Gilyotin
10-02-2023 13:28 / Bu xəbər 909 dəfə oxundu
Mehman Əliyev,
"Turan"ın direktoru
Medianın İnkişafı Agentliyi (MİA) media haqqında qanunun 74-cü maddəsinə əsasən KİV və jurnalistlərin reyestrində qeydiyyata alınmaq üçün bu quruma elektron qaydada müraciət edən fotoreportyor Əziz Kərimovun qeydiyyatından imtina edib.
MİA-da qeydiyyatdan imtinanı onunla əsaslandırıblar ki, Kərimovun KİV redaksiyasında ştatlı jurnalist kimi minimum üçillik iş stajı yoxdur, həm də fotoqraf jurnalist sayılmır.
Kərimov uzun illərdirdir fotojurnalistika ilə məşğuldur və fərdi sahibkar kimi Turan agentliyinin redaksiyası ilə müqaviləsi var, agentlikdə yerləşir, öz fotoməhsullarını onun işinə maraq göstərən hər kəsə satır. Kərimovun fotolarını dünya nəşrləri dərc edirlər.
Media haqqında qanunun 74.2.10-cu maddəsində həqiqətən göstərilir ki, jurnalist –frilanser (sərbəst işçi) üçillik iş stajı olduğu təqdirdə media reyestrində qeydiyyata alına bilər. Ancaq qanunda bu stajın redaksiyada işləyərkən hesablanmalı olduğu göstərilmir.
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev DOST-da (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) maraqlanıb: fərdi əmək fəaliyyətilə məşğul olan şəxslər üçün çalışdığı illərə görə staj hesablanırmı?
DOST-da cavab veriblər ki, 2006-cı ildən başlayaraq, əgər həmin şəxs Fonda sığorta haqları ödəyibsə, ona ödəniş etdiyi illərə görə staj hesablanır. Beləliklə, ilk suala aydınlıq gətirildi. MİA əsassız, qanuna zidd olaraq, səlahiyyətlərindən sui-istifadə edərək məcburi üçillik staj haqqında 74.2.10-cu maddədən istifadə edib Kərimovun qeydiyyatından imtina edib.
Keçək imtina ilə bağlı ikinci bəhanəyə - fotoqraf. MİA-də hesab edirlər ki, fotoqraf, videooperator jurnalist deyil, yəni yaradıcı əməkdaşlardır. Onları redaksiyaların texniki əməkdaşları hesab edirlər. Başqa KİV-lərdə də bu peşə sahiblərinin qeydiyyata alınmaması barədə məlumatlar var.
Jurnalistika fakültəsində mənim kursum foto işinin öyrənilməsini nəzərdə tuturdu. Bu fənn üzrə imtahan verdim və foto istehsalı jurnalistikanın ayrılmaz hissəsidir.
Vikipediyanın bu barədə geniş, o cümlədən jurnalist olmayan auditoriya üçün nə dediyinə baxaq:
Fotojurnalistika jurnalistikanın fotoqrafiyadan əsas ifadə vasitəsi kimi istifadə edən xüsusi formasıdır.
Fotojurnalistika fotoqrafiyanın əlaqəli janrlarından (sənədli fotoqrafiya, küçə fotoqrafiyası və məşhurluq fotoqrafiyası kimi) aşağıdakı xüsusiyyətlərə görə fərqlənir:
- Zaman - şəkillər hadisələrin inkişafının xronoloji kontekstində əhəmiyyətlidir.
- Obyektivlik - vəziyyət fotoşəkillərin dürüst olacağını və çəkilən hadisələri dəqiq əks etdirəcəyini nəzərdə tutur.
- Nəql etmək - çəkilişlər digər xəbər elementlərilə birlikdə oxucuya və ya tamaşaçıya məlumat verir, hadisələrin mahiyyəti barədə təsəvvür yaradır.
Və burada məlum olur ki, MİA fotoqraf terminindən sui-istifadə edərək onu jurnalistika kontekstindən çıxarır. Bəli, jurnalistika çərçivəsindən kənarda fəaliyyət göstərən fotoqraf, sadəcə, fotoqrafdır, məsələn, fotoatelyedə və ya bulvarda foto çəkən biri kimi. Yəni, statik foto çəkir, baxmayaraq ki, bu iş də fotoqrafiya obyektinə bədii baxış tələb edir. Jurnalistikadan kənar fotoqrafların xətrinə dəymək istəmirəm. Şəxsən mən onları yaradıcı peşənin daşıyıcıları kimi tanıyıram, amma indi söhbət jurnalistikadan gedir.
Hələ media haqqında qanunun qəbul olunduğu dövrdə biz narahatlığımızı ifadə etdik və xəbərdarlıq etdik ki, qanunun bir çox müddəalarında ziddiyyətlər, məntiq qanununun pozulması var, müxtəlif yozumlar üçün yer qoyur və beləliklə redaksiyaların və jurnalistlərin fəaliyyətinin əngəllənməsi üçün asanlıqla istifadə oluna bilər. Ümumiyyətlə, qanunun fəlsəfəsi bunu ifadə edir. Obrazlı olaraq, gilyotini xatırladır.
Ümumiyyətlə, kimsə izah edə bilərmi:
Frilanser kimi reyestrə daxil olmaq üçün niyə bir və ya beş, on il yox, üçillik iş stajına malik olmaq lazımdır?
Niyə redaksiyanın üç ildən az staja malik ştatlı jurnalisti redaksiyanın tərkibində reyestrdə qeydiyyata alınır? Axı, 74.2.10-cu maddənin məntiqinə görə (jurnalistika sahəsi üzrə 3 (üç) ildən az olmayaraq iş stajı olmalıdır) o, reyestrə daxil edilməməlidir.
Niyə hansısa redaksiyada üç il işləmədiyi üçün fərdi sahibkar statusu ilə jurnalistikayla məşğul olmaq istəyən şəxsin reportyor, fotoreportyor, video-operator vəzifələrini yerinə yetirmək hüququ yoxdur?
Mən bu sualları linotip - çap jurnalistikası əsrində vermirəm, multimedia əsrində verirəm, elə bir zamanda ki, informasiya istehsalı və yayılması sahəsində özünü ifadə etmək istəyən hər bir vətəndaş bunu heç kimdən soruşmadan edir, çünki texniki cəhətdən bunun mənası yoxdur, amma siyasi cəhətdən - bu hüquq ona Konstitusiyanın (dövlətin ali qanunu, bu da aşağıda göstərilən heç bir qanunu, o cümlədən media haqqında qanunu bloklaya bilməz) 51- ci maddəsilə verilib.
Madam, reyestr məsələsinə toxunduq, o zaman KİV və frilanserlərin leqallaşmasını əngəlləyən digər mübahisəli məsələyə keçək. Məsələn, redaksiyanın 20 müəllif materialının məcburi istehsalı, bu informasiyanın bir abzasdan və ya məqalədən ibarət olmasının , saatlarla, yoxsa günlərlə yazılmasının əhəmiyyəti yoxdur.
Niyə 20, 10 və ya 50 deyil? Niyə bu meyar üç jurnalisti olan redaksiyaya da, 70 jurnalisti olan redaksiyaya da eyni dərəcədə şamil edilir? Və ya dəyişiklik edib bir adam üçün norma tətbiq etmək olarmı, məsələn, bir və ya iki? O zaman daha ədalətli olacaq – birinci üzrə norma 6 informasiya, ikinci üzrə 140. Təsəvvür edirəm ki, birincilər bu cümləni oxuduqdan sonra sevinəcəklər, ikincilər isə kütləvi infarkt olacaqlar.
Ümumiyyətlə, media haqqında belə bir qanunu və onun əsas gilyotini kimi reyestri düşünən məmurlarımızın bu no-hau-nu başqa sahələrdə də tətbiq etməsi yaxşı olardı.
Polis-bu qədər cinayət işini araşdırsın, bu qədər cinayətkarı zərərsizləşdirsin.
Həkimlər-gün ərzində bu qədər xəstəni müayinə etsinlər, bu qədər əməliyyat aparsınlar.
Kənd təsərrüfatı istehsalçıları-bu qədər kartof əksinlər, bu qədər məhsul yığsınlar.
Deputatlar-gündə bu qədər sayda qanun müzakirə etsinlər və qəbul etsinlər.
Hamını peşə sexləri üzrə reyestrlərə daxil etsinlər və üzərinə öhdəlik qoysunlar.
Lakin ilk növbədə, aşağıdakı öhdəliklərlə - işsizliyə, inflyasiyaya, korrupsiyaya yol verməmək, pensiyaların, maaşların (dövlət qulluqçularına və deputatlara yox) məcburi illik artımı və s. ilə icra hakimiyyəti üçün belə bir reyestr yaratmaq lazımdır.
Reyestrin, bütövlükdə media haqqında qanunun problemləri haqda çox danışmaq olar. Artıq danışmışıq. Bizi eşitmədilər. Əziz Kərimova qayıdaq. Bu məqaləyə dair fotoda oxucu Əzizin onu yalnız statusuna görə deyil, fotojurnalistika sahəsindəki xidmətlərinə görə fotoreportyor kimi tanıyan müxtəlif yerli və beynəlxalq tədbirlərdən akkreditasiya beciklərini görə bilər.
Mən bu yazını yazdığım zaman Əziz Türkiyədə zəlzələ zonasında hadisə yerindən fotolarını çəkib yayır. MİA-nın onu fotojurnalist kimi rəsmən tanımaması vəziyyəti dəyişmir.
Gözünüzü açın, cənablar!