Daha iki fəal aclıq aksiyasına qoşulub

Daha iki fəal aclıq aksiyasına qoşulub

18-09-2020 13:56 / Bu xəbər 972 dəfə oxundu

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun başlatdığı aclıq aksiyasına daha iki ictimai fəal qoşulub.

Sentyabrın 7-də Müsavat Partiyasının qərargahında Tofiq Yaqubluya dəstək məqsədi ilə keçirilən aclıq aksiyasına  ictimai fəal  Səyyarə Heydərova və Əli Azərli də qoşulub.

Bu barədə "Azadlıq Radiosu"na aksiya iştirakçılarından biri olduğunu söyləyən hüquq müdafiəçisi Zəfər Əhmədov danışıb.
 
Eyni zamanda Z.Əhmədov  aksiya iştirakçılarından Elnur Həsənovun səhhətində ciddi təhlükə olduğunu bildirib.

"Artıq hərəkət edə bilmir, danışığında problem var. Sentyabrın 17-də təcili yardım çağırmaq istəsək də, buna imkan vermədi. Nə qədər desək də, aksiyanı dayandırmır",-deyə o bildirib.

Bu açıqlamaya, hələlik, Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

17 gündür həbsinə etiraz olaraq aclıq edən Tofiq Yaqublunun apelyasiya məhkəməsi sentyabrın 18-də saat 16.00-a təyin olunub.

Martın 22-dən həbsdə olan Tofiq Yaqublu Nizami Rayon Məhkəməsinin sentyabrın 3-də çıxardığı hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. 

O, hökmdən bir gün əvvəl aclıq aksiyasına başladığını elan edib. 

Sentyabrın 12-də siyasi fəal "City hospital”a köçürülüb. Beynəlxalq təşkilatlar onun dərhal azadlığa buraxılmasını tələb edirlər. 

Müxtəlif ölkələrdə T.Yaqubluya dəstək aksiyaları keçirilir. 

Roza Məmmədova
Toplum.Tv