Əfqan Sadıqlı yenidən saxlanıb

Əfqan Sadıqlı yenidən saxlanıb

27-11-2018 15:04 / Bu xəbər 2143 dəfə oxundu

Noyabrın 27-də azel.tv saytının təsisçisi və baş redaktoru Əfqan Sadıqlı saxlanıb. 

Hadisə bir çox jurnalistin gözü qarşısında baş verib. Onun həyat yoldaşı Sevinc Sadıqlı baş verənlərlə bağlı bunları bildirib:

"Mən jurnalist olaraq bu gün (noyabrın 27-də) Prezident Administrasiyası önündə şəhid ailələrinin toplantısını çəkirdim. Onlar həlak olan yaxınlarına görə birdəfəlik müavinət ala bilmədiklərindən şikayətlənirlər. Əfqan da ora gəldi, amma jurnalist kimi gəlməmişdi, daha sonra gedəcəkdik. Elə iki-üç dəqiqə olardı ki, gəlmişdi, mülkigeyimlilər yaxınlaşdı ki, söhbətimiz var, maşına tərəf getdilər. Gördüm ki, Əfqanı aparılar, soruşdum ki, hara aparırsınız? Didilər ki, Səbail rayonu 9 saylı polis bölməsinə".

S.Sadıqlı deyir ki, 9-cu polis bölməsinin önünə gediblər. Amma bölmədən Ə.Sadıqlının ora gətirilmədiyi söylənib.

Daha sonra S.Sadıqlı həyat yoldaşının Səbail Rayon Polis İdarəsinə aparıldığını ehtimal edərək, ora gedib.

"Burada da dedilər ki, Əfqan Sadıqlı bura gətirilməyib. Daxili İşlər Nazirliyinin (DİN) "102" xəttinə zəng vurdum, dedilər ki, araşdıraq, cavab verərik. Hələ ki heç bir cavab verməyiblər", - deyə S.Sadıqlı bildirib.

Ə.Sadıqlının xanımının dediklərini, hələlik, hüquq-mühafizə orqanlarından aydınlıq gətirmək mümkün olmayıb.

Ə.Sadıqlı bu il mayın 23-də azadlığa çıxıb. İyulun əvvəlində isə o, polisin qanunu tələbinə əməl etməməkdə günahlandırılaraq 30 sutka həbs olunub. Ə.Sadıqlı təkrar azadlığa çıxdıqdan sonra şərləndiyini və polisdə işgəncəyə məruz qaldığını iddia etmişdi. Amma o vaxt onun dediklərinə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmamışdı. Nazirlik polisdə saxlananlara işgəncə verilməsi ilə bağlı şikayətləri isə ümumən təkzib edir.

Xatırlatma

Ə.Sadıqlı uzunmüddətli həbs edilərkən 2016-cı il noyabrın 22-də saxlanmışdı. Ona Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilib. Ancaq redaktor ittihamı qəbul etmir, işi qurama sayırdı.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsi onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib. Həmin ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqlının cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. O, bu il mayın 23-də azadlığa çıxıb.

Yerli hüquq-müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladığı siyahıda onun adı da yer alırdı. Ancaq rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilərin bildirməsinə görə, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə cəlb ediliblər.///Turan