Cübbədən mantiyaya
26-01-2023 13:25 / Bu xəbər 1241 dəfə oxundu
Ənnağı Hacıbəyli
Çoxdan idi məhkəmələrə getmirdim. Gedə də bilmirdim, çünki bu hüququm əlimdən alınıb. Amma humanist qanunlarımız aşağı məhkəmələrdə öz hüquqlarımı qorumağa icazə verir. Hərdən bu hüququmdan yararlanmaq məcburiyyətində qalıram. Bu dəfə də getdim və gördüm ki, forma dəyişsə də, məzmun dəyişməyib – dəyirman öz işindədi.
Otuz ilə yaxın bir müddətdə məhkəmələrdə olmuş adam kimi onu içəridən tanıyıram. Kimlərin məhkəmə instansiyaları ilə üzü yuxarı necə yürüdüyünü bilirəm. Təbii ki, karyera yüksəlişi savadına, qismən də şəxsiyyətinə adekvat olanlar da var. Amma sistem heç kimi günahlardan yan keçməyə imkan verməyib – günahsız adamlar təhlükəli və arzuolunmazdır. Onları idarə etmək çətindir.
Bu illərdə hakimlərimizin necə məmura çevrildiyini təəssüflə seyr etmişəm. Amma daha acı təəssüf doğuran odur ki, onların heç birinin buna etiraz etdiyini görməmişəm. Təkbətək söhbətdə bəzilərinin kövrək və ürkək şikayətlərini dinləsəm də, kiminsə bu rəzalətə açıq etiraz etdiyini eşitməmişəm. Vəzifə, sərvət azadlıqdan daha şirin sözlərdir.
"Hakimlər müstəqildirlər və yalnız qanuna tabedirlər” – bu normanın tətbiq dairəsinə nəinki siyasi işlər, hətta inzibati həbslər də daxil deyil. Adam mitinqdə tutulubsa. Heç olmasa inzibati həbs qərarı çıxaran hakimə müstəqillik verilməsi sistemi dağıdarmı? Görünür, belə bir təhlükə var. Möhtərəm hakim, sən ya müstəqilsən, ya da deyilsən. Orta yol yoxdur.
"Hakimi çinovnikə çevirən vəzifə yüksəlişi hərisliyidir” (Balzak).
Bu on doqquzuncu əsrdə Fransada da belə idi, bu gün də belədir. Gilyoten məhkəmələrin verdiyi ölüm cəzasının qoyduğu bütün sualları 1790-cı ildə yaratdığı bir dəzgahla həll elədi.
Monteskyö, Con Lokk və ardıcılları beş yüz ildir ki, hüquq dövlətinin ədalət mühakiməsinin gözlədiyi cavabları tapa bilmirlər. Bizdə. Kimi hakim təyin edirlərsə axırı məmurluqla bitir.
Təkcə bizdəmi? Heç Avropa Məhkəməsində də bəzən hakimləri məmurlardan ayırmaq çətin olur. Onlar Strasburqa vəsiqəni kimdən aldıqlarının fərqindədirlər. Özəlliklə təzə ölkələrin təzə hakimləri.
Ərdoğan onun sifarişlərini icra etməkdən imtina edən hakimlərə demişdi: "Siz ədalət mühakiməsi ilə deyil, siyasətlə məşğulsunuz. Amma siyasət yapmaq istəyirsinizsə, öncə cübbələrinizi çıxarın”.
Ərdoğan siyasi islamçıdır. Onu cübbələrin müqəddəsliyindən çox hakimiyyətin ömrü maraqlandırır. Hakimləri soyunduranda da onun məqsədi ədalət mühakiməsini siyasətin çirkinliklərindən qorumaq deyil, məmur-hakimlər ordusu yaratmaqdır. Çünki gerçək ədalət mühakiməsi saxta seçkilərin, hakimiyyət korrupsiyasının və bespredelinin yeganə qənimidir.
Cübbə universal geyim vasitəsidir. Onu mollalar da, qazilər də, hakimlər də geyinir. Cübbə ağuşuna aidığı bədəni kənar nəzərdən, bəd və xoş baxışdan qoruyur. Onun içində ləyaqətli cismdən çox dəyərsiz bədənlər gizlənir. Amma cübbəni çixarmaq da hər bir halda batini üzə çıxarmır.
İnsan xislətinin gizlinləri adətən xəzinələrdən daha etibarlı qorunur. Çünki cübbədə gizlənmiş adamların gizlinlərinin mənəvi dəyəri olmasa da, maddi dəyəri çox baha qiymətləndirilir.
Fikir vermisinizmi, seçkilər, siyasi həbslər, mülkiyyətin müdafiəsi və s. işlərlə bağlı qanunsuz qərarları Avropa Məhkəməsində "ləğv” edilmiş hakimlərin biri də bu qərarlara görə cəzalandırılmayıb.
Konstitusiya Məhkəməsi bütün seçkilərin nəticələrini qeyd-şərtsiz təsdiq edir. Bu seçkilərin hamısı istisnasız olaraq demokratik, azad, ədalətli olmayan seçkilər elan olunub. KM-in hakimləri isə toxunulmazdır. Gərək olanda hətta toxunulmazlara da toxunan hakimiyyət KM-in yüksək statusuna qibtə edilməyəcək hörmətlə yanaşır. Çünki KM hakimiyyətin mənbəyidir, impiçmentin qarşısın kəsən etibarlı sədd, insan hüquqlarına dair konstitusion prinsiplərin anasını ağladan qanunvericilik normalarının toxunulmazlığını təmin edən ali Konstitusiya ədalət mühakiməsi orqanıdır…
Din qanunlarına uyğun olaraq dövlətlər hakimlərin günahlarını bağışlayan orqanlar da yaradırlar. Məhkəmə-Hüquq Şurası, Hakimlər və Savçılar Kurulu kimi orqanlar hakimlərin günahlarını bağışlayarkən sifarişli siyasi qərarları müqəddəs və cəzalandırılması qadağan edilmiş günahlar kateqoriyasına aid edirlər. Belə günahlar birinci növbədə bağışlanır.
Müqəddəs Ata yaxşı bilir ki, belə günahların bağışlanması yeni günahlar üçün əvəzsiz stimuldur.
Məhkəmə hakimiyyəti barədə qanunlarımız Avropa standartlarına uyğun qanunlardır. Belə deyirlər. Avropada isə sortbasort ölkələr var. Vacib deyil ki, o ölkə Almaniya ya Fransa olsun. Üstəlik, bizim öz yolumuz da olmalıdır.
Yenə də Balzakdan sitat gətirəcəyəm: "Qanunun yaxşı, ya da pis olması onun necə icra olunması ilə müəyyən olunur”.
Bu əbədi həqiqət bizdə tez-tez səsləndirilən "Yaxşı qanunlarımız var” təbliğatına ən yaxşı cavabdır. Sifarişli qanunvericilik sifarişli icra doğurur. Başqa cür ola bilməz.
Siyasi sifarişlə bilə-bilə qanunsuz qərar çıxarmaq küfr kimi bir şeydir. Küfr isə bütün dinlərdə bağışlanmaz günah sayılıb və ən ağır formada cəzalandırılıb.
Cübbəni mantiyaya dəyişmək xilas yolu deyil, çünki "Cübbə dəyişdirmək küfrün murdarlığını ruhdan təmizləməyə yetməz”.
Çalışın ruhunuzu xilas edəsiniz, cənab hakimlər...