Havaya güllə atmaq

Havaya güllə atmaq

18-03-2020 14:47 / Bu xəbər 609 dəfə oxundu

Qubad İbadoğlu

Azərbaycan neftinin bir barreli 30 dollardan ucuzdur. 2020-ci ilin ilk iki ayında orta qiymət 60 dollar olub və indiki qiymət həmin göstəricidən iki dəfədən də aşağıdır. Görünür ki, bu da son hədd deyil, çox güman, koronavirusun aktiv olduğu yaxın gələcəkdə də xammal bazarında ucuzlaşma, səhm bazarında isə dəyərsizləşmə davam edəcək.

Hesablamalara görə, Azərbaycan neftinin orta qiyməti 40 dollardan aşağı olanda tədiyyə balansının cari hesabında kəsir yaranır. Bu o deməkdir ki, manatın məzənnəsini sabit saxlamaq üçün Dövlət Neft Fondunun bu il üçün satışını proqnozlaşdırdığı 6,8 milyard dollar bazarın tələbini ödəməyəcək. Çünki yalnız mart ayının 17 günündə valyuta bazarına 1,85 milyard dollar satışa çıxarılıb, həm Mərkəzi Bankın, həm də Neft Fonunun aktivləri azalmağa başlayıb.

Hələ bundan sonra da Mərkəzi Bankın valyuta ehtiyatları hesabına bazara əlavə valyuta çıxarılmalıdır ki, manat ABŞ dollarına nəzərən hazırkı məzənnəsində sabit qalsın. Valyuta bazarında artan tələbatın Neft Fondunun aktivləri və Mərkəzi Bankın ehtiyatları hesabına ödəmək, obrazlı desək, havaya güllə atmağa bənzəyir.

Hazırda valyuta və depozit bazarlarında baş verənlər pul-kredit siyasətinə bütün parametrlər üzrə mənfi təsir göstərir. Hələ ki, baş verənlərdən qazanan yoxdur, yeganə uduş odur ki, manatını dollara çevirənlər yığımlarının dəyərsizləşməsi riskindən sığortalana biliblər. Banklardakı manatla əmanətlərini geri çəkib bu əməliyyatı aparanların isə ziyanı yaranır. Çünki belələri əmanətlərə görə sabit və yüksək faiz gəlirlərinə malik olmayacaqlar. Eyni zamanda bu dəyişikliklər bəzi bankların bağlanmasına gətirib çıxaracaq.

Bütün bu baş verənlərə görə məsuliyyət isə hökumətin və Mərkəzi Bankın üzərinə düşür. Müstəqil iqtisadi, fiskal, pul-kredit siyasəti yürütməyimizdən 28 il ötməsinə baxmayaraq hələ də sovet dövründəki kimi inzibati tənzimləmə vasitələrindən və resurslarından istifadə edirik. 

Son 30 ilin ən böyük itkisi Azərbaycanın bazar iqtisadiyyatına keçidi başa çatdırmaması, azad bazar qüvvələrinin və sağlam rəqabət institutlarının iştirakı ilə özünütənzimləyən iqtisadi sistem qura bilməməsidir. Buna görə də hər zaman baş verən xarici şoklardan yaranan təsirlər Azərbaycan iqtisadiyyatının xərclərini artırır. Odur ki, manatın devalvasiyası qaçılmazdır, zamana bağlı məsələdir.
 
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.