Əlizamin Salayev ölüm anonsu verdi

Əlizamin Salayev ölüm anonsu verdi

03-05-2023 00:03 / Bu xəbər 1387 dəfə oxundu

"Buradan ya meyitim çıxacaq, ya da azad olunacağam”

Vəkil Nemət Kərimli: "Daxili İşlər Nazirliyindən bildirildi ki, ərazidəki kameraların heç biri hadisə vaxtı işlək vəziyyətdə olmayıb. Niyə?”

Qaradağ rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan təşkilatının sədri, 85 gündür həbsdə aclıq etdiyi bildirilən Zamin (Əlizamin) Salayevin məhkəməsi başlayıb

Mayın 2-də hakim Rufan Mürsəlovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib.

Əlizamin salayevin vəkilləri onun işinə Rufan Mürsəlovun baxmasına etiraz ediblər. Bu barədə yazılı etirazlarını məhkəməyə təqdim ediblər. 

Vəkillər bildirib ki, bu hakimin iş üzrə obyektiv və ədalətli qərar verəcəyinə şübhə ilə yanaşırlar. Çünki bundan öncə Əlizamin Salayevin ev dustaqlığına buraxılması haqda vəsatətə baxılanda ona qarşı qərəzli davranıb, ittiham tərəfinin mövqeyindən çıxış edib: "Hakim neytral mövqedə dayanmalıdır. Amma Rufan Mürsəlov ev dustaqlığıyla bağlı vəsatətimizin təmin olunmaması haqda qərarda ittiham tərəfi kimi çıxış edib, yeni əsaslar yaradaraq qərarda yazıb. Bu, ittiham tərəfinin işidir”.

Vəkillərin vəsatəti baxılmamış saxlanılıb.

Müdafiəçilər bildirib ki, ümumiyyətlə, Əlizamin Salayevin işində çoxsaylı qanun pozuntularına yol verilib, maddi və prosessual hüquq normaları pozulub.

Vəkil Nemət Kərimlinin sözlərinə görə, Əlizamin Salayevin Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirdiyi iddia olunan ərazidə 9 müşahidə kamerası var: "Fevralın sonunda Daxili İşlər Nazirliyindən bildirildi ki, o müddətdə hadisə baş verən zaman müşahidə kameraları işlək vəziyyətdə olmayıb. Hadisə fevralın 6-dan 7-nə keçən gecə baş verib. Niyə? Kameraların işləməməsinə görə kimsə cəzalandırılmayıb”.

Vəkil Əlizamin Salayevin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Digər müdafiəçi Fəxrəddin Mehdiyev də onu müdafiə edib. 

O, müvəkkilinin 85 gündür aclıq etdiyini, nəticədə səhhətində kəskin problemlər yarandığını vurğulayaraq, hakimdən humanizm prinsiplərini rəhbər tutmasını xahiş edib.

Fəxrəddin Mehdiyev onu da əlavə edib ki, artıq istintaq başa çatıb, Əlizamin Salayevin kiməsə təsir göstərmək, məhkəmədən yayınmaq niyyəti də yoxdur.

Zərərçəkmiş qismində tanınan Natiq Süleymanov onun ev dustaqlığına buraxılmasına etiraz edib. Əlizamin salayevi bağışlamadığını və onunla barışmadığını deyib.

Prokuror da ev dustaqlığıyla bağlı vəsatətin təmin olunmamasını istəyib. Dövlət ittihamçısı hesab edir ki, Əlizamin Salayev azadlığa buraxılsa da, şahidlərə təsir göstərə bilər, məhkəmədən yayınar və s.

Hakim Rufan Mürsəlov da vəsatəti təmin etməyib.

Məhkəmədə iştirak edən siyasətçilər, o cümlədən AXCP sədri Əli Kərimli, Müsavat partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu və digərləri Əlizamin salayevdən aclığı dayandırmasını xahiş ediblər. Lakin o, müraciət edən hər kəsə hörmətlə yanaşdığını bildirərək, aclığı davam etdirməkdə israrlı olduğunu deyib.

"Çünki məni heç nədən şərləyiblər, azadlığımı əlimdən alıblar. Ona görə mənim də buradan ya meyitim çıxacaq, ya da azad olacam”, – Əlizamin Salayev ona ünvanlanan müraciətlərə belə cavab verib.

Onun işi üzrə məhkəmə baxışı mayın 11-nə təyin olunub.

Əlizamin Salayev fevralın 7-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 221.3 maddəsilə ittiham irəli sürülüb. 

Bu maddədə 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

O, bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. 

Həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.

Əlizamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan az sonra Əlizamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. 

İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə bir neçə illik həbslə cəzalandırılıb. 

O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə özü haqqında deyilənləri təkzib edib.

Zamin Salayev ötən yay Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.