Erkin Qədirli “Gallup”un sorğusunu şərh etdi
30-06-2017 01:18 / Bu xəbər 1357 dəfə oxundu
Erkin Qədirli
Sosioloji araşdırmalarda və sorğularda ad qazanmış Gallup İnternational dünya ölkələrində dindarlığın dərəcəsini aydınlaşdırmağa çalışıb.
Burada ölkəmizin yerləşdiyi bölgənin xəritəsini ayrıca verirəm. Xəritədə rənglərin tündlüyü dindarlığın yüksək, açıqlığıysa dindarlığın aşağı dərəcədə olduğunu bildirir. Gördünüyünüz kimi, Azərbaycan ən açıq rənglə göstərilib.

Araşdırmanın nəticələrinə görə, Azərbaycan'da 34% özünü dindar adlandırıb. 54% dindar olmadığını, ya da ateist olduğunu deyib. 12% cavab verməyə çətinlik çəkdiyini söyləyib. Müqayisə üçün, qonşularımıza baxaq. Türkiyə'də 79%, İran'da 83%, Rusiya'da 70%, Gürcüstanda və Ermənistanda 93% özünü dindar adlandırıb. Xəzərin o biri tayındakı qonşularımızda durum belədir - Kazakistanda özünü dindar sayanlar 64%, Türkmənistanda 80%, Özbəkistanda 51% olmuşdurXəritədən gördüyünüz kimi, ölkəmiz bu bölgədə bir dünyəvilik adasıdır sanki. Bunun bəzi səbəbləri haqqında daha öncə də yazmışdım, bundan sonra (sistem problemlərini izah etməyə keçəndə) yenə yazacağam (başqa baxış bucağından).
Ümumiyyətlə, dünya üzrə, Azərbaycan, dindarlığı ən az olan ölkələrin ilk 20-liyinə daxildir (12-ci yeri tutur). Müqayisə üçün, bu göstəriciyə görə hətta Fransa kimi ölkədən üstünük. İlk 20-likdə diqqəti çəkən daha bir məqam var. Ölkəmiz orada yeganə müsəlman ölkəsidir, yeganə Türk ölkəsidir və yeganə post-sovet ölkəsidir.
Sözümü nəyə gətirirəm?
İqtidar Qərbi ölkəmizdəki "İslam təhlükəsi"lə qorxutmağa çalışır və bununla özünə dəstək ala bilir (Qərb siyasi çevrələrin stereotiplərində oynayır). Problem ondadır ki, bizim liberalların və solçuların xeylisi bu havaya girib, özlərini və başqa ölkələrdən olan tanışlarını bu hekayəylə qorxudur. Özlərini iqtidara qarşı qoymağa çalışsalar da, bu məsələdə eynən iqtidar kimi düşünürlər.
Sistem problemidir. Dəfələrlə demişəm, sözümün üstündə də dayanıram - Azərbaycanda siyasi İslam təhlükəsi yoxdur. Radikal dindar qruplar ola bilər, onlar ciddi problem yarada bilər, amma hakimiyyətə gələ biləcək gücdə olası deyillər. Odur ki, hər kəsə məsləhətim - siyasi düşüncələrinizdə bu qorxuları başınızdan atın.
Burada yazdıqlarım ölkəmizdə dünyəvilik üçün təhlükələrin olmadığı anlamına gəlmir. Təhlükələr, əlbəttə, var. Amma bu təhlükələr ölkəmizin içindən deyil, bayırından qaynaqlanır. Qonşularımızda olan proseslərə önəmli təsir göstərə bilmədiyimizdən, öz ölkəmizdə dünyəvi dayaqları daim gücləndirməliyik. Yerləşdirdiyim xəritə çox anlamları göstərə bilir.
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.












