Generalın həbsi

Generalın həbsi

23-06-2022 00:09 / Bu xəbər 472 dəfə oxundu

İyunun 22-də bir çox media quruluşu gömrük xidməti general-mayoru Ehtiram Xəlilovun həbs edildiyini yayıb. 

Xəbərə görə, iyunun 20-də Dövlət Təhlükəsizliyi Xidmətinin tutduğu generala külli miqdarda rüşvət almaq və vəzifə səlahiyyətlərini aşmaq ittihamları irəli sürülüb. 

Səbail Rayon Məhkəməsinin onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçdiyi qeyd olunur.

"Novator.az" bildirir ki, Ehtiram Xəlilov 1965-ci ildə Göyçayın Bığır kəndində doğulub. 

1986-1997-ci illərdə daxili işlər orqanlarında xidmət edib. 

1997-ci ildən gömrük orqanlarında çalışıb, Bakı Baş Gömrük İdarəsində, Enerji Gömrük İdarəsində məsul vəzifələr tutub, Sumqayıt Baş Gömrük İdarəsinin, Aksiz Baş Gömrük İdarəsinin rəisi, "Azərterminalkompleks” Birliyinin direktoru olub.

2011-ci ildə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi alıb, 2007-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni, 2017-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.