“Azərbaycanda media qurumları qeydiyyatdan keçməyə məcbur edilir”
09-03-2023 16:58 / Bu xəbər 1140 dəfə oxundu
"Azərbaycanda media orqanları və jurnalistlərə əlavə məhdudiyyətlər tətbiq edilir”
"Dünyada qlobal azadlıqlar artıq 17-ci ildir ki, geriləyir”.
"Freedom House” beynəlxalq insan hüquqları təşkilatının martın 9-da açıqladığı "dünyada azadlıqlar” barədə illik hesabatında belə deyilir.
Hesabata görə, Moskvanın artıq bir ildən artıqdır ki, davam edən işğalçı müharibəsi Ukraynada insan hüquqları sahəsində ciddi problemlər yaradıb. Müharibə bu ölkədə dağıdıcı və vəhşiliklərlə yadda qalır: "Rusiyada azadlıqların geriləməsi onunla qonşu ölkələrə də təsir edib. Sovet İttifaqının çöküşündən 30 il keçsə də, Rusiyanın hesabına Avrasiyada avtoritarizm dominantlıq edir”.
Keçmiş sovet ölkələrindən yalnız üç Baltik ölkəsi – Estoniya, Litva və Latviya "azad” sayılıb. Bu ölkələr Avropa İttifaqı və NATO üzvləridir.
Azərbaycan isə 9 balla Çin, Myanma, Yəmənlə eyni sıraları bölüşür.
Gürcüstan 58, Ermənistan 54 balla qismən azad sayılıb.
"Demokratik idarəçiliyin olmaması regionda sabitsizlik yaradıb, avtokratlar qonşularına qarşı, eləcə də daxili narazılığı susdurmaq üçün hərbi gücə əl atır”, – hesabatda vurğulanır.
Türkmənistan azadlıqlara görə, dünyada ən pis üçüncü, Tacikistan isə yeddinci ölkə sayılıb.
"Freedom House” eyni zamanda Qafqaz və Orta Asiya ölkələrinin "Rusiyanın Ukrayna ərazisini ilhaqını tanımaqdan imtinası”nı, Rusiya banklarına qarşı beynəlxalq sanksiyalara əməl etməsini alqışlayıb.
Belarus isə istisnadır. Səbəb isə bu ölkənin lideri Aleksandr Lukaşenkanın Ukraynaya qarşı müharibədə Rusiya ilə sıx əməkdaşlıq etməsidir.
Ötən il dünyada qeyri-azad sayılan 57 ölkədən 16-sı bu il siyasi hüquqlar və mülki azadlıqların boğulduğu yer kimi ən aşağı həddə çatıb.
Cənubi Sudan, Türkmənistan, Suriya 1, Tacikistan 7, Əfqanıstan və Belarus 8 bal yığıb.
"Freedom House” qeyd edir ki, demokratiya uğrunda mübarizə dönüş nöqtəsinə yaxınlaşa bilər.
2022-ci ildə isə ümumi azalma qeydə alınan ölkələrin sayı arasındakı fərq son 17 ilin ən pis göstəricisidir.
"Avtoritarlar son dərəcə təhlükəli olsalar da, məğlubedilməz deyillər. İlin hadisələri göstərdi ki, avtokratlar yanılmazlıqdan uzaqdırlar və onların səhvləri demokratik qüvvələr üçün yol açır”.
"Freedom House” bildirib ki, Rusiya və İran kimi ölkələrdə ifadə azadlığının məhdudlaşdırılması fonunda demokratiya uğrunda mübarizə həlledici məqama çatır.
2022-ci ildə ifadə azadlığının sıfır bal yığdığı ölkələrin sayı ötən illərlə müqayisədə 14-dən 33-ə qalxıb.
Ən azı 157 ölkə və ərazidə media azadlığı təzyiq altında qalıb. Şəxsi həyatın toxunulmazlığı ilə bağlı ballar da çox aşağı səviyyəyə enib.
Təşkilatın hesabatına görə, azadlıq və demokratiyanın geriləmə ilə üzləşməsinin səbəbləri sırasında müharibə, çevrilişlər, qanunsuz liderlərin demokratik qurumlara basqısı da var: "Avtoritarların əməkdaşlığı öz maraqları ilə motivasiya olunur. Yəni rejimlərin prioritetləri üst-üstə düşməyəndə, yaxud onlar müəyyən demokratik təzyiqlə üzləşəndə bu əməkdaşlıq çat verir”.
Bu baxımdan təşkilat KTMT ötən ilin əvvəlində Qazaxıstandakı böhrana reaksiya verməsini, Ermənistana isə "qonşu Azərbaycanın onun suveren ərazisinə təkrarlanan hücumları fonunda” kömək göstərməməsini qeyd edir.
Hesabatda Ermənistanın Rusiyanın rəhbərlik etdiyi blokun yeganə "qismən azad” ölkəsi olması vurğulanır.
Yerevan Bakının 2020-ci il müharibəsindən sonra sərhəd toqquşmaları nəticəsində onun ərazisinə girdiyini deyir.
Azərbaycan isə bu iddiaları təkzib edib, sərhədlərin delimitasiya olunmadığını bildirib.
Azərbaycan həmin il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb.
Qarabağda ermənilər yaşayan yerlərə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.
"Freedom House” hesabatında həmçinin qeyd edir ki, Azərbaycan və Qazaxıstanda media orqanları və jurnalistlərə əlavə məhdudiyyətlər tətbiq edilir.
Yeni qəbul edilən qanunvericiliklə jurnalistlər, media qurumları qeydiyyatdan keçməyə məcbur edilir.
Azərbaycanda yeni media qanunu 2022-ci ilin əvvəllərində təsdiqlənib.
Müstəqil jurnalistlər hesab edirlər ki, qanun onların fəaliyyətini məhdudlaşdırır, hökumət rəsmiləri isə əksinə, onlara kömək məqsədi daşıdığını bildirir.
Venesiya Komissiyası da həmin qanuna mənfi rəy verib.
Qanunun qəbulu ölkədə bir ildən artıqdır ki, səngiməyən etirazlara səbəb olub.
Hesabatda demokratik trayektoriyası diqqət mərkəzində olan ölkələr sırasında Ermənistanla Türkiyənin adı çəkilir.
"Azərbaycan qüvvələri sərhəd boyunca Ermənistan ərazisinə hücum edərək tutub, bu isə Yerevanda demokratik hökumətə təhdid yaradır, tammiqyaslı müharibə riskini artırıq”, – hesabatda qeyd edilir.
Azərbaycan hakimiyyəti dəfələrlə sülh sazişi imzalamağa hazır olduğunu, Ermənistanın bu prosesi yubatdığını bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə Azərbaycan tərəfin sülhə qol qoymadığını deyib.
Türkiyə barədə isə qeyd edilir ki, hökumət seçki qanunları ilə manipulyasiya edib, "dezinformasiya”ya görə sərt cərimələr tətbiq edib.
Bu isə 2023-cü ilə planlaşdırılan seçkilər öncəsi müxalifətin fəaliyyətini əngəlləyib.