Həbsdəki jurnalistin anası prokurorluqda dindirildi, reanimasiyaya düşdü

Həbsdəki jurnalistin anası prokurorluqda dindirildi, reanimasiyaya düşdü

24-06-2017 01:22 / Bu xəbər 1021 dəfə oxundu

İyunun 22-də həbsdəki jurnalist Əziz Orucovun (Qaraşoğlu) anası Almaz Həsənova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.

Bu haqda jurnalistin Avropada yaşayan qardaşı Anar Orucov məlumat verib.

A.Orucovun bildirdiyinə görə, anasını adıçəkilən idarədə müstəntiqlər Ramiq Babayev və Orxan Babayev 3 saat dindiriblər.

"Dindirmədən sonra anamı təcili tibbi yardımla xəstəxanaya aparıblar. Onu reanimasiyaya yerləşdiriblər”, – Anar Orucov bildirib.

Onun sözlərinə görə, anası 70 yaşındadır, bir müddət əvvəl isə insult keçirib.

Baş Prokurorluğun mətbuat xidmətində və Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən, hələlik, bu deyilənlərə münasibət almaq mümkün olmayıb.

Həbsdəki jurnalist Əziz Qaraşoğlunun həyat yoldaşı Lamiyə Orucova isə "Azadlıq Radiosu"na Almaz Həsənovanı xəstəxanaya yerləşdirdiklərini bildirib.

Arqument.Az