Əlikram Xurşudovun həbs cəzası azaldıldı
31-08-2018 00:22 / Bu xəbər 1930 dəfə oxundu
Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşudovun həbs cəzası azaldılıb.
"Azadlıq Radiosu"nun xəbərinə görə, bunu vəkili Osman Kazımov bildirib.
Vəkilin sözlərinə görə, Əlikram Xurşudovun şikayətinə bu gün, avqustun 30-da Şirvan Apelyasiya Məhkəməsində baxılıb:
"Əlikram Xurşudovun cəza müddəti 5 ildən 4 il 6 aya endirildi. Hesab edirəm ki, bu addım həbsin siyasi motivli olmasını arxa plana keçirmək cəhdidir”.
Əlikram Xurşudov 2017-ci il noyabrın 22-də saxlanıb. Noyabrın 24-də isə məhkəmənin qərarı ilə haqqında həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddələri ilə ittiham elan edilmişdi.












