini məhdudlaşdıracaq: "Meydan TV-nin baş ofisi Almaniyada yerləşir, orada qeydiyyatdan keçib. İllərdir ki, çalışırıq Azərbaycanda akreditasiyadan keçək, amma keçirmirlər. Fəaliyyətimiz məhdudlaşdırılıb. Təəssüf ki, indiyədək bizə tətbiq olunan məhdudlaşdırmalar bu gün bütün müstəqil media və jurnalistlərin fəaliyyətinə tətbiq edilməyə başlayıb. Deyirlər ki, media qurumlarının reyestrdən keçməsi məcburidir, amma müstəqil jurnalistlər keçməsi könüllüdür. Gəlin baxaq, könüllüdür, amma jurnalist gedir küçədə sorğu keçirməyə. Polis yaxınlaşır, kim olduğunu soruşur və axtarır, reyestrdə adı yoxdursa, onu jurnalist hesab etmir. Əhməd İsmayılov özü də bir dəfə demişdi ki, reyestrdən keçməmisənsə, deməli, jurnalist deyilsən. Bunun özü polislərə əsas verir ki, jurnalistə rahat şəkildə mane olsun”.

Onun sözlərinə görə, onsuz da dövlət tədbirlərinə, mətbuat konfranslarına müstəqil jurnalistlər buraxılmırdı. Bundan sonra da onların sərbəst hərəkətini qanunla qadağan edəcəklər.

"Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə qanunu bütövlükdə yararsız sayıb və tətbiqinin dayandırılmasını vacib sayıb. 

O deyib ki, bu qanunla bağlı məhdudiyyətlərin tətbiqi gec-tez Avropa Məhkəməsinə çıxacaq. 

Əliyev hesab edir ki, bu qərarlar da Avropa Məhkəməsi tərəfindən ləğv olunacaq. 

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev reyestrin ciddi narahatlıqlara səbəb olduğunu deyib. 

Onun sözlərinə görə, hökumət, dövlət orqanları özləri də hazırda bu qanunun qarşısında girinc qalıblar. Bu az qala hər gün verdikləri bəyanatlardan da görünür, çünki qanun layihəsinin özündə boşluqlar çoxdur.

O, reyestrdə təhlükəli məqamların olduğunu da diqqətə çatdırıb və bildirib ki, qanun layihəsi ləğv edilməlidir. 

"Basta.info” saytının redaktoru Mustafa Hacıbəyli qeyd edib ki, indiyə qədər kimlərisə həbs etməklə, cinayət işi qaldırmaqla, təqiblə, kimlərisə ələ almaqla, bəzilərini də ölkədən didərgin salmaqla susdurublar. 

Onun fikrincə, hökuməti tənqid edən çox az media qurumu və jurnalist qalıb: "Müstəqil mətbuatın inkişafı üçün üçün maddi baza əllərindən alınıblar. Hökumətin resusrslarını mediaya qarşı səfərbər ediblər. Son addım da nəzarətə götürə bilmədiyi media və jurnalistləri sıradan çıxarmaq üçündür”.

Media hüququ üzrə ekspert Xalid Ağalıyev bildirib ki, 2021-ci il dekabrın 6-da Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) qətnaməsi qəbul olunub.

Xalid Ağalı qeyd edib ki, bu, AİHM-in jurnalistlərlə bağlı qərarılarının icrası ilə bağlı idi. 

Hüquqşünasın fikrincə, Azərbaycan hökumətindən tələb odur ki, qanun Avropa standartlarına uyğunlaşdırılmalıdır: "Tamamilə dəyişdirilməlidir. Qanun bir müddət sonra hamıya problem yaradacaq, sadəcə, 10-15 nəfər müstəqil jurnalistə yox".

"Toplum TV”nin baş redaktoru Xədicə İsmayıl əvvəllər də mediaya məhdudiyyətlərin olduğunu deyib. 

"Biz nə vaxt hansısa tədbirə getdik və adımız siyahıda vardı? Yaxud hansısa tədbiqə buraxılmışıq? Özümüzü aldatmayaq, əvvəllər də normal işləyə bilmirdik. Bizim üçün reyestr qeyri-rəsmi olaraq hər zaman mövcud olub. Mənə gülməli gəlir: Əhməd İsmayılov qərar verəcək ki, mən jurnalistəm? Yaxud başqa biri jurnalistdir, ya yox… Bunu etməklə, əslində, normal media platformalarından insanları sosial mediaya itələyirlər”.

Xədicə İsmayıl deyib ki, media reyestri tərcübəsi heç bir normal inkişaf edən ölkədə yoxdur, yalnız Mussolini dövründə İtaliyada olub.

"Arqument.az” saytının redaktoru Şəmşad Ağa da qanunun və reyestrin ləğv edilməsini vacib sayıb. 

O deyib ki, media reyestri jurnalistlər üçün könüllü deyil, bu kimi fikirlər, sadəcə manipulyasiyadır, cəmiyyəti aldatmaqdır. Çünki bir şey qanunda varsa, könüllü ola bilməz.

Tədbirdə çıxış edən jurnalistlər - Samirə Əhmədbəyli və Samirə Qasımlı da "Media haqqında" Qanunun mürtəce olduğunu deyiblər. Onlar hesab edirlər ki, bununla hökumət müstəqil medaının fəaliyyətini məhdudlaşdırmağı hədəfləyir. 

Digər jurnalistlər də "Media haqqında” Qanunun informasiya cəmiyyətini təhlükə altına atdığını vurğulayıblar.

Bir neçə gün öncə Azərbaycanda fəaliyyət göstərən 40 media təmsilçisi bəyanat yayaraq "Media media haqqında" Qanun və Media reyestrinin ləğvini tələb edib

Jurnalistlər beynəlxalq təşkilatlara müraciət edərək bu məsələnin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıblar. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bildirib ki, media resyestri kiminsə jurnalist olmasını təmin etmir.

O qeyd edib ki, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər.

2021-ci ilin sonunda Azərbaycanda "Media haqqında Qanun” parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.

2022-ci ilin fevralında ölkə başçısının qanunu təsdiqləməsilə qüvvəyə minib. Yeni qanun media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.

Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib. 

Bundan sonra Medianın İnkişafı Agentliyi mart ayına qədər jurnalistlərə və media orqanlarına reyestrdən keçmək üçün vaxt qoyub.