“Cənubda kino günləri” keçiriləcək

“Cənubda kino günləri” keçiriləcək

20-06-2022 12:47 / Bu xəbər 806 dəfə oxundu

Azərbaycan Kinematoqrafçılar İttifaqı "Cənubda kino günləri” layihəsinə start verib.
 
Layihə çərçivəsində son illərdə dövlət sifarişi əsasında və müstəqil şəkildə istehsal olunan bəzi filmlər yerli tamaşaçılara çatdırılacaq. 

Bildirilir ki, məqsəd Azərbaycan filmlərini geniş ekranlarda yerli tamaşaçılara nümayiş etdirməklə kino həvəskarların son illərdə istehsal olunan, eləcə də, bəzi beynəlxalq kino festivallarda uğurlar qazanan filmlərimizi və rejissorlarımızı tanıtmaqdır.

2022-ci ilin iyun-iyul aylarında nəzərdə tutulan baxışlar ilk olaraq 25-26 iyun Biləsuvar rayonun Mərkəzi Parkında və Nərimankənd kənd Folklor Evində keçiriləcək.

İki gün ərzində tamaşaçılara "Qırmızı bağ” (rejissor Mirbala Səlimli), "Biləsuvar” (rejissor Elvin Adıgözəl, "Nar bağı” (rejissor İlqar Nəcəf), "Sizə məktub var” (rejissor Məzahir Haşımov), "Titrəmə” (rejissor Amil Amal), "Dan yeli” (rejissor Kamal Yaşar) və "Dəhlizdə” (rejissor Amil Amal) qısametrajlı və tammetrajlı filmlər göstəriləcək. 

Ardınca baxışlar iyul ayında Lənkəran və Lerik rayonlarında davam etdiriləcək.

"Cənubda kino günləri” layihəsinin icraçı prodüseri İntiqam Hacılıdır.