Gənc fəal özünümüdafiə məktəbi açır
02-03-2020 19:31 / Bu xəbər 982 dəfə oxundu
Gənc fəal Rəbiyyə Məmmədova qadınlar üçün özünümüdafiə məktəbi açmaq arzusundadır.
Bu barədə Toplum Tv-yə onun özü məlumat verib.
Rəbiyyə Məmmədova deyib ki, son illərdə qadınlara qarşı cinayət xarakterli hücumlar çoxalıb, eyni zamanda şiddət halları davam edir.
Bu məktəbi açmaqda da məqsədi qadınlara özünümüdafiə üsullarını öyrətməkdir.
Rəbiyyə Məmmədova taekvondo üzrə ölkə çempionu, ikinci Dan qara kəmərin sahibi və kikboksinq üzrə zona çempionudur.
"Qadınların güclü və iradəli olması üçün çalışacağıq. Məşq prosesimiz tək fiziki deyil, eyni zamanda onların psixoloji baxımdan da hazırlanmasına kömək edəcək", - fəal deyib.
Bu məqsədlə "gofundme.com” platformasında yeni kampaniya başlayib.
"Lahiyənin icrası üçün binaların iki aylıq icarə haqqını ödəmək və bəzi lazımi avadanlıqları almaq üçün müəyyən miqdarda pul lazımdır. Bu məbləğ 1600 ABŞ dollar edir", - Rəbiyyə Məmmədova problemlərdən də danışıb.
Gənc fəal ötən ilin sonunda keçirilən bələdiyyə və bu ilin fevralın 9-da baş tutan parlament seçkilərində də namizəd kimi iştirak edib.












