Dağlıq Qarabağ münaqişəsi - Tərəflərin mövqelərinə qısa baxış
06-07-2017 01:40 / Bu xəbər 1414 dəfə oxundu
Bəhruz Səmədov

Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həll prinsipləri haqqında mövqeləri fərqlidir. Bu fərqlilik mövqelərin antoqonizminə gətirib çıxarır və nəticə olaraq münaqiş davam etməkdədir.
Ermənistanın münaqişə haqda mövqeyi:
- Tanınmamış "Dağlıq Qarabağ Resbuplikası” münaqişə tərəfi olaraq qəbul edilməlidir.
- Bölgədə yaşayan əhali öz müqəddəratını özü həll etməlidir. Burada Ermənistan tərəfi BMT-nin Beynəlxalq hüquq haqda deklarasiyaya daxil edilmiş "Xalqların öz müqəddəratını təyin etməsi” (1970) qanununa söykənir və 1991-ci ildə bölgədə keçirilmiş "referenduma” işarə edir. "DQR”-in Azərbaycanın tərkibində qalması, ona yüksək muxtariyyat verilməsi kimi mümkün həll yollarını Ermənistan tərəfi hazırda qəbul etmir. Bunu, "Azərbaycanın tərkibində qalacağı təqdirdə, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin qorunmayacağı” səbəbi ilə izah edir.
- ATƏT-in Minsk qrupunun həmsədrlərinin yürütdüyü münaqişənin sülh yolu ilə həlli prinsipi yüksək qiymətləndirilir, Azərbaycan tərəfi militarizmdə, snayperlərin geri çəkilməməsində və s. günahlandırılır.
- Ermənsitan tərəfi Qarabağ münaqişəsi ilə bağlı indiyədək irəli sürülən həll variantlarında strateji məna daşıyan Laçın dəhlizinin neytral zona olaraq Dağlıq Qarabağ ermənilərinin Ermənistana gediş gəlişi üçün ayrılması şərtini qoyur. Laçın dəhlizi haqda Ermənistanda birmənala fikir yoxdur. Ermənistanın Müdafiə Nazirliyi bildirir ki, dəhliz 60 km genişliyində olmalıdır, Qubadlı rayonunun bir hissəsi də bura daxil edilir. Bu fikir onunla əsaslandırılır ki, dəhlizin böyüklüyü Azərbaycan ordusunun artilleriya zərbələrindən qoruyacaq. Hazırda dəhlizdən Yerevan – Qoris – Stepanakert avtomagistralı keçir.
- Müharibə zamanı Dağlıq Qarabağ ərazisində yaşayan və oradan qaçqın və məcburi köçkün statusuna malik insanların "DQR”-ə qayıda biləcəkləri qeyd edilir, lakin onlar "DQR” vətəndaşlığını qəbul etməli, tanınmamış respublikanın vətəndaşlığını almalıdırlar.
Azərbaycanın münaqişə haqda mövqeyi:
- "Dağlıq Qarabağ Resbuplikası” münaqişə tərəfi olaraq qəbul edilmir. "DQR” Ermənistanın yaratdığı və idarə etdiyi, beynəlxalq aləmin tanımadığı süni kvazidövlət hesab edilir.
- Bölgədə yaşayan əhali (o cümlədən etnik Azərbaycanlılar) öz müqəddəratını özü həll etməlidir, ancaq bu Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Azərbaycan tərəfinin mövqeyinə əsasən, bunun əksi həm beynəlxalq hüquqa, həm də Azərbaycan Konstitusiyasına ziddir. Burada Azərbaycan tərəfi beynəlxalq aləmin tanıdığı dövlətlərin "ərazi bütovlüyü” prinsipinə əsaslanır. Bu prinsip BMT tərəfindən qəbul edilib*.
- Azərbaycan tərəfi iddia edir ki, referendum nəticəsində Dağlıq Qarabağa yüksək muxtariyyat verilə bilər, orada yaşayan etnik ermənilər öz dillərini, mədəniyyətlərini qoruyub saxlaya bilərlər və yüksək muxtariyyat anlayışının nəzərdə tutduğu digər imtiazlardan azad şəkildə istifadə edə bilərlər.
- ATƏT-in Minsk qrupunun həmsədrlərinin yürütdüyü münaqişənin sülh yolu ilə həlli prinsipi yüksək qiymətləndirilir, ancaq bu yolda edilən real işlərin azlığı, status-kvonun dəyişməməsindən Azərbaycan tərəfi narazıdır.
- Dağlıq Qarabağla Ermənistan arasında yeganə quru yol olan Laçın dəhlizinin texniki parametrləri və onun təhlükəsizliyi məsələsi danışıqlar prosesində ən mübahisəli məsələlərdən biri sayılır. Sülh danışıqları çərçivəsində Azərbaycan tərəfi 1997-ci ildən Laçın dəhlizinin xüsusi statusa malik olduğunu qəbul edib, ancaq münaqişənin Azərbaycanın ərazi bütövlüyünün saxlanılmasında israrlıdır və hər bir halda Laçının Azərbaycan ərazisi olacağını vurğulayır. Bundan əlavə, Azərbaycan tərəfi Laçın dəhlizinin əvəzinə Mehri ərazisinin Naxçıvanla Azərbaycan arasında dəhliz ola biləcəyini irəli sürür. Adı çəkilən iki ərazinin mübadiləsi təklifini 1990-cı illlər ABŞ Dövlət Departamentinin əməkdaşı Qobl vermişdi ("Qobl planı”), ancaq Mehri rayonunun verilməsi Ermənistanın İranla quru sərhəddinin itirilməsinə gətirib çıxaracağı Ermənistanda birmənalı qarşılanmayıb, nəticədə bu təklif 1999-cu ildə rədd edilib.
- Azərbaycan tərəfi qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmalı olduqlarını, onlara dəymiş zərərin konpensasiya olunmasını vurğulayır.
*Xalqların müqəddəratını həll etmək prinsipi və ölkələrin ərazi bütövlüyü prinsipi - Prinsiplərin bir-birinə zidd olması dünyanın bir çox bölgələrində etnik münaqişələrin həll olunmamasına gətirib çıxarır.
1999-cu ildə Venesiya komissiyası bu ziddiyyəti araşdırıb və nəticə olaraq bəlli olub ki, ölkələrin konstitusiyaları ərazi bütövlüyünü qorunduğunu qeyd edir.
Venesiya komissiyası bu nəticəyə gəlib ki, "xalqrın müqəddəratını həll etməsi” prinsipi əsas olaraq "daxili” müstəqilliyə aid edilməlidir, yəni xalqlar mövcud dövlətin tərkibində öz müqəddəratlarını təyin edə bilərlər (avtonomiya, əlavə haqlar alaraq).
4 oktyabr 2011-ci ildə AŞPA-nın 1832 nömrəli rezolüsiya qəbul edib. Buna əsasən, etnik azlıqlara avtonomiya verilməsi uyğun hesab edilir, separat regionların (o cümlədən digər ölkələrin hərbi dəstəyi və intervensiyası nəticəsində yaradılmış) Avropa Şurasına üzv olan dövlətlərin dəstəkləməsi uyğun hesab edilmir.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.












