Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum: ölən və yaralanan var (Yenilənib)
27-01-2023 11:32 / Bu xəbər 1429 dəfə oxundu
İran Prezidenti İbrahim Rəisinin Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pislədiyi, məhkəmə və polis orqanlarına məsələ ilə bağlı hərtərəfli araşdırma aparmağı tapşırdığı bildirilir.
Bu barədə ölkənin vitse-prezidenti Məhəmməd Cəmşidi açılama yayıb.
"Bu kədərli xəbəri eşidəndən dərhal sonra Ayətullah Rəisi bu barədə hərtərəfli təhqiqat aparılmasını əmr etdi. O, hökumətə, Azərbaycan xalqına və mərhum diplomatın ailəsinə başsağlığı dilədi və yaralananların tezliklə sağalmasını arzuladı”, – deyə Cəmşidi əlavə edib.
_____________________________________________________________
Yanvarın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Ceyhun Bayramovun "Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək İran tərəfinin səfirliyin binasını hər cür hücumlardan qorunmasının və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin İran tərəfinin vəzifəsi olduğunu qarşı tərəfə bir daha xatırladıb.
"İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qarşı tərəfdən tələb olunub”, – deyə XİN əlavə edib.
Nazirlik qeyd edir ki, İran xarici işlər naziri Abdullahian həlak olan şəxsin ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı diləklərini çatdırıb:
"İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, səfirliyin və heyətinin təhlükəsizliyinin ən yüksək səviyyəyə qaldırıldığını diqqətə çatdırıb”.
İranlı nazir saxlanılan şəxsə qarşı silah daşımaq və diplomatın qətlə yetirilməsi üzrə cinayət işi açıldığını, onun yüksək cəzaya məruz qalacağını bildirib.
"Hadisə nəticəsində iki ölkə arasında münasibətlərin daha da gərginləşməyəcəyinə İran naziri tərəfindən ümid ifadə olunub”, – deyə nazirlik bildirib.
_____________________________________________________________
DTX səfirliyə hücumla bağlı cinayət işi açıb
Dövlət Təhlükəsizlik Xidmətində Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Dövlət Azərbaycan Təhlükəsızlik Xidməti (DTX) məlumat yayıb.
DTX bildirib ki, Cinayət Məcəlləsinin 12.2 (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət), 120.2.1 (Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;), 12.2, 120.2.4 (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə;), 12.2, 120.2.11 (Quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 12.2, 29, 120.2.7 (İki və ya daha çox şəxsi öldürməyə cəhd), 12.3, 214.2.1 (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;), 12.3, 214.2.3 (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə;) və 12.2, 228.2.1-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi açılıb.
"Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir”, – deyə bildirilir.
DTX İran İslam Respublikasının aidiyyəti qurumlarına aparılan araşdırmalarla bağlı zəruri məsələlərin həllinə dair müraciətin edildiyini də vurğulayıb.
______________________________________________________________
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də baş vermiş olayla bağlı açıqlama yayıb.
O bildirib ki, hadisənin yüksək səviyyədə araşdırıldığını deyib:
"Ölkəmizin siyasi və təhlükəsizlik orqanlarının xüsusi göstərişi ilə bu hərəkətin ölçülərini və hücumun motivini müəyyən etmək üçün məsələ yüksək prioritet və həssaslıqla araşdırılır”.
___________________________________________________________
Son iki ildə Azərbaycan səfirliklərinə beş hücum olub.
Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Tehrandakı səfirliyə silahlı hücumla bağlı "Twitter” hesabındakı paylaşımında belə yazıb.
C.Hüseynzadə yazıb ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub: "Bir təhlükəsizlik əməkdaşı həlak olub, ikisi yaralanıb”.
"Azərbaycanın diplomatik missiyalarına son 2 ildə 5 hücum olub. Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkənin Vyana Konvensiyasını həyata keçirməyə çağırırıq”, – deyə Hüseynzadə əlavə edib.
__________________________________________________________
Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə odlu silahla daxil olan şəxsin həbs edildiyini açıqlayıb.
"Polis əməkdaşlarının çevik tədbirləri nəticəsində hücum edən şəxs dərhal tutularaq istintaqa cəlb edilib”, – deyə o bildirib.
Hücum edənin iki azyaşlı uşağı ilə səfirliyə girdiyini deyən polis rəisi əlavə edib ki, ilkin araşdırmalar hadisənin şəxsi və ailə problemləri səbəbindən baş verdiyini göstərir.
Tehran Cinayət Məhkəməsinin prokuroru saxlanılan şəxsin ilkin ifadə verdiyini deyib.
Onun sözlərinə görə, saxlanılan şəxs ibtidai istintaqda iddia edib ki, ötən ilin aprelində həyat yoldaşı Azərbaycanın Tehrandakı səfirliyinə gedib və evə qayıtmayıb.
Ədliyyə rəsmisi əlavə edib ki, həmin şəxs Tehrandakı səfirliyə dəfələrlə müraciət edib, amma hər hansı bir cavab ala bilməyib.
O, həyat yoldaşının səfirlikdə gizləndiyini və onunla görüşmək istəmədiyini düşünüb.
"Hücum edən şəxs deyib ki, bu gün səhər mən artıq "Kalaşnikov” silahı ilə səfirliyə getməyə qərar verdim”, – prokuror belə deyib.
O daha sonra bildirib ki, hücum edən şəxs məhkəmə rəsmilərinə səfirliyə hücumun tamamilə şəxsi motivli olduğunu deyib.
______________________________________________________
Səfirliyin mühafizə xidmətinin rəisi həlak olub, iki nəfər yaralanıb
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olduğu bildirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Hücum edən şəxsin "Kalaşnikov” markalı avtomatla mühafizə postunu yardığı qeyd olunub.
Bildirilir ki, hücum nəticəsində mühafizə xidmətinin rəisi qətlə yetirilib: "Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir”.
Orxan Əsgərov
XİN əlavə edib ki, hazırda bu "xain hücum”la bağlı araşdırma gedir: "Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Ancaq nazirlik qətlə yetirilən şəxsin kimliyini açıqlamayıb.
Həlak olan şəxsin səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov olduğu bildirilir.
Xatırlatma
2022-ci ildə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə 3 dəfə müxtəlif formalarda hücumlar olub.
İlk hücum Azərbaycanın Böyük Britaniyadakı səfriliyinə olmuşdu.
Avqustun 4-də baş verən hadisənin bir qrup radikal dini dəstənin üzvlərinin törətdiyi deyilirdi.
Məlumatda Londondakı səfirliyə hücumun məsuliyyətini "Mehdi Xidmətçiləri” şiə ekstremist qruplaşmanın öz üzərinə götürdüyü bildirildi.
Növbəti hadisə Fransada yaşandı.
Oktyabrın 1-də Azərbaycanın Parisdəki səfirliyinə erməni qrupların hücum etdiyi qeyd olundu.
Bu barədə Azərbaycanın Fransaya verdiyi notada bildirilirdi:
"Hücumun oktyabrın 1-də gecə saatlarında baş verdiyi, bir qrup radikal erməni tərəfindən Səfirliyin inzibati binasına qırmızı rəngli boya atıldığı və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazıldığı səfirin diqqətinə çatdırılıb”.
Oktyabrın 10-dan 11-nə keçən gecə isə Azərbaycanın Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açıldığı haqda xəbər yayıldı.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilirdi ki, hadisə ilə bağlı ABŞ-ın müvafiq qurumlarına kamera görüntüləri təqdim edilib.
Məsələ ilə əlaqədar ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili oktyabrın 12-də nazirliyə dəvət edilib, ona baş vermiş hadisə barədə məlumat verilib.
"Son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumlar edir. Daha öncə Vaşinqton, Paris, Beyrut və digər şəhərlərdə Azərbaycan səfirliklərinə hücumlar olub. Bu, ciddi narahatlıq doğurur”, – deyə səfirlik bildirib.