"Əbülfəz Sadıqbəyliyə görüş qadağası qoyulub" - Qardaşı
27-12-2018 13:23 / Bu xəbər 1121 dəfə oxundu
Müsavat Partiyası Gənclər Komitəsinin sədri Əbülfəz Sadıqbəyliyə kitab və görüş qadağasının olduğu deyilir.
Bu barədə fəalın qardaşı Vasif Sadıqbəyli məlumat yayıb: "Kürdəxanı rəhbərliyi Əbülfəz Sadıqbəyliyə kitab və görüş qadağası tətbiq edib".
Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Ə.Sadıqbəyli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə ittiham olunur.
İttihama görə, müsavatçı "Nikoilbank"ın adından saxta sənəd hazırlayıb.
Bildirilir ki, o, kreditlə aldığı «Niva» avtomobilinə görə borclu qaldığı 5100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb.
İstintaq orqanının iddiasına görə, həmin arayış saxtadır.
Ə.Sadıqbəyli ittihamı qəbul etmir.
Müdafiə tərəfi vurğulayır ki, banka pul tam ödənib və əgər arayış saxtadırsa, bunun Ə.Sadıqbəyliyə aidiyyəti yoxdur.
Müsavat Partiyası da həbsin siyasi motivli olduğunu bəyan edib.
Ancaq rəsmilər ölkədə insanların siyasi əqidələrinə görə uydurma ittihamlarla həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.
Toplum Tv












