Əli Əliyevin 4-cü cinayət işi: VİP sədri məhkəmədə...
12-11-2022 13:41 / Bu xəbər 1354 dəfə oxundu
Əli Əliyevin dördüncü "cinayət işi"ndə nələr var?..
Noyabrın 11-də Sabunçu Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin növbəti məhkəməsi keçirilib.
Məhkəmə başlayan kimi Əli Əliyev iki vəsatət təqdim edib. Bunlardan biri onun İstintaq Təcridxanasındakı 10 saylı korpusda saxlandığı müddətdə evdən göndərilən sovqatların siyahısının məhkəməyə təqdim olunmasıyla bağlı olub.
Əli Əliyev iddia edir ki, hazırda zərərçəkmiş kimi tanınan Zabit Nəzərovla eyni kamerada yaşadığı müddətdə kamera yoldaşları ona evdən gələn sovqatlarla dolanıb.
İkinci vəsatət 47-ci kamerada saxlanılan məhkumlar Elçin Abbasovla Xəlilhüseyn Həsənovun məhkəməyə əlavə şahid qismində gətirilməsinə görəydi. Hakim vəsatətlərin heç birini təmin etməyib.
Partiya sədri ifadəsində nə deyib...
Sonra Əli Əliyev ifadə verib. O, məhkəməyə bildirib ki, qısa müddətdə dördüncü məhkəməsidir. Bu məhkəmələrin hamısı onun siyasi fəaliyyətiylə bağlıdır. Siyasi hakimiyyət onu siyasi arenada zərərsizləşdirmək məqsədilə cəmiyyətdən və ictimaiyyətdən təcrid vəziyyətdə saxlamaq qərarına gəlib.
Buna görə DSX, DTX, ölkənin prokurorluq, məhkəmə, saxta rəylər vermiş ekspertiza qurumları ona qarşı birləşib. Əli Əliyevin sözlərinə görə, ona qarşı qurulmuş hazırkı qurama cinayət işində narkotik ticarətçilərindən və dələduzlardan istifadə olunub.
Dördüncü dəfədir ki, mühakimə olunan Əli Əliyev...
Dördüncü dəfədir ki, mühakimə olunan Əli Əliyev deyib ki, bu ilin yanvarında Yasamal məhkəməsi barəsində hökm çıxarandan sonra saxlandığı Bakı istintaq Təcridxanasının rəhbərliyi ona cəzası başa çatanadək təsərrüfat işçisi kimi təcridxanada qalmasını təklif edib. O da təklifi qəbul edib və kitabxana işçisi kimi rəhbərliklə müqavilə bağlayıb. Bundan sonra əvvəlcə 10-cu korpusun 47, sonra 4-cü kamerasına köçürülüb. Orada ona məlum olub ki, narkotikə görə dörd dəfə məhkum edilmiş narkoticarətçi və 149 nəfəri aldatmış keçmiş yol polis işçisiylə eyni kamerada yaşamalı olacaq.
"Niyə kiminsə başına banka vurmalıydım ki?.."
Əli Əliyev deyib ki, 4-cü kamerada qaldığı müddətdə onun kiminsə otaq yığışdırmasına ehtiyacı olmayıb: "Mənə hər həftə 250-300 manat sovqat gətirilirdi. Bu ayda təqribən 1000 manat edir. Mən gündə 2 dəfə yemək yeyən adamam. Bunun lap 250-300 manatını mən yeyim, yerdə qalan hissəsini bu 3 nəfər yeyirdi. O cümlədən bu Zabit Nəzərov. Mən sizdən sovqat siyahısının məhkəməyə gətirilməsini ona görə istədim ki, görəsiniz ki, mənim kiminsə otaq yığışdırmasına ehtiyacım olmayıb. Həftəsi 5 manata otaq yığışdıran şəxslər var. Bu ayda 20 manat edir. Yəni mən ayda 20 manat verib bu şəxslərə otağımı yığışdırda bilməzdim?nQabların yuyulmasına gəlincə, bizdə qablar bir gündən bir yuyulur. Lap deyək ki, günə 2-5 manat arası pul verib bu işlə məşğul olan şəxslərə qablarımı yudurda bilərdim. Bu hamısı eləsin 150-170 manat. Buna görə nəyə görə kiminsə başına banka vurmalıyam ki?..”
Əli Əliyev ifadəsinə davam edərək bildirib ki, Zabit Nəzərov hər gün kameradan çıxıb yük daşımağa gedir, sonra kameraya qayıdırmış.
Avqustun 23-də də səhər o başdan kameradan çıxan Zabit Nəzərov 10.30 radələrində geri qayıdıb. Zabit Nəzərovun kameraya ərzaqla dolu sellofan torbayla qayıtması həmin vaxt divanda uzanaraq televizora baxan Əli Əliyevi təəccübləndirib.
"Zabit Nəzərov Lənkəran MERO-nun rəisinin sürücü olduğu müddətdə..."
O, məhkəmədə iddia edib ki, kamera yoldaşı ilk dəfəymiş kameraya əlidolu gəlirmiş: "Torbada kartof, soğan, kolbasa, toyuq vardı. Bir də diqqətimi boş banka çəkdi. 800 qramlıq banka idi. Torbanı masanın üstünə qoydu, həyəcanlı, gərgin idi. Bilirdim ki, Zabit Nəzərov Lənkəran MERO-nun rəisinin sürücü olduğu müddətdə sürücülük vəsiqəsi düzəltmək və sair bəhanələrlə 149 nəfərdən pul alıb, dələduzluq edib. Onlardan yalnız 9 nəfərinin şikayəti qəbul edilib, həbs olunub. Ancaq qalan 140 nəfərin şikayəti araşdırılır. Bir neçə gün əvvəl Zabit demişdi ki, araşdırmalar başa çatmaq üzrədir, vəziyyəti yaxşı olmayacaq".
"Mən də həmin anda düşündüm ki, gərginliyi, narahatçılığı buna görədir. Torbadakı ərzaqları masaya düzdü, bankanı da çıxartdı. Sonra digər masanın üstündəki iki boşqabı bir birinin ardıyca divara çırpıb sındırdı. Sonra da bankanı götürüb iki dəfə öz başına vurdu. Banka sınmadı. Çünki zərblə vurmağa əli gəlməmişdi. Mən reaksiya vermirdim, sakitləşməyini gözləyirdim. Birdən bankanı yerə çırpdı, sındı. Şüşə parçasını götürüb ayaqyolunun açarına tərəf gedəndə narahat oldum. Düşündüm ki, bəlkə ayaqyolunda şüşə parçasıyla damarını doğramaq fikrinə düşüb. Təcridxana işçilərini köməyə çağırmaq üçün dəhlizə çıxdım”, - deyə o bildirib.
"Elə kameradaca qollarımı burdular..."
Təqsirləndirilən şəxsin ifadəsinə görə, dəhlizdə artıq hadisələrin sonunu gözləyən təcridxana zabitləri toplaşıbmış. Əli Əliyev onları köməyə çağırıb. Təcridxana nəzarətçiləri kameraya girib, bir neçə işçi isə onun qoluna girib, onu da kameraya gətirib. Kameraya daxil olanda görüb ki, Zabit Nəzərov şüşə parçasıyla öz alnını cızıb. İstintaq Təcridxanasının rəis müavini Əhəd Abdıyev ona deyib ki, bunu sən etmisən. Əli Əliyevin ifadəsindən:
"Elə kameradaca qollarımı burdular, yalnız o anda anladım ki, keçmiş ədliyyə işçisi, hər gün təcridxanaya mülki geyimdə gələn, telefonlara nəzarət edən İxtiyar adlı şəxsin kamera yoldaşım Zabit Nəzərovu tez-tez yanına çağırması, dəhlizdə bir yerdə görünmələri, külli miqdarda narkotik alverinə görə dördüncü məhkumluğunu keçirən digər kamera yoldaşımın son günlər tez-tez inzibati binaya çağırılması və sair mənə qarşı bu planın hazırlanmasına görə imiş”.
Əli Əliyev deyib ki, təcridxananın inzibati binasının üçüncü mərtəbəsində ondan izahat ala bilməyib, ikinci mərtəbəyə düşürəndə təəccüblənib: "Orada məni prokurorluğun müstəntiqi və tibbi ekspert gözləyirdi. Dedilər ki, sən gəl yaxşılıqla izahat yaz, biz də çıxıb gedək, səhərdən ac-susuz burda oturmuşuq”.
"Bankanın üzərində ovuc izlərim də olmalıydı"
Əli Əliyev daha sonra bildirib ki, təcridxana işçiləri ona "sən vurmusan, boynuna al” deyə-deyə mənəvi-psixoloji təzyiqlər göstəriblər. Təcridxana rəhbərliyi isə onu 3 günlük cərimə təcridxanasına – karserə salıb.
Karserdən çıxandan sonra qolları arxasında qandallı vəziyyətdə yenə inzibati binaya gətirilib: "2-ci mərtəbədə koridorun sonunda pəncərənin qarşısında 2 ağ xalatlı şəxsin üzü pəncərəyə dayandığını gördüm. Düşündüm ki, yəqin, mənə iynə vurub öldürmək üçün gəliblər. Çünki gördülər ki, təbii yolla məni sıradan çıxara bilmirlər. Bunlar gözləyirdilər ki, mən insult olacağam".
"Ekspertiza rəyində ovuc izlərimlə bağlı heç nə yoxdur. Çünki ağıllarına gəlməyib ki, əgər mən adamı bankayla vurmuşamsa, bankanın üzərində ovuc izlərim də olmalıydı”, - deyə o bildirib.
Əli Əlyev deyib ki, kamera yoldaşının onun üzünə durması üçün hədələyiblər: "Deyiblər, ya dediyimizi edəcəksən, ya da 140 nəfərin şikayətinin araşdırması bitir, sənə bu dəfə daha ağır maddələrlə cinayət işi açacağıq. O da çarəsiz qalaraq qəbul edib”.
"Əgər siyasi hakimiyyət bir siyasətçiyə qarşı narkomandan istifadə edirsə..."
Əli Əliyev ifadəsinin sonunda hakim Anar Rzayevdən siyasi oyunun bir parçası olmamasını xahiş edib və ifadəsini belə bitirib: "Mənə qarşı qurulmuş bu iş siyasi sifarişdir. Hakimiyyət həbsdə olduğum müddətdə ailəmə qarşı təzyiq və təhdiddən istifadə edir. Bundan başqa, hakimiyyət mənə qarşı narkotik aludəçisi, qətl törətmiş biri və 149 nəfərə qarşı dələduzluq etmiş şəxslərdən istifadə edir. Hakimiyyət bununla dövlətin imicinə zərbə vurur. Ailəmə və dövlətimə görə lazım gələrsə, siyasətdən gedərəm. Partiya rəhbərliyindən gedərəm. Qoy hakimiyyət bu adamları mənim üzərimə qoymaq məcburiyyətində qalmasın".
Əli Əlyev danışdıqca məhbus-zərərçəkən Zabit Nəzərov tez-tez ona "yalan danışırsan” deyib.
Prokuror, hakim və vəkillər təqsirləndirilən şəxsə suallar veriblər.
Əli Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 127.2.3 maddəsində 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və 1 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.