“Əvvəlki dövrlə müqayisədə dəyişən əsas məqam təqdimatdır” – Ekspert

“Əvvəlki dövrlə müqayisədə dəyişən əsas məqam təqdimatdır” – Ekspert

06-08-2019 15:58 / Bu xəbər 970 dəfə oxundu

"Vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1 faizə çatıb. Ümumilikdə, qeyri-neft sektoru üzrə daxilolmanın artım tempi 14,3 faiz təşkil edib”.

Bu sözləri vergilər naziri Mikayıl Cabbarov 31 iyulda Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə deyib.

Bu rəqəmlər vergi daxilolmalarında qeyri-neft sektorunun payının təxminən 5 bənd artması deməkdir.

Müşavirədə 6 ayın yekunlarına görə qeyri-neft vergilərinin məbləğinin mütləq ifadədə nə qədər artması ilə bağlı rəqəm səsləndirilməyib. 

Maliyyə Nazirliyinin yarımillik büdcə məlumatlarından isə görünür ki, Vergilər Nazirliyinin xəttilə daxilolmalar 250.3 milyon manat artıb. 

Məlumatda bu artımın 231 milyon manatının neft sektoru hesabına baş verdiyi qeyd edilib. Yəni bu ümumi məbləğin 93%-i deməkdir.

Qeyri-neft sektorundan vergi yığımları bütün vergi artımlarının cəmi 7.5%-ni təmin edib. Nazir Mikayıl Cabbarov isə artımın 14.3% olduğunu deyib.

Ötən ilin 6 ayına nisbətən cəmi 19 milyon manat və ya 0.8% artım olub. 

İqtisadçı Rövşən Ağayevə görə, belə məsələlərdə təqdimat çox önəmlidir: "Əvvəlki dövrlə müqayisədə dəyişən əsas məqam təqdimatdır. İşin nəticəsindən çox, təbliğat üçün təqdimata xüsusi diqqət yetirilir”.

İqtisadçı daha sonra gəlir vergisinə verilən güzəştlərdən danışıb: "Nəzərə alaq ki, güzəştin aid edildiyi qeyri-neft və qeyri-dövlət sektorundan son illər maksimum 200-300 milyon manat gəlir vergisi yığılıb. Yəni bu güzəştə görə, büdcə 6 ayda maksimum 100-150 milyon manat itirə bilərdi”.

Ekspert deyir ki, hökumət bunun əvəzində vergi yükünü artırdı və həmin itkini artıqlaması ilə kompensasiya edə biləcək addımlar atdı.
İqtisadçının nəzərdə tutduğu bu addımlar 5 növ məhsulun istehsalına görə ilk dəfə aksiz vergisi tətbiq edilməsi, 6 növ məhsulun istehsalına görə asksiz vergisinin yükü orta hesabla 2.5 dəfə artırılması və 10 istiqamət üzrə biznes fəaliyyətinin sadələşdirilmiş vergi ilə işləmək hüququnun dayandırılmasıdır.

Ekspert qeyd edir ki, bununla həmin biznes fəaliyyəti ilə məşğul olanların ƏDV və mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməsi üçün hüquqi zəmin yarandı. 

Sonda ekspert Dövlət Statistika Komitəsinə (DSK) sual ünvanlayıb. O deyib ki, əgər həqiqətən də vergi vasitəsilə leqallaşma baş verirsə, DSK milli hesablar statistikasında bunu hiss edirmi və nəticələri varmı?

meydan.tv