Əvəz Zeynallı prokurorluğa çağırıldı

Əvəz Zeynallı prokurorluğa çağırıldı

26-01-2018 16:27 / Bu xəbər 1659 dəfə oxundu

"Xural" qəzetinin baş redaktoru və internet üzərindən yayımlanan "Qaynar qazan" verilişinin aparıcısı Əvəz Zeynallını Baş Prokurorluğa çağırıblar.

Bunu onun özü AzadlıqRadiosuna bildirib.

Ə.Zeynallının deməsinə görə, prokurorluğa çağırılması "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin "Qaynar qazan" proqramında yayımlanmış müsahibəsi ilə bağlıdır.

"Baş Prokurorluğun mətbuat xidmətindən Eldar Sultanov zəng edib məni saat 17:30-da dəvət etdi. Gedib nə istədiklərini öyrənəcəm", - Ə.Zeynallı bildirib.

Ə.Zeynallının vurğulamasına görə, sözügedən müsahibədə, əsasən, ölkədə yürüdülən media siyasətinə və M.Əliyevin həbs edilib buraxılması məsələsinə toxunulub. 

M.Əliyev hökuməti həbsinə, media ilə bağlı yürüdülən siyasətə görə sərt tənqid edib.

M.Əliyev ötən il avqustun 24-də vergidən yayınmada ittiham edilərək həbs olunub. 

Ancaq oktyabrın 11-də azadlığa buraxılıb. Onun üzərindən bütün ittihamlar götürülüb.

Baş Prokurorluqdan hələlik Ə.Zeynallının çağırılmasının səbəbini dəqiqləşdirmək mümkün olmayıb.

Ə.Zeynallı 2002-ci ildən "Xural" qəzetinin baş redaktorudur. 

O, Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib.

2013-cü il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın verdiyi hökmlə 9 il azadlıqdan məhrum edilib.

Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunub. 

Baş redaktor o zaman bütün ittihamları rədd etmişdi.

2014-cü il dekabrın 30-da prezidentin imzaladığı əfv sərəncamı əsasında azadlığa buraxılıb.