DTX: Radikal dini hərəkatlara qoşulan azərbaycanlıları həbs edib

DTX: Radikal dini hərəkatlara qoşulan azərbaycanlıları həbs edib

08-09-2021 12:34 / Bu xəbər 592 dəfə oxundu

"Xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak edən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılaraq məsuliyyətə cəlb olunublar".

DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a məlumat verilib.

Bildirilib ki, istintaqla Azərbaycan Respublikasının vətəndaşları - 1980-ci il təvəllüdlü Cumayev Mənsur Məmmədəli oğlunun və 1971-ci il təvəllüdlü Cahangirov Nəsir Qaçay oğlunun ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyənləşdirilib: 

"Aparılmış araşdırmalar nəticəsində məlum olub ki, Mənsur Cumayev və Nəsir Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə orada fəaliyyət göstərən "Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olub və həmin silahlı qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak ediblər.

Faktla bağlı Mənsur Cumayev və Nəsir Cahangirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunublar və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

"Adları qeyd olunan şəxslər istintaq zamanı törətdikləri cinayət əməlini etiraf edib və peşmançılıq hissi keçirdiklərini səmimi şəkildə bildiriblər. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunur.