Əqidəvi etiraz

Əqidəvi etiraz

24-08-2018 01:20 / Bu xəbər 2485 dəfə oxundu

Məcburi Hərbi xidmətin rədd edilməsinin  tarixi müharibənin öz tarixi qədər qədimdir. Tarixi qaynaqlara görə, müharibəyə qatılmağı rədd edən ilk insan Maksimillian olmuşdur. Atası Roma ordusunda xidmət etmiş Maksimillian orduda xidmət etməyi rədd etdiyi üçün edam edilmişdi. Daha sonra Romanın Xristianlığı qəbulu ilə birlikdə bir çox qruplar hərbi xidmətdən kənarlaşdırılmışdır. Misal üçün Yəhudilərə hərbi xidmət qadağan idi.  Xristianlığın qəbulu ilə birlikdə bir çox xristianlar Roma ordusunda yer alsa da, döyüşməyi rədd etmişdir. 

Qərbdəki vicdani etirazın tarixinin qaynağı Xristianlıqdır. Çünki Xristianlıqdakı pasifist düşüncəyə görə, nə olursa olsun, insan həyatını sonlandırmaq pisdir. İslam və Yəhudilik pasifizmi dəstəkləməsə də, Buddizm müharibəyə qarşıdır.  Ancaq müasir mənası ilə Vicdani rədd milli dövlətlərin yaranması ilə birlikdə, yəni Fransız inqilabından sonra yaranmışdır. Təhlükə qarşısında qalan Fransanın əli silah tutan kişiləri orduya cəlb etməsindən sonra Avropanın digər dövlətləri də "Məcburi Hərbi xidmət” qanunu qəbul etməyə başladılar. 

İngiliscədə "conscientious objection”  olaraq adlandırılan "əqidəvi etiraz” sözünün dilimizdə qarşılığı tam olaraq müəyyənləşməyib. Türklər həmin sözü "vicdani-ret” olaraq tərcümə ediblər. Almanlarda bu ifadə "Kriegsdienstverweigerung"  olaraq keçir və əsas vurğu "müharibə xidmətini rəddi” üzərinə düşür. Bu qavramın Almaniyadakı digər forması "Kriegsdienstverweigerung aus Gewissensgründen” yəni, "Müharibə xidmətinin əqidəvi səbəblərlə bağlı rəddi".  

Azərbaycan dilində bu sözün qarşılığı ilə bağlı yekdil bir fikir yoxdur.  Bu ifadəni türklərin hərfi mənada tərcümə etdiyi kimi "vicdani rədd” olaraq vermək ifadənin çatdırmaq istədiyi mənanı tam olaraq ifadə etmir. Azərbaycan dilinin izahlı lüğətində "vicdan” sözünün tərifi belə verilib: "Öz hərəkəti üçün mənəvi məsuliyyət hissi, təmiz ürək hissi, öz hərəkətlərinin yaxşı və ya pis olduğunu duyma". 

Lakin "Vicdani rədd" hər nə qədər qədim dövrlərdə dini refleklərlə ortaya çıxsa belə, müasir dövrdə sekulyar insanlar arasından da "əqidəvi etiraz"çılar çıxa bilir. O səbəbdən "əqidəvi etiraz" ifadəsini işlətməyi daha uyğun gələcəyini düşündük. İzahlı lüğətdə əqidə sözü insanın mühit, həyat və ümumiyyətlə, varlıq haqqındakı düşüncə və inamı; etiqad, inam, məslək kimi verilib. O səbəbdən bu ifadə məsələni daha əhatəli izah edə bilər. "Əqidəvi etiraz" ən bəsit mənası ilə fəlsəfi, dini, vicdani, insani səbəblərə görə məcburi hərbi xidmət keçməkdən imtina olaraq ifadə olunur. 

Əqidəvi etirazın səbəbləri

Dini səbəb

Dini səbəb "əqidəvi etiraz"ın ortaya çıxma səbəbi olmuşdur. Tarixdə bilinən ilk xristian əqidəvi etirazçı Maksimilian olmuşdur. 295-ci ildə  21 yaşında bir gənc olan Maksimilian  Roma ordusuna çağrılır. Lakin Maksimilian əsgərlik xidmətini rədd etmiş və nəticədə romalılar tərəfindən edam edilmişdir. Daha sonra  16-cı əsrdən günümüzə kimi protestantlıq məzəbində bir çox qrup (Quakerlər, Menonitlər) silah istifadəsini və döyüşməyi 10 əmrdən biri olan "Öldürməyəcəksən” əmri səbəbi ilə rədd etmişlər. Günümüzdə dini səbəbə söykənən "əqidəvi etiraz"  nümunələrinə  ən çox "Yehova şahidləri"ndə rast gəlinir. "Yehova şahidləri" inancları səbəbi ilə məcburi hərbi xidməti yerinə yetirməkdən boyun qaçırırlar. Bu inanca mənsub şəxslər inanclarının təməlini pasifizmin təşkil etdiyini, müharibəyə  və şiddətə  aid hər cür davranışın qadağan edildiyini bildirirlər. Dini səbəbli "əqidəvi etiraz"lara baxdıqda qarşımıza çıxan ən böyük problem "əqidəvi etiraz" tələb edən insanların səmimiyyəti məsələsidir. Çünki bildiyimiz kimi, din çox geniş bir qavramdır. Dinlərin öz içlərində də bir-biri ilə fərqlilik təşkil edən bir çox tətbiqləri mövcuddur. Misal üçün İslam dininin özündə bir çox fərqli məzhəblər ortaya çıxmışdır ki, bir məzhəbin dinə uyğun saydığı hərəkəti digəri uyğun saymaya bilər. Eləcə də əqidəvi etiraza baxdıqda bir dinə inanan insanların bir qismi üçün hərbi xidmətə getmək problem olmasa da, digərləri üçün problem ola bilər. Bu səbəbdən ilk öncə hansı dini qrupların "əqidəvi etiraz" haqqından istifadə edəcəyini müəyyənləşdirib daha sonra araşdırmaq lazımdır. Misal üçün bəzi ölkələrdə "Yehova şahidlərinə” üzvlüyü təsdiq edən sənəd göstərməklə əqidəvi etiraz hüququndan istifadə etmək mümkündür. 
 
_________________________________________________

Sekulyar səbəb

2) Əqidəvi etirazçıları bir çox kateqoriyalara bölmək mümkündür. Ancaq sinifləndirmənin təməlində fərdi əqidəvi etiraza yönəldən motivasiyanın dini yaxud sekulyar xarakterli olması dayanır. Yuxarıda dini səbəb qeyd olundu və əqdiəvi etirazın ortaya çıxma səbəbi kimi göstərildi. Dini səbəbdən fərqli olaraq sekulyar etiraz çox qarışıq və dövlətlər üçün ayrıd edilə bilməsi çətin kateqoriyadır. Çünki dini səbəblərdən fərqli olaraq bu kateqoriyadan olan etirazçıların etirazının yönəldiyi subyekt birbaşa olaraq dövlətdir. Dövlət təbiəti etibarı ilə hərbi xidmət vasitəsi ilə insanları itaətə məcbur edir. Onlarından sorğu-sualsız itaət tələb edir. Bir çox fəlsəfi cərəyanlar, ideoloji düşüncələr isə itaəti rədd edir, və onu təhlükəli görür. Müxtəlif ideoloji səbəblərlə məcburi hərbi xidmətdən boyun qaçıranlar arasında arxada cəbhədə xidmət etmək istəyən, silahlı xidmətləri istəməyən fərdlər də vardır. Bunun ən bariz nümunəsi  Amerika ordusunda xidmət edən və Viyetnam müharibəsində tibb işçisi kimi xidmət göstərən əqdivə etirazçılardır. 

<!-- [if !supportFootnotes] --> ___________________________________________________

[1] <!-- [endif] --> http://www.refworld.org/docid/3b00f0ce50.html

<!-- [if !supportFootnotes] --> [1] <!-- [endif] --> http://www.ohchr.org/Documents/Issues/RuleOfLaw/ConscientiousObjection/E-CN_4-RES-1989-59.pdf

<!-- [if !supportFootnotes] --> [1] <!-- [endif] --> http://www.assembly.coe.int/Documents/WorkingDocs/2007/EDOC11226.pdf (8.14)

<!-- [if !supportFootnotes] --> [1] <!-- [endif] --> http://assembly.coe.int/nw/xml/XRef/Xref-XML2HTML-en.asp?fileid=16816&lang=en

<!-- [if !supportFootnotes] --> [1] <!-- [endif] --> https://azertag.az/xeber/ALTERNATIV_HARBI_XIDMAT_HAQQINDA_QANUNUN_LAYIHASI_HAZIRLANIR-977954


Bundan əlavə, Orduda xidmət etməyi rədd edən lakin sosial sahədə xidmət göstmək istəyən əqidəvi etirazçılarda mövcuddur. Bu kateqoriyadan olan etirazçılar hərbi xidmət yerinə mülki sahədə, misal üçün hansısa bir qocalar evində, xəstəxanalarda, uşaq evlərində, təcili yarımda  yaxud dövlətin müəyyən etdiyi bir başqa işdə  hərbi xidmətlə müqayisədə bəzən  daha uzun olmaqla işləyirlər. Bu şəxslər bir baxıma könüllülük fəaliyyəti göstərirlər və hərbi xidmətlə müqayisədə daha az maaş alırlar. Son dövrlərdə isə, hərbi xidmətlə, mülki xidmət arasındakı müddət fərqi bir sıra ölkələrdə bərabərləşdirilir. 

Sekulyar əqidəvi etirazçıların dövlət üçün ən çətin kateqoriyası total etirazçılardır. Total etirazçılar nəinki hərbi xidməti, ona alternativ gətirilən hərbi və mülki xidmətləridə rədd edirlər. Total etirazçılar bütövlükdə dövlət qavramının özünə qarşı çıxırlar. Vergi ödəmək, vətəndaşlıq və onları dövlətə bağlayan digər bütün səbəblərdən boyun qaçırırlar. Total etirazçılar bir növ anarxistdirlər. Total etirazçılar dövlətin insanlar üzərindəki hakimiyyətini sorğulayır və dövlət hakimiyyətinə qarşı itaətsizliyi qəbul edir. Günümüzdə total etirazçılar dünyanın bir çox yerində həbs cəzasına məhkum edilirlər. 

Beynəlxalq normalar

Əqidəvi etirazla bağlı Avropa Şurası Parlament Assembleyasının qəbul etdiyi 1967-ci il qərarının təməl prinsplərində qeyd edilir: "Şəxslərin  dini, etik, əxlaqi, humanitar, fəlsəfi və bu kimi digər motivlərdən qaynaqlanan vicdani, yaxud əsaslı əqidəvi səbəblərə görə məcburi hərbi xidmət keçməkdən azad olmaq hüququ var". 

Sənəddə daha sonra qeyd olunur: "Bu hüquq Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsində təminat altına alınan demokratik hüquq dövlətində  fərdlərin fundamental hüquqlarının məntiqi nəticəsi olaraq ortaya çıxır”. 

Əslində, Konvensiyasının 9-cu maddəsində (Fikir, vicdan və din azadlığı) əqidəvi etiraz birbaşa olaraq nəzərdə tutulmasa da, bu maddə də nəzərdə tutulan azadlığın məntiqi nəticəsi olaraq dolayı yolla təminat altına alınır. Sənəddə əsas vurğu məcburi hərbi xidmətin əvəzinə yenə məcburi olan alternativ hərbi xidmətdir. Sənəddə alternativ hərbi xidmətin xüsusiyyətlərini qeyd edilir. 

Şuranın qərarına görə alternativ hərbi xidmət bu tip xüsusiyyətlərə malik olmalıdır: 

- Hərbi xidmətə görə məsuliyyət daşıyan şəxslər çağırış zamanı onlara belə bir hüquqları olduğu və ondan istifadə edə biləcəkləri barədə məlumat verilməlidir. 
- Əqidəvi etirazın tanınması ilə bağlı verilən qərar ilk olaraq inzibati orqan tərəfindən qəbul edilir. Qərar qəbul edən orqan tamamilə hərbi hakimiyyət orqanlarından ayrı olmalıdır. 
Parlament Assembleyasının daha yaxın zamanlarda qəbul etdiyi 1518 saylı tövsiyyə qərarı  isə son dərəcə mühüm və əhəmiyyətlidir. Tövsiyə qərarın 2-ci paraqrafında əqidəvi etiraz hüququnun BMT-in qəbul etdiyi İnsan Haqları Bəyənnaməsində və Avropa İnsan Hüquqları Konvensiyasında  təminat altına alınan fikir, vicdan, düşüncə azadlığının ayrılmaz bir parçası olduğu  vurğulanır. Eyni zamanda Şura Nazirlər Komitəsinə alternativ hərbi xidməti tanımayan üzv dövlətlərlə bağlı bir sıra tövsiyələr verir.

- Hərbi xidmətə cəlb olunmamışdan əvvəl, cəlb edildiyi vaxt yaxud cəlb edildikdən sonra hərbi xidmət vəzifəsini icra edərkən  əqidəvi etiraçı kimi qeydiyyatdan keçmək hüququna malik olmalıdır.
- Silahlı Qüvvətlərin daimi üzvləri də əqidəvi etiraz statusu almaq üçün müraciət edə bilməlidir.
- Hərbi xidmətə çağrılanların hamısı üçün əqidəvi etiraz statusu haqqında məlumat almaq və bu statusu əldə edə bilmək imkanı yaradılmalıdır. 
- Alternativ hərbi xidmət daşındırıcı yaxud cəzalandırıcı xüsusiyyətə malik olmamalı, tamamilə mülki məzmunlu olmalıdır. 
 
BMT  bir çox qərarında əqidəvi etiraz hüququnu tanımış və onu fikir, vicdan, din azadlığının bir parçası olaraq görmüşdür.  1987-ci ildə qəbul etdiyi  46 saylı  qərardan başlayaraq bu mövzudakı mövqeyini müxtəlif zamanlarda (1999, 2002) davam etdirmişdir. BMT-in İnsan Hüquqları Komissiyası da öz növbəsində əqidəvi etirazla bağlı bir sıra qərarlar qəbul etmişdir.  Komissiyanın 1989-cu ildə qəbul etdiyi 59 saylı qərar da əqidəvi etiraz hüququnu din və vicdan azadlığı kontekstində dəyərləndirir.  

Avropa Şurasına üzv dövlətlərə gəlincə isə, onları 3 qrupda dəyərləndirmək daha doğru olar: 

1) Məcburi Hərbi Xidmətin ləğv edildiyi ölkələr.
2) Məcburi Hərbi Xidmət qalmaqla birgə əqidəvi etiraz hüququnun tanındığı ölkələr.
3) Məcburi Hərbi Xidmətin davam etdiyi və əqidəvi etiraz hüququnun tanınmadığı ölkələr.

Avropa Şurası ölkələrindən yalnız Azərbaycan və Türkiyə əqidəvi etiraz hüququnu tanımır. 

Azərbaycanda Alternativ Hərbi Xidmət

2003-cü ildə Konstitusiyaya edilən dəyişiklikdən sonra Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsinin ("Vətəni müdafiə”) 2-ci hissəsinə əsasən "vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir”. 

Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəliklərdən biri də "Alternativ Hərbi Xidmət”lə haqqında qanunla bağlı idi. Azərbaycanın Avropa Şurasına üzvlük müraciətində dəqeyd olunur ki, Azərbaycan alternativ xidmətlə bağlı qanunu tez bir zamanda qəbul edəcəkdir.  

2003-cü ildə Milli Məclisin sədr müavini  Ziyafət Əsgərov "AZƏRTAC"-a  müsahibəsində "Alternativ Hərbi xidmət haqqında" Qanunun Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacağını qeyd etmişdir. Eyni ilə 2004-cü ildə Ziyafət Əsgərov açıqlamasında qeyd etmişdir ki, adıçəkilən layihənin parlamentin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulub. Həmçinin Əsgərov hazırlanacaq qanun layihəsinin "Azərbaycan dövlətinin milli təhlükəsizliyinə, suverenliyinə tam təminat verəcəyini” qeyd edirdi. Lakin daha sonrakı illərdə "Alternativ hərbi xidmət haqqında" Qanunla bağlı ritorikanın dəyişdiyini görürük. Məsələn, 2007-ci ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov müsahibəsində   bildirmişdi: "Azərbaycan Avropa Şurası qarşısında «Alternativ hərbi xidmət haqqında» Qanunun qəbul olunması ilə bağlı öhdəlik götürüb və ona görə də bu öhdəlik yerinə yetirilməlidir”. 

Seyidov həmin müsahibəsində Qarabağ münaqişəsinə diqqət çəkib və qeyd edib: "Hesab edirəm ki, heç kim bu öhdəliyin yerinə yetirilməməsinə görə, problem yaratmayacaq. Çünki bütün dünya Azərbaycanın müharibə şəraitində olduğunu bilir”. 

2011-ci ilin yanvar ayında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, general Əlağa Hüseynov məsələ ilə bağlı Modern.az saytına müsahibəsində demişdir: "Bilirsiniz, bizim əsgərimiz kimisə öldürmək üçün hərbi xidmət keçmir. Bizim ordumuz ərazi bütövlüyümüzü təmin etməlidir. Hansı qüvvələr ki, ərazi bütövlüyümüzə qarşıdırsa, əsgərlərimiz də ona qarşı olacaq. Dünyanın bütün ölkələrinin ordusunun əsas vəzifəsi bundan ibarətdir. İndi bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Biz neyləməliyik? Hər bir vətəndaş torpaqlarımızın bütövlüyünə çalışmalıdır. Belə bir zamanda Azərbaycan üçün alternativ hərbi xidmət istəmək Vətənə xəyanət deməkdir. Bu, birmənalıdır. Onun ardınca da müxtəlif dini cərəyanlara xidmət edənlər bəyan edəcəklər ki, biz əsgərliyə getmək istəmirik”. 

Eyni ilin dekabr ayının 13-də  Məclis stenoqramına  baxdıqda, "Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası qanununun layihəsi” müzakirə olunarkən deputatların bu məsələyə yanaşmasının birmənalı olmadığını görə bilərik. 

Misal üçün, deputat Qənirə Paşayeva çıxışında bildirmişdir: "Mən öz şəxsi fikrimi deyirəm. Şəxsən mən bunun əleyhinə olsam da, bu, vətəndaşların konstitusion hüququdur. Bu qanunun həyata keçirilməsində bu məsələyə çox ciddi fikir verməliyik. Mexanizmlər çox ciddi olmalıdır ki, bundan sui-istifadələr olmasın. Hamımız bilirik ki, bu gün ölkəmizdə xristian təmayüllü dini təriqətlər çox ciddi şəkildə fəaliyyət göstərirlər. Müxtəlif ölkələrdən, müxtəlif təşkilatlardan dəstək alırlar. Siz baxsanız, görərsiniz ki, onların hamısı üçün həqiqi hərbi xidmət yasaqdır, qadağandır və bunun  əleyhinədirlər. Sabah hərbi xidmət yaşlı gənclərimizin arasında bu kimi halların mənfi fəsadlar doğurmaması üçün biz bu məsələyə ciddi önəm verməliyik.” 

Çingiz Qənizadə isə qeyd etmişdir: "Düzdür, hüquq müdafiəçisi olaraq mən əcnəbilərlə görüş zamanı daim bu söhbətlərin iştirakçısı oluram və təbii ki, bu, qanunla da təsbit olunub. Bir vətəndaş olaraq elə hesab edirəm ki, torpaqlarımız işğaldan azad olunana qədər bu məsələni saxlamaq yerinə düşərdi”. 

Deputat Musa Qasımlı isə öz növbəsində bildirmişdir: "Nəhayət, mən, ümumiyyətlə, əqidəsinə görə alternativ xidməti Azərbaycanın milli maraqları baxımından ziyanlı hesab edirəm. Bu, bəzi təşkilatların şərtləridir. Amma gələcəkdə bizim millətimizi bir-birinə qarşı qoymaq, ordumuzu zəiflətmək üçün bunu bir vasitə hesab edirəm. Fikrimcə, buna da aydınlıq gətirilməlidir”.

Qeyd etmək lazımdır ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 23 maddəsində müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmənin əsasları göstərilib və həmin əsaslar içərisində "alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar” müddəası yer alsa da, həmin müddəanın tətbiq proseduru göstərilməmişdir. 2012-ci ilin oktyabr ayında hərbçi-ekspert Cəsur Sümərinli FaktXeber.com saytına verdiyi müsahibədə  deyib: "Hesab edirəm ki, alternativ xidmət haqqında qanunun qəbul edilməməsi sırf texniki bir problemdir. Müharibə şəraitində olmağımızı adətən bir bəhanə kimi ortalığa atırlar. Lakin mən əminəm ki, bunun müharibə şəraitində olmağımızla heç bir əlaqəsi yoxdur”.

Bundan əlavə, Venesiya Komissiyasının "Dini etiqad azadlığı ilə bağlı Azərbaycan Respublikasının qanunu” ilə bağlı verdiyi rəyin  Əsas tövsiyyələr hissəsində verdiyi tövsiyələrdən biri də, "Qanunun (dini etiqad azadlığı haqqında) 4-cü maddəsi ilə dini və ya qeyri-dini vicdanlı etiqadından dolayı hərbi xidmət keçməkdən imtina edən şəxslərin alternativ mülki xidmətinə açıq imkan vermək” ilə bağlı olmuşdur.  

Nəticə

Bütun bunları ümumiləşdirsək, deyə bilər ki, zaman-zaman dini əqidəsinə görə hərbi xidmətə getməyən şəxslərin məsuliyyətə cəlb edilməyini istisna etsək, 2013-cü ildən bu yana Azərbaycanda nə Alternativ Hərbi xidmət, nə də Alternativ Mülki Xidmət mövzusu ilə bağlı diskussiya aparılmayıb. İstər dövlət, istərsə də, digər maraqlı tərəflər - vətəndaş cəmiyyəti, siyasi partiyalar bu mövzu ilə bağlı fikirlərini cəmiyyətə çatdırmayıb, yaxud çatdıra bilməyib. Avropa İnsan Hüquqları Məhkəməsinə bu məsələ ilə bağlı bir sıra işlər göndərilsə də, bu məsələyə mətbuatda çox az, yaxud heç bir  yer verilməmişdir. İlk öncə hərhansı bir qanun qəbulundan öncə, fikrimcə cəmiyyətdə bu məsələ ilə bağlı geniş müzakirələr getməli maraqlı tərəflərin fikirləri və düşüncələri müzakirə olunmalıdır. Məsələyə "öhdəliyin icrası” kimi yox, "cəmiyyətə faydalılıq” aspektindən baxılmalı və müzakirə edilməlidir. "Alternativ xidmət” yaxud "Alternativ Hərbi xidmət” haqqında qanunun qəbulu cəmiyyətin hansı problemini həll edəcək? Ümumiyyətlə cəmiyyət bu qanunun qəbuluna hazırdırmı? Azərbaycanın müharibə şəraitində olmağı bu bu məsələnin gələcəyinə necə təsir edəcək? Və.s kimi suallar cəmiyyətdə geniş müzakirə olunmamış bu qanunun qəbulundan, yaxud qəbulundan imtinadan danışmaq faydasız olacaq. 

Sübhan Həsənli/hüquqşünas