Həmməruzəçilər Azərbaycandan narazı gediblər

Həmməruzəçilər Azərbaycandan narazı gediblər

15-06-2023 00:33 / Bu xəbər 1218 dəfə oxundu

Onlar "Media haqqında” Qanunu dəyişməyə çağırıblar
 
3-7 iyun tarixlərində Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Yan Liddell-Qreyncer və Liz Kristoffersen bəyanat yayıblar.

Həmməruzəçilər xüsusən insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə edərək hökuməti "Media haqqında” Qanuna dəyişiklik etməyi çağırıblar: "Biz ifadə azadlığına qoyulan məhdudiyyətlərdən, xüsusən də bir sıra qeydiyyat tələbləri qoyan "Media haqqında” yeni qanunun medianın, jurnalistlərin və blogerlərin vəziyyətinə təsirindən narahatıq. Medianın "ictimai nəzarətçi” rolunu yerinə yetirməyə davam edə bilməsi üçün hakimiyyəti gecikmədən Venesiya Komissiyasının rəyinə uyğun olaraq qanuna düzəliş etməyə çağırırıq”.

Bu barədə "Turan” məlumat yayıb.

Birləşmə və toplaşma azadlığına qarşı məhdudiyyətlərin davam etməsindən narahatlıq ifadə edən həmməruzəçilər vətəndaş cəmiyyətinin olduqca məhdudlaşdırıcı mühitdə fəaliyyət göstərdiyini qeyd edib.

Siyasi motivli həbslər dayandırılmalıdır...

Həmməruzəçilər həmçinin siyasi motivli həbslərlə bağlı narahatlıqların qaldığını bildirib.

Onlar AŞPA-nın Azərbaycanda siyasi məhbuslar məsələsi ilə bağlı 2020-ci ildə qəbul etdiyi qətnaməsini və Avropa İnsan Hüquqları Məhkəməsinin müxalif siyasətçilərin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin və tənqidçi jurnalistlərin siyasi motivli həbsi ilə bağlı çıxardığı qərarları xatırladıblar.

Bəyanatda Azərbaycan hakimiyyətinə AİHM qərarlarını tam və təcili şəkildə icra etməklə bağlı yenidən çağırış edilib.

"Siyasi partiyalar haqqında” Qanun da dəyişdirilməlidir

Eyni zamanda, siyasi plüralizmə mane ola biləcək "Siyasi partiyalar haqqında” yeni qanunun da narahatlıq doğurduğu bildirilib və hakimiyyəti Venesiya Komissiyasının və ATƏT/DTİHB-nun tövsiyələrinə uyğun olaraq seçki sistemində islahatlar aparmağa çağırıblar.

Proporsional sistemə keçid planı təqdir edilib...

Digər tərəfdən, bəyanatda hökumətin parlamentdə majoritar sistemdən proporsional sistemə keçid planı təqdir edilib.

Məhkəmələr müstəqil olmalıdır...

Məhkəmələrin müstəqilliyinə gəlincə, həmməruzəçilər Milli Məclisin məhkəmə-hüquq sistemində islahatların aparılması ilə bağlı qanun layihəsi üzərində işlənilməsini alqışlayıblar.

Amma Avropa Şurasının müvafiq orqanlarının tövsiyələrinin nəzərə alınmasının zəruriliyi də bəyanatda vurğulanıb.

Azərbaycan-Ermənistan münaqişəsinə toxunan həmməruzəçilər iki ölkə arasında sülh sazişi istiqamətində son irəliləyişləri alqışlayaraq hər iki tərəfi danışıqları intensivləşdirməyə çağırıb.

"Laçın dəhlizindəki vəziyyətə gəlincə, biz əvvəlki bəyanatlara, Avropa İnsan Hüquqları Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarına və Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarına uyğun olaraq hərəkət azadlığının təmin edilməsinin zəruriliyini vurğulayırıq. Biz, həmçinin Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin 2025-ci ilin noyabrından gec olmayaraq ərazidən çıxacağına ümid edirik”, – deyə həmməruzəçilər əlavə edib.

Bir neçə məhbusa baş çəkmək istəyiblər, amma görüşə icazə verilməyib...

"Turan” yazıb ki, həmməruzəçilər Vəkillər Kollegiyasının, vətəndaş cəmiyyəti və müxalif siyasi partiyaların nümayəndələri və siyasi məhbusların yaxınları ilə görüşlər keçiriblər: "Həmməruzəçilər siyasi motivlərlə həbs edildiyi iddia edilən bir neçə məhbusa baş çəkmək üçün müraciət etsələr də, görüşə icazə verilməyib”.